Məhkəmə qərarları › İş №2(044)-88/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-88/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-88/2021 20.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-ti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 8931.13 manat, faiz borcu üzrə 1099.59 manat, cərimə 5522.41 manat, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1314.40 manat, cəmi 16867.53 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, tutmanın Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 20 A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin 0.0176 ha torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada isra edilməsi, Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətlərində olan Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 20 A saylı fərdi yaşayış evinə 0.0176 ha torpaq sahəsi ilə birlikdə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, torpaq sahəsi ilə birlikdə 20 A saylı fərdi yaşayış evinə istifadə hüquqları itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətlərində olan Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 20 A saylı fərdi yaşayış evinə 0.0176 ha torpaq sahəsi ilə birlikdə banka ipoteka qoyulmuşdur. Hazırda cavabdehin banka cəmi 16867.53 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər banka olan borcu vaxtında ödəməmişlər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi onun və Cavabdeh2 birgə mülkiyyətlərində olan Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 20 A saylı fərdi yaşayış evi 0.0176 ha torpaq sahəsi ilə birlikdə banka ipoteka qoyulmuşdur. O, ilk aylar banka ödənişlər etmiş, lakin sonradan maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. Hazırda ləğv prosesində olan İddiaçı ASC-ti tərəfindən verilmiş iddia ərizəsi əsassızdır və iddia müddəti ötürülmüşdür. Məhkəmədən iddia müddətinin tətbiq olunmaqla iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, xx.xx.2013-cü il tarixli 013/13 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli 013/13 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 verilmiş kreditin təmini kimi Cavabdeh1 və Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 20 A saylı fərdi yaşayış evi 0.0176 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2013-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 20 A saylı fərdi yaşayış evi 0.0176 ha torpaq sahəsi ilə birlikdə “xxxx” ASC-nin Gəncə filialının hesabına ipoteka ilə yüklü edilmişdir. xx.xx.2020-ci il tarixli Ç-249 saylı “xxxx” MMC-nin qiymətləndirmə hesabatından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 5-ci döngədə, ümumi birgə mülkiyyətdə olan 0.0176 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 58.0 m2 ümumi, 30.0 m2 yaşayış, 28.0 m2 yardımçı sahədən ibarət 20 A saylı fərdi yaşayış evinin hazırkı bazar dəyəri 28000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2008-ci il tarixli Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə) qeyd edilir ki, MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.” İşin hallarından görünür ki, cavabdeh mübahisəyə iddia müddətinin tətbiq olunmasına dair məhkəməyə ərizə vermişdir. Mülki iş materialları ilə müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi kredit müqaviləsi xx.xx.2013-cü il tarixdə 36 ay müddətinə bağlanmışdır. Mübahisə müqavilə öhdəliklərindən əmələ gəldiyindən ona 3 illik iddia müddəti tətbiq olunmalıdır. Göründüyü kimi iddiaçı iddia müddətini ötürmüşdür. İş məhkəmədə araşdırılarkən iddiaçı müddətin üzürlü səbəblərdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddia müddətinin ötürülməsi məhkəmə tərəfindən iddianın rədd edilməsi üçün əsas hesab edilir. Belə ki, iddiaçı tərəfindən nümayəndəsinin vermiş olduğu izahatdan, eləcə də iş üzrə təqdim etdiyi sənədlərdən müəyyən edilidi ki, iddiaçı bank artıq kredit müqaviləsi üzrə öz hüquqlarının pozulduğunu bilirdi və həmin müqaviləyə əsasən öz hüquqlarından istifadə edə bilərdi. Qeyd olunanlarla bağlı iddiaçının nümayəndəsinin izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman quvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Bu mənada məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqi məsələlərinə münasibət bildirilərkən ilk növbədə mübahisəli hüquq münasbətlərinin yarandığı vaxta xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə də, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinin tələbinə görə də, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 373.2-ci və 373.3-cü maddələrinin tələblərinə görə müqavilə tələbləri üzrə, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunan Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı». İş üzrə toplanmış sənədlər ilə təsdiq olunur ki, cavabdeh tərəf iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin normannı aydınlaşdıran Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxx 2008-ci il tarixli qərarında göstərmişdir ki, «Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir, 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir, 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Daha sonra Konstitusiya Məhkəməsi qeyd edir ki, «Məsələni adınlaşdırmaq üçün nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi – hüquq tələbidir. Maddi – hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prosessual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər». Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, hazırkı iddia tələbini irəli sürmək üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur, lakin məhkəmə hesab edir ki, qeyd olunan haldan asılı olmayaraq, iddiaçı öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu halda iddia tələbi ilə məhkəməyə müraciət etməmiş və bu səbəbdən də kredit borcunun ödənilməsi barədə tələbin irəli sürülməsi ücün iddia müddətini ötürdüyündən əsas öhdəlik üzrə və əlavə tələblər üzrə iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən olunan iddia müddəti açıq-aşkar ötürüldüyündən iddiaçi ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar