Məhkəmə qərarları › İş №2(044)-965/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(044)-965/2022

29.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-965/2022 29.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, daşınmaz əşyanın təhvil verilməsi tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Nizami rayonu, Fətəli xan Xoyski, Nizami, X1 (indiki Heydər Əliyev) və İsrafil Məmmədov küçələrinin əhatəsində inşa edilən yeni 1 bloklu 13 mərtəbəli yaşayış binasının giriş A blokunda, 11-ci mərtəbədə, ümumi sahəsi 155,4 kv.m. olan, 4 otaqlı, A 11-3 saylı mənzilə dair 18 oktyabr 2019-cu il tarixli müqavilə üzrə öhdəliyin icra edilməsinin Cavabdeh MTK–nın üzərinə qoyulmasına, həmin mənzilin ona təhvil verilməklə sahiblik və istifadəsinə verilməsinə, həmçinin ödənilmiş 110 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə (Cavabdeh MTK) 18 oktyabr 2019-cu il tarixdə Gəncə şəhəri, Nizami rayonu, Fətəli xan Xoyski, X2 Xətai (indiki Heydər Əliyev) və İsrafil Məmmədov küçələrinin əhatəsində inşa olunan 1 girişli, 13 mərtəbəli yaşayış evinin giriş A blokunda, 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 155,4 kv.m olan, 4 otaqdan ibarət A11-3 saylı mənzilin alqı-satqısına dair müqavilə bağlayaraq, kooperarivin üzvü olmuş, həmin binanın inşa edilməsinə dair Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən verilən 171 saylı, 22 avqust 2022-ci il tarixli sərəncamda göstərilir ki, binanın tikintisi Nizami rayonu ərazisinə düşür və tikinti təşkilatı torpağa dair Nizami rayon Bələdiyyəsi ilə müqavilə imzalamalıdır. Həmçinin həmin binanın tikintisi ilə məşğul olan "xxxx" MMC tərəfindən verilən arayışdan görünür ki, Fətəli xan Xoyski, Nizami, X1 (indiki Heydər Əliyev) və İsrafil Məmmədov küçələrinin əhatəsi Nizami rayonudur. 18 oktyabr 2019-cu il tarixli müqavilədə Cavabdeh MTK "xxxx", İddiaçı isə “Payçı” adlandırılmışdır. Müqavilənin 2.2 bəndində göstərilmişdir ki, mənzilin ümumi dəyəri, yəni pay haqqında tam məbləği 132090 manat təşkil edir. Müqavilənin 2.3 bəndində göstərilmişdir ki, mənzilin bu müqavilədə müəyyən edilmiş ümumi dəyəri “Payçı” tərəfindən tam ödənildikdə, "xxxx" “Payçı”ya mənzilin ümumi dəyərinin (pay haqqında) tam təsdiqləyən müvafiq sənəd (maliyyə arayışı) təqdim edilməlidir. Müqavilənin 3.1 bəndində göstərilmişdir ki, Kooperativ tikinti-quraşdırma işlərini layihə sənədlərinə və Dövlət Tikinti komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirir və təmirsiz şəkildə mənzili “Payçı”ya təqdim etməlidir. Müqavilənin şərtlərinə uyğun olaraq mənzilin sahəsinin dəyərini tam ödəmiş və ona Cavabdeh MTK tərəfindən maliyyə arayışı verilmişdir. Həmin 04 saylı, 18 oktyabr 2019-cu il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh MTK tərəfindən (VÖEN **********) Gəncə şəhəri, Nizami rayonu, Fətəli xan Xoyski, Nizami, X1 (indiki Heydər Əliyev) və İsrafil Məmmədov küçələrinin əhatəsində inşa olunmuç 1 bloklu, 13 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 155,4 kv.m təşkil edən mənzilin dəyəri tam həcmdə ödənilmişdir, İddiaçı Cavabdeh MTK-ya borcu yoxdur. Göstərilənlərə baxmayaraq 2022-ci ilin yanvar ayında məlumatı olmuşdur ki, onun mənzili başqasına satılmış, mənzilinə baxış zaman müəyyən etmişdir ki, həmin mənzildə üçüncü şəxs tərindən təmir işləri aparılır. O, dərhal buna etiraz etmiş və təmir işlərinin dayandırılmasını, onun mənzilinin ona təhvil verilməsini tələb etmiş, lakin göstərilənlərə baxmayaraq sonuncunun qanuni tələbi icra edilməmişdir. Ona görə də o, məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda o, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Mülki iş materiallarında olan: - İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri Mustafayev Elnur Ağavəkil oğlu arasında bağlanmış 18 oktyabr 2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" (Gəncə Park MTK) Gəncə şəhəri, keçmiş X1 küçəsi indiki Heydər Əliyev prospekti 147 saylı ünvanda inşa olunan 1 girişli, 13 mərtəbəli yaşayış evinin giriş A, blokunda 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 155,4 m2 olan 4 otaqdan ibarət A11-3 saylı mənzilin Müqavilə imzalandığı tarixdən etibarən 18 ay müddətinə “Payçı” ya (İddiaçı) verilməsini, “Payçı” isə bu Müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdələrinə götürmüşlər. Həmin müqaviləyə əsasən təhvil veriləcək mənzilin sahəsinin hər kvadrat metriinin qiyməti ƏDV daxil olmaqla 850 manat, mənzilin ümumi dəyəri, pay haqqının tam məbləği 132090 manat təşkil edir. Həmin müqaviləyə əsasən mənzilin bu Müqavilədə müəyyən edilmiş ümumi dəyəri “Payçı” tərəfindən tam ödənildikdə "xxxx" “Payçı”ya mənzilin ümumi dəyərinin (pay haqqının) tam ödənilməsini təsdiqləyən müvafiq sənəd (Maliyyə arayışı) təqdim etməlidir. - xx.xx.2019-cu il tarixli № 04 saylı maliyyə arayışından görünür ki, Cavabdeh MTK tərəfindən (VÖEN:**********), Gəncə şəhəri keçmiş X1 küçəsi (indiki Heydə\r Əliyev prospekti) 147 ünvanında inşa olunmuş 1 bloklu, 13 mərtəbəli, yaşayış binasının 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 155,4 kv m. Təşkil edən mənzilin dəyəri tam həcmdə ödənilmişdir. Alıcı İddiaçı Gəncə Park MTK-nə borcu yoxdur. - Caspıan Service İnternational Construction Companynin CS-29 saylı 01 mart 222ci il tarixli arayışından görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 171 saylı, 22 avqust 2006-cı il tarixli sərancamı əsasənda "xxxx" MMC tərəfindən tikintisi başlanılmış, sonradan isə müqavilə ilə Cavabdeh MTK-ya ötürülmüş bir blokli, 13-mərtəbəli yaşayış binası Fətəli xan Xoyski, Nizami, X1 (indiki Heydər Əliyev) və İsrafil Məmmədov küçələrinin əhatəsində olmaqla Nizami rayonu ərzisinə düşür. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyi üçün məhkəmə iddiaçının təqdim etdiyi sübutlara istinad etmişdir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır. Çünki Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən iddiaçı cavabdeh MTK-ya üzv olaraq pay haqqını, aralarında bağlanmış müqavilədə şərtlərşdirilmiş məbləğdə tam şəkildə ödədiyi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Bundan başqa həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən iddiaçının MTK-ya üzvlüyü onun yaşayış sahəsinə sahiblik və ondan istifadə etməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. - 109.2-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. - 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. - 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. - 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. - 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Həmçinin Cavabdeh MTK tərəfindən İddiaçı təqdim edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından məlum olur ki, iddiaçı ona ayrılmış mənzilin dəyərini tam şəkildə ödəyərək xx.xx.2019-cu il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirmiş, lakin cavabdeh öz öhdəliyini icra etməmişdir. İddiaçı öhdəliyin qarşılıqlı icrasını həyata keçirdiyi üçün cavabdeh də öz öhdəliyini icra etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. - 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. - 441.4-cü maddəsinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Beləliklə, işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Gəncə şəhəri, Nizami rayonu, Fətəli xan Xoyski, Nizami, X1 (indiki Heydər Əliyev) və İsrafil Məmmədov küçələrinin əhatəsində inşa edilən yeni 1 bloklu 13 mərtəbəli yaşayış binasının giriş A blokunda, 11-ci mərtəbədə, ümumi sahəsi 155,4 kv.m. olan, 4 otaqlı, A 11-3 saylı mənzil dair 18 oktyabr 2019-cu il tarixli müqavilə üzrə öhdəliyin icra edilməsi Cavabdeh MTK–nın üzərinə qoyulmalı, həmin mənzil İddiaçı təhvil verilməklə sahiblik və istifadəsinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Gəncə şəhəri, Nizami rayonu, Fətəli xan Xoyski, Nizami, X1 (indiki Heydər Əliyev) və İsrafil Məmmədov küçələrinin əhatəsində inşa edilən yeni 1 bloklu 13 mərtəbəli yaşayış binasının giriş A blokunda, 11-ci mərtəbədə, ümumi sahəsi 155,4 kv.m. olan, 4 otaqlı, A 11-3 saylı mənzil dair 18 oktyabr 2019-cu il tarixli müqavilə üzrə öhdəliyin icra edilməsi Cavabdeh MTK–nın üzərinə qoyulsun, həmin mənzil İddiaçı təhvil verilməklə sahiblik və istifadəsinə verilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh MTK–dan tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar