Məhkəmə qərarları › İş №2(044)-967/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-967/2022

07.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-967/2022 07.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "qızıl-zinət əşyaları" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraicət edərək, Cavabdeh ona məxsus dəyəri 1200 manat olan brilliyant qaşlı 585 əyyarlı çəkisi 16 qr. olan sırğa, üzük dəsti və dəyəri 700 manat olan 585 əyyarlı, çəkisi 11 qr. olan sırğa üzük dəsti cəmi 1900 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların dəyərinin, ödənilmiş 40 manat məbləğində dövlət rüsumu, həmçinin mediasiya xərci kimi ödənilmiş 50 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmişdır ki, o, Cavabdeh ilə 19 aprel 2008-ci ildə ailə qurmuşdur. Hər ikisinin ikinci evliliyi olduğundan onu 10-15 nəfərlə gəlib yaşadıqları Samux rayonu Alıncanlı kəndinə cavabdehin ata evinə aparmışlar. Gəlin köçərkən ata evində ona 1 dəst brilliant qaşlı üzük-sırğa dəsti hədiyyə edib taxmışlar. Cavabdehin atası evində bir qədər qaldıqdan sonra qaynanası ilə onun arasında narazılıqlar yaranmış və cavabdehlə Gəncə şəhərində onun atası evində yaşamaq qərarına gəlmişlər. 12 il müddətində faktiki olaraq birgə Gəncə şəhərində onun ata evində anası ilə birlikdə yaşamışlar. Lakin nikahları rəsmi qeyd edilməmişdir. Hər dəfə cavabdeh nikahlarının rəsmiləşdirilməsinə söz versə də, müxtəlif bəhanələrlə bu məsələni qəsdən sonraya saxlamışdır. Birgə faktiki ailə münasibətlərindən bir uşaq-11 fevral 2011-ci il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdeh uşağın atası olmasını etiraf etdiyindən bu barədə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsindən atalığın müəyyən edilməsi və doğum haqqında şəhadətnamələr verilmişdir. Birgə yaşadıqları dövrdə cavabdeh 6 dəfə avtomaşın alıb sataraq daha da yaxşısını almış və hər dəfə onun qızıllarını girov qoyub pul götürmək adı ilə əlindən almışdır. Onun yanından gedəndə Şevrolet Malibu markalı ** DR *** dövlət nömrə nişanlı avtomaşını ilə getmişdir. O, ev təmiri ilə məşğul olurdu. 2016-cı ilin sonunda cavabdeh ona aldıqları qızıl brilliant qaşlı komplektini girov qoyub pul götürmək üçün əlindən almış, lakin indiyə kimi həmin komplektini qaytarmamışdır. Bundan sonra cavabdeh ona əmisi oğlunun toy mərasiminə taxması üçün qızıldan fianit qaşlı üzük sırğa dəsti alıb gətirmiş, lakin o, fianit qaşlı qızıl-zinət istəmədiyini, ona öz briliant qaşlı dəstini qaytarmasını bildirmişdir. Bu zaman cavabdeh ona məxsus olan həmin qızıl-zinət əşyasını satdığını, fianit qaşlı dəsti isə ona sürpriz olaraq aldığını bildirdi. Həmin dəstin əvəzinə ona daha yaxşı dəst alacağına dair söz vermişdir. Təxminən 2019-cu ilin qışında cavabdeh ondan xəbərsiz həmin komplektini də götürüb evdən aparmış və sonra ona bildirmişdirki, borcunu ödəyib tez bir zamanda qızılları geri qaytaracaqdır. Lakin, sonra ona məlum olmuşdur ki, cavabdeh onu aldatmış, 2 dəst brilliant və fianit qaşlı dəstləri ya aldadaraq əlindən alıb, ya da xəbərsiz götürərək satıb ondan gizlincə tikdirdiyi evə xərcləmişdir. Cavabdeh onun qızıl əşyalarını planlı sürətdə əlindən almışdır. 2020-ci ilin avqust ayında ondan qızıllarını qaytarmağı tələb etdikdə o, evdən çıxıb getmiş və bir daha geri qayıtmamışdır. O tək qadındır, öhdəsində bir uşağı var. Qızıl-zinət əşyaları almağa imkanı yoxdur. Birlikdə yaşadıqları andan anası pensiyasını da onlara xərcləyərək kömək etmişdir ki, gələcəkləri üçün pul toplasınlar. İndi başa düşmüşdür ki, onlar evləndikdən sonra aldığı maşınları onunla bölməmək üçün cavabdeh onunla nikah qeyd etdirməmişdir. Cavabdehlə nikahları qeyd edilmədiyindən o, birgə yaşayış dövründə əldə etdikləri əmlakın (maşınları) bölünməsini tələb edə bilmir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iddia ərizəsini müdafiə etdiklərini bildirdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz ünvanlayaraq iddianı qəbul etmədiyini qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı ona qarşı qaldırdığı qızıl-zinət əşyaları tələbi barədə iddiası şər böhtandan ibarətdir. Əgər bu iddianın cüzi də olsa həqiqət payı olsa idi, o heç şübhəsiz ki, iddianı qəbul edərdi. Çünki qeyri-rəsmi də olsa bir müddət birlikdə yaşamışlar və həmin yaşayışdan övladı var. İddiaçı əvvəl başqa şəxslə evli olmuş, həmçinin o da əvvəllər ailəli olmuşdur. İddiaçı ilə toy mərasimləri olmamışdır. Birmənalı şəkildə bildirir ki, iddiaçının iddiası onun uşaqla ünsiyyətdən əl çəkmədiyi və iddiaçı ilə də yaşamaq istəmədiyi üçün qisas hissindən doğan tamamilə böhtan və şər xarakterli iddiadır. Onlar ilk tanış olan vaxtlar onun maddi vəziyyəti ona qızıl almaq üçün münasib deyildi. Qazancı az olmuş, onu da evə xərcləmişdir. Daha sonralar onun israrlı tələbləri qarşısında cəmi bircə dəfə ona qızıl zinət əşyası almaq istəmişdir, onda da təklif etdiyi qızıl zinət əşyası ucuz olduğu üçün iddiaçı imtina etmişdir. İddiaçı ondan briliant qaşlı bahalı bir qızıl zinət əşyası almağını tələb edirdi. Lakin o həm dolanışıqları üçün, həm də ev əşyaları almaq üçün üst-üstə xeyli vəsait sərf etdiyindən əlavə pul yığması qeyri-mümkün idi. Bu səbəbdən iddiaçının tələbinə uyğun bahalı nəsə almağa imkanı yox idi. Beləliklə də ona zinət əşyası ala bilməmişdir. İddia ərizəsində yazılanlar məhkəməni yanıltmaq üçün məqsədli şəkildə düşünülmüş, uydurulmuş sözlərdir. Onlar birlikdə onun valideynlərinə məxsus evdə bir müddət yaşamışlar. Onlar onu həmin evə qeydiyyata da salmışlar. Məqsədlərini daha sonra onlar ona evi əsaslı təmir etməli olmağını deyəndə anlamışdır. Lakin düşündü ki, birlikdə bu mənzildə yaşayırlarsa, onda həmin mənzilə vəsait xərcləməsi doğru bir addım olar. İddiaçının israrlı xahişləri ilə o, razılaşaraq qazandığını ünvan 1 ünvanda yerləşən həmin evin təmirinə xərcləməyə başlamışdır. İddiaçının çox tünd xasiyyəti var. Çox əsəbi və tələbkar olduğu üçün onu bezdirirdi. Əvvəllər belə etməsə də, tədricən onun dominantlıq etmək istəyi üzə çıxdı. Bu təzyiqlərə tab gətirmək çətin idi. İddiaçının mənzilində yaşadıqları üçün onunla onun kobud hərəkətlərinə uyğun davrana bilmirdi. Ona görə də getdikcə o daha da sərtləşirdi. Ona yaşadılan bu daxili sarsıntılardan infarkt keçirmişdir. Yaxın qohumlarının maddi dəstəyi ilə əməliyyat olunmuş və ürəyinə 3 ədəd stend qoyulmuşdur. Bir müddət ümumiyyətlə işləyə bilməmişdir. Lakin daha sonra övladı üçün özünü doğrultmuş və yenidən işləməyə başlamışdır. Bir əli evin dolanışığına, bir əli də evin təmirinə işləyirdi. Evə üst-üstə 20-22 min manat civarında pul vəsaiti xərcləmişdir. Lakin hələlik bu pulu onlardan tələb etmir. Çünki oğlu o evdə yaşayır. Lakin məsələ burasındadır ki, iddiaçı ondan ayrıldığına görə onunla düşmənçilik aparır. Ancaq onun başqa yolu yox idi. Ya onunla birlikdə qalıb stress və gərgin həyat nəticəsində ikinci dəfə infarkt olub ölməli idi, ya da o evdən çıxmalı idi. İddiaçı bu iddia ilə ona əsəb gərginliyi yaşatmaq, qisas almaq istəyir. İddia ərizəsini hər dəfə oxuyanda, hər dəfə kiminləsə bu məsələ barəsində danışanda çox sarsılır, iddiaçıya və onun qohumlarına etdiyi yaxşılıqların müqabilində iddiaçının ona qarşı etdiyi bu haqsızlığa dözə bilmir. Odur ki, iddiaçının iddiası və onun tərəfindən təqdim edilmiş qızıl-zinət əşyaları barədə mütəxəssis rəyi ilə razı deyil, iddiaçının iddiası əsassız və böhtan xarakterli olduğu üçün ona qətiyyətlə etiraz edir və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Elnur bacısının ikinci əri olmuşdur, onlar ayrılandan sonra münasibətləri kəsilmişdir. Elnurun bacısına gəlin köçərkən hədiyyə aldığı briliant qaşlı 2 sırğa 1 üzükdən ibarət dəst qızıl zinət əşyasını Elnurun xalası qızı tərəfindən bacısına taxıldığının şahidi olmuşdur. Sırğa üzük dəsti formaca səkkiz rəqəminə oxşayırdı. Həmçinin bacısının yarpağa bənzər qızıl dəsti də tez-tez istifadə edərək taxmasını görmüşdür. Sonradan Elnurun qızıl zinət əşyalarını satdığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, o, İddiaçı bacısıdır. Elnurun bacısına gəlin köçərkən hədiyyə aldığı briliant qaşlı 2 sırğa 1 üzükdən ibarət dəst qızıl zinət əşyasını Elnurun xalası qızının bacısına taxdığını və bacısının həmin qızıldan başqa 1 dənə də dəst komplektinin olduğunu görmüşdür. Sonradan Elnurun qızıl zinət əşyalarını satdığını eşitmişdir. İş materiallarında olan GS-KREDO MMC qızıl-zinət əşyalarının qiymətləndirilməsi mütəxəssisi X8 tərəfindən verilmiş rəydən görünür ki, 1 ədəd 585 əyyarlı qızıldan hazırlanmış, ümumilikdə 11 qram çəkidə olan, yarpaq formalı, üzük sırğa dəsti-700 manat, 1 ədəd 585 əyyarlı qızıldan hazırlanmış, 16 qram çəkidə olan, üzəri brilliant qaşlarla bəzədilmiş üzük sırğa dəsti -1200 manat dəyərində olan qızıl-zinət əşyaları təqdim olunmuş fotoşəkillər, çəkisi və əyyarı barədə məlumatlar əsasında hal-hazırki dövrdə orta bazar qiymətlərinə uyğun şəkildə qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş 18.09.2017-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 11 fevral 2011-ci il tarixdə Göygöl rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 11.03.2011-ci il tarixdə 440 № ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.09.2017-ci il tarixli AZ-İ 246928 saylı atalığın müəyyən edilməsi haqqında şahadətnamənin surətindən görünür ki, Cavabdeh 11.02.2011-ci il təvəllüdlü X2 atası müəyyən edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21.09.2020-ci il tarixli, 2(044)-2349/2020 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 18.08.2020-ci il tarixdən başlayaraq 11.02.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh iddiaçıya məxsus qızılzinət əşyalarını könüllü olaraq iddiaçıya qaytarmamışdır. Cavabdeh iddiaçıya heç bir qızıl zinət əşyalarını almadığını bildirsə də, bunu təsdiq edə biləcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə isə iddiaçının izahatını daha səmimi qəbul edir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər faktiki olaraq ailə həyatı qurmuş və həmin evlilikdən bir uşaqları anadan olmuşdur. Belə olan halda cavabdehin ailə həyatı qurduğu iddiaçıya hər hansı qızıl zinət əşyası almasını məhkəmə daha inandırıcı hesab edir. Digər tərəfdən isə məhkəmə iclasında dindirilən şahidlər iddiaçının bacıları olsa da, məhkəmə həmin şahidlərin ifadələrini də inandırıcı hesab edir. Ona görə də məhkəmə iddia tələbinin təmin olunması qənaətinə gəlir. İddiaçı həmin əşyalar üzərində mülkiyyət hüququnun bərpa edilməsi və əmlakın qanunsuz sahiblikdən geri qaytarılması ilə əlaqədar məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə görə daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.2-ci maddəsinin tələbinə görə əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi sahib kimi qala bilər, mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı məxsus dəyəri 1200 manat olan brilliant qaşlı 585 əyyarlı çəkisi 16 qr. olan sırğa üzük dəsti, dəyəri 700 manat olan 585 əyyarlı, çəkisi 11 qr. olan sırğa üzük dəsti, cəmi 1900 manat dəyərində qızıl-zinət əşyaları və ya qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə onların dəyəri alınaraq İddiaçı verilməlidir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sesiyasında iştirak etmək üçün 50 manat pul ödənilmiş və cavabdeh üzrsüz səbəbdən mediasiya sesiyasında iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilən xərc məhkəmə xərcinə aid edilməli, iddiaçı tərəfindən ilkin mediasiya sesiyasında iştirak etmək üçün ödənilmiş 50 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus dəyəri 1200 manat olan brilliant qaşlı 585 əyyarlı çəkisi 16 qr. olan sırğa üzük dəsti, dəyəri 700 manat olan 585 əyyarlı, çəkisi 11 qr. olan sırğa üzük dəsti, cəmi 1900 manat dəyərində qızıl-zinət əşyaları və ya qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə onların dəyəri, dövlət rüsumu kimi ödənilmiş 40 manat və ilkin mediasiya sessiyasında iştirak etmək üçün ödənilmiş 50 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar