Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-221/2023 10.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin onun barəsində 13 iyul 2022-ci il tarixli № 010-K əmrin etibarsız hesab edilməsi, həmin müəssisədə tərəzi operatoru vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxma müddəti üçün əmək haqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci ildən Cavabdeh MMC-də işləmiş, MMC-də işlədiyi müddətdə həmişə işinin öhdəsindən layiqincə gəlmişdir. Onun əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli 010-K saylı əmrlə Əmək Məcəlləsinin 69cu maddəsinin 1-ci hissəsinə əsasən öz ərizəsi ilə xitam verilmişdir. O, xx.xx.2022-ci il tarixdə işdən çıxmağı barədə ərizə ilə müraciət etsə də, sonradan ərizənin etibarsız hesab edilməsi barədə müəssisənin rəhbərliyinə ərizə ilə müraciət etmiş, lakin müəssisə rəhbərliyi onun ərizəsini nəzərə almayaraq onu işdən azad etmişdir. O, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Gəncə regional ərazi idarəsinə müraciət etmiş və müraciətin cavabını iddia ərizəsinə əlavə edir. Hazırda onun tələbi ondan ibarətdir ki, Cavabdeh MMC-nin onun barəsində verilmiş 010-K saylı əmr ləğv olunsun, o, işinə bərpa olunsun və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı oğli iddia tələbini müdafiə edərək bildirdi ki, o, 2008-ci il tarixdən Cavabdeh MMC-nin tərəzi operatoru vəzifəsində işləmiş və işlədiyi müddət ərzində hər hansı pozuntulara yol verməmiş və töhmət almamışdır. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə işdən çıxmağı ilə əlaqədar olaraq müəssisənin rəhbərliyinə ərizə ilə müraciət etmiş, lakin daha sonra həmin ərizənin geri qaytarılmasını (etibarsız hesab edilməsi) xahiş etmişdir. Cavabdeh MMC-nin rəhbərliyi onun tərəfindən ünvanlanmış ərizəni nəzərə almamış və onunun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi ilə 13 iyul 2022-ci il tarixli, 010-K saylı əmrlə xitam vermiş və əmrin surətini həmin tarixdə imza edib götürmüşdür. Qeyd etdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək iddia müddəti ötürüldüyü üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi və iddia müddətinin tətbiq edilməsinə dair məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh MMC tərəfindən verilmiş “işdən azad olunma barədə” 13 iyul 2022-ci il tarixli, 010-K nömrəli əmrin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi ilə 13 iyul 2022-ci il tarixli, 010-K saylı əmrlə xitam verilmişdir; Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli 006 nömrəli bildiriş göndərilmiş və o, bildirişi qəbul etməkdən imtina etmişdir; xx.xx.2022-ci il tarixli, 19911374 nömrəli çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı 616,62 manat məbləğində son haqq hesabı ödənilmişdir; Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296.2-ci maddəsinə əsasən, ... fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin hər hansı formada pozulması iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsinə dəlalət etmir. İddiaçı faktiki olaraq 2022-ci ilin 13 iyul tarixindən işdən azad edilməsini bilmiş, işə çıxmamış və belə olan halda mövcud vəziyyətin hər hansı ikili şərhi üçün zəmin yaranmamış və obyektiv olaraq iddiaçı üçün hüququnun pozulduğu həmin vaxtdan aşkar olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, "iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir". İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini buraxmış, yəni əmək mübahisəsinin həlli üçün qanunla müəyyən olunmuş 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda heç bir üzrlü səbəb olmadan prosessual müddəti ötürərək hüququnun pozulduğunu aşkar etdiyi gündən 5 (beş) ay sonra məhkəməyə müraciət etmişdir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti ötürüldüyünə görə və cavabdehin buna dair iddia müddətin tətbiqi barədə ərizəsi olduğu üçün İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-221/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-221/2023
10.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver