Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-128/2023 11.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X23 qızının katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, X6, X9 və X12 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, X13, X15 və X16 qarşı “əkilib becərilmiş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə edilən müdaxiləyə son qoyulması və dəymiş ziyan” tələbinə dair mülki iş üzrə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, X13, X15 və X10 torpaq və örüş sahəsinə vurduqları ziyan qarşılığında 11666 (on bir min altı yüz altmış altı) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 130 manat rüsumun alınaraq ona verilməsi, cavabdehlərin onun istifadəsində olan 30,77 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə cavabdehlər tərəfindən edilən müdaxiləyə son qoyulması və barələrində cinayət işinin açılması üçün hüquq mühafizə orqanlarına göstəriş verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, iddiaçı olaraq Goranboy rayonu Qızılhacılı qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışında olduğu kimi, Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən 30,77 ha torpaq sahəsi 2034-cü il 18 oktyabr tarixinədək onun icarəsindədir. Cavabdehlər olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X13, X15 və X19 uzun müddətə onun icarəsində olan 30 hektar bələdiyyə sahəsindən biçilmiş günəbaxan və müxtəlif alaq və ot bitkilərini xeyli miqdarda mənimsəmişlər. Həmin torpaq ərazisində ona aid biçilmiş günəbaxan bitkisini və torpaq sahəsində yetişən digər ot alaq məhsullarını özlərinə və digər kənd əhalisinə məxsus iri və xırda buynuzlu heyvanların örüş sahəsinə çevirmiş və mütəmadi olaraq həmin torpaq va örüş sahəsindən qanunsuz formada yararalanaraq, örüş sahəsi kimi istifadə etməkdədirlər. Bələdiyyənin mülkiyyətində olan və icarə müqaviləsi əsasında onun istifadəsində olan 30 hektarlıq ərzidən ciddi formada iri məbləğdə maddi ziyan vurmuşlar və hal-hazırda da həmin örüş sahəsini mənimsəməyə davam edirlər. Bütün bu özbaşınalıqların qarşısının alınması və ona dəymiş maddi ziyanın ödənilməsi üçün məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Həmçinin ən əsası olaraq qeyd edir ki, cavabdehlərin onun icarəsində olan bələdiyyə torpaq və örüş sahəsinə vurduqları ziyan barədə qanuni formada X1 haqqında rəyini almış və həmin rəydə açıq aydın qeyd olunmuşdur ki, ona dəymiş ziyanın məbləği 11666 (on bir min yüz altmış altı) manatdır. Bundan əlavə Goranboy rayonu Qızılhacılı qəsəbəsinin X2, Bələdiyyə torpağının istifadəçisi olaraq onun, yəni İddiaçı, X3 uzun müddət həmin ərazilərdə çoban kimi çalışan X8 və Goranboy rayonun Aşağı Ballıqaya kənd sakini X4 iştirakı ilə 27 avqust 2022-ci il də akt tərtib edilmiş və həmin akta əsasən sözügedən torpaq sahəsinin hər bir sot (100m.kv) olmaqla alaq və ot bitkilərinin miqdarını müəyyən etmək üçün yoxlama keçirilmiş və müəyyən olunmuşdur ki, orta, zəif və güclü yerində qalan günəbaxan və yaşıl kütlə qalıqları mövcud olmuşdur. Nəticədə hər bir sot sahədə 8 kq günəbaxan və 9 kq yaşıl kütlə (orta hesabla) hesabı ilə 30 hektar sahədə cəmi, 24.000 kq (8 kqx 100 sotx30ha) günəbaxan, 27.000 (9kq x100sot=900kqx30ha) yaşıl kütlə müəyyən olunmuşdur. Bu barədə cavabdehlərə dəfələrlə məlumat verilməsinə baxmayaraq, heç bir nəticə əldə olunmamış və bu özbaşınalıqlarına son qoymamışdırlar. Belə ki, cavabdehlər Bələdiyyə torpaqlarına və onun icarəsində olan torpaq sahəsinə və örüş sahəsinə ciddi zərər vuraraq qanunvericiliyin bir çox maddələrini pozmuşdurlar. Cavabdehlər onun iradəsinə zidd olaraq mülkiyyətində olan torpaq və örüş sahəsini zəbt etmişdirlər. Belə olan halda cavabdehlər zəbt olunmuş torpaq sahəsindən çıxarılmalıdır, həmçinin cinayət qanunvericiliyi ilə barələrində cinayət işi açılmalıdır. Çünki, o, Goranboy Rayon Polis Şöbəsinə dəfələrlə müraciət etsə də, müraciəti baxılmamış saxlanmış və bir vətəndaş kimi onun şikayətinə dırnaq arası yanaşılmışdır. Odur ki, məhkəmə olaraq sizə müraciət etməli olmuşdur və bu işin mülki qaydada baxılması ilə bərabər də cinayət işi olaraq araşdırılması üçün polis orqanlarına tapşırıq verilməsini də xahiş etmişdir. İddiaçı məhkəməyə teleqramla müraciət edərək, xx.xx.2023-cü il tarixdə keçiriləcək məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini, məhkəmənin keçirilməsinə və qətnamənin çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin, bildirdi ki, o və digər cavabdehlər öz ailələrini saxlamaq üçün yalnız əkinçilik və heyvandarlıqla məşğul olaraq dolanırılar. İddaçı İddiaçı 2022-ci ilədək kəndin örüş sahəsini arpa, taxıl, günəbaxan kimi dənli bitkilər əkərək torpağın örüşünə yararlılıq qatını pozmuşdur. 2022-ci ildə günəbaxanı biçib qurtardıqdan sonra kənd sakinlərin böyük narazılığına səbəb olmuş, polis və icra orqanları işə qarışmış örüş torpaqlarının bir qismi kənd camaatının istifadəsinə verilmişdir. Bir neçə ay olardı ki, kənd sakinləri həmin torpaqlardan istifadə edirdi ki, iddiaçı yenidən örüş sahəsini mənimsəyərək öz şəxsi istifadəsinə götürmüşdür. Hələ bu azmış kimi onları məhkəməyə vermişdir. Sözügedən torpaq sahəsi ümumi örüş sahəsidir və iddiaçı tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Məhkəmə iclasında iştirak edən digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X13, X15 və X19 Cavabdeh2 izahatına oxşar izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş ********** nömrəli çıxarışdan görünür ki, Goranboy rayonu, Qızılhacılı qəsəbəsində olan 30.77 ha torpaq sahəsi ehtiyyat fondu torpaqları (örüş otlaq) məqsədi üçün İddiaçı xx.xx.2034-cü il tarixədək icarəyə verilmişdir; Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2023-cü il tarixli, 10/4956 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı istifadəsində olan Goranboy rayonunun Qızlhacılı qəsəbəsində yerləşən torpaq sahəsinin kontur, koordinat və parametrləri **********4 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində göstərilən torpaq sahəsinin plan və ölçüsü ilə eynilik təşkil etmədiyi müəyyən edilmişdir. Mütəxəssis tərəfindən təqdim olunmuş mütəxəssis rəyində sual cavablandırılmadığından, mübahisəli torpaq sahəsinin İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən olunması mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları və iddia tələbinin dəlillərini digər yanaşı sübutlarla yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı Əhmədov X14 rayonu Qızılhacılı qəsəbəsində yerləşən 30,77 ha ehtiyat fondu torpaqlarını (örüş otlaq) kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq üçün 2034-cü il tarixədək icarəyə götürmüş, həmin torpaq sahəsinə dair onun hüququ ********** qeydiyyat və 5**********4 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı sözügedən torpaq sahəsində cavabdehlər tərəfindən özlərinə və digər kənd əhalisinə məxsus iri və xırdabuynuzlu heyvanların otarılması nəticəsində ona ciddi maddi ziyan dəydiyini göstərərək, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması, ona dəymiş maddi ziyanın ödənilməsi və cavabdehlərin cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə): 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 146.1 və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 152.1, 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq, iddia tələbinin cavabdehlərin iddiaçının istifadəsində olan torpaq sahəsindən çıxarılması hissəsinə dair qeyd edir ki, iş üzrə eskpert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi Goranboy rayonu Qızlhacılı qəsəbəsində yerləşən torpaq sahəsinin kontur, koordinat və parametrləri iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübut kimi məhkəməyə təqdim etdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda 5**********4 reyestr nömrəsi ilə qeydə alınmış 30,77 ha torpaq sahəsinin plan və ölçüsü ilə eynilik təşkil etmir. Yəni, 5**********4 reyestr nömrəli əmlak haqqında çıxarışda, iddiaçının hazırda mübahisələndiridiyi torpaq sahəsinə dair hər hansı sahiblik, istifadə və sərəncam hüququ qeydə alınmamışdır. Odur ki, məhkəmə iclasında cavabdehlərin iddiaçının adına qanunla qeydə alınmış bu və ya digər torpaq sahəsinə qanunsuz olaraq daxil olması və istifadə etmələri faktı öz təsdiqini tapmamışdır. Mülki Məcəllənin: 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs onun vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtləki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada hazırkı mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Mülki Məcəllənin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə iddia tələbinin maddi ziyanın ödənilməsi hissəsinə dair qeyd edir ki, İddiaçı cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində ona məhz 11666 (on bir min altı yüz altmış altı) manat məbləğində maddi ziyan vurması, sözügedən ziyanla həmin qanunazidd hərəkətlər arasında səbəbli əlaqənin olması üzrə cavabdehlərin göstərilən məbləğdə maddi ziyanın vurulmasında təqsirli olmasını sübuta yetirməlidir. Bu baxımdan məhkəmə cavabdehlərin iddiaçının istifadəsində olan 30,77 ha (reyestr nömrəsi: 5**********4) torpaq sahəsindən qanunsuz istifadə etməsi barədə tələbini əsaslandırdığı halların mövcud olub-olmamasını yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən bu tələbi əsassızdır. Çünki cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsinə qanunsuz daxil olma və istifadə etmələri faktı məhkəmə iclasında sübuta yetirilmədiyi üçün onların iddiaçıya maddi ziyan vurması halı da istisna edilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə iddia tələbinin cavabdehlərin barələrində cinayət işinin açılması üçün hüquq mühafizə orqanlarına göstəriş verilməsi hissəsinə dair qeyd edir ki, cavabdehlərin əməllərində hər hansı cinayətin əlamətləri aşkar edilməmişdir. Buna görə də onların cinayət məsuliyyətə cəlb olunması əsassızdır (Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 265.4-cü maddəsi). MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, X13, X15 və X16 qarşı “əkilib becərilmiş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə edilən müdaxiləyə son qoyulması və dəymiş ziyan” tələbinə dair iddiası rədd edilməlidir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 130 (yüz otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməli, həmçinin ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait İddiaçı tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ( Az. MEM VÖEN **********; hesab: AZ34CTRE********************, X5, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməldir. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş 130 (yüz otuz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait İddiaçı tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az. MEM VÖEN **********; hesab: AZ34CTRE********************, X5, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-128/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-128/2023
11.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver