Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-247/2025 21.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh Goranboy Su X1 İdarəsinin nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cаvаbdеh Goranboy Su X1 idarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilməklə) qаrşı “əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutan əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dаir iddiаsı üzrə mülki işə məhkəmənin inzibati binasında, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutan Goranboy Su X1 İdarəsinin 23 sentyabr 2024-cü il tarixli, 120-k №-li əmrinin ləğv edilməsi, onun kadrlar üzrə mütəxəssis vəzifəsinə bərpa edilməyi və ona xx.xx.2024-cü il tarixdən hesablanılmaqla, məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi, mənəvi zərərin əvəzi kimi 10000 (on min) manat pul vəsaitinin, hüquqi xidmət üçün çəkdiyi 421 manat pulun, ödənilmiş 60 manat mediasiya xərcinin məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2001-ci il tarixdə X2 İstismarı İdarəsinə rabitəçi - operator vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cü il tarixdə kadrlar şöbəsinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə X2 İstismarı İdarəsi ləğv edilmiş və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X6 İdarəsinə birləşdirilmiş, həmin tarixdən idarə aparatına 8-ci dərəcəli kadr üzrə mütəxəssis vəzifəsinə qəbul edilmiş, İddiaçı ilə X6 İdarəsi arasında əmək müqaviləsi bağlanaraq kadrlar üzrə mütəxəssis vəzifəsində işləmişdir. Sözügedən əmək müqaviləsinə əsasən işçiyə hər ay 458 manat məbləğdə əmək haqqının ödənilməsi qeyd edilmişdir. İddiaçı işlədiyi idarədə struktur və ştat cədvəlində dəyişiklik edilməsi adı ilə cavabdeh Goranboy Su X1 İdarəsinin rəisi tərəfindən əmək müqaviləsinə qanunsuz olaraq xx.xx.2024-cü il tarixdə, 120-k №-li əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndinə əsasən xitam verilmişdir. İddiaçı cavabdeh Goranboy Su X1 İdarəsinin qanunsuz hərəkətlərindən xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinə şikayət etmişdir. X10 Xidmətinin Gəncə - Daşkəsən regional şöbəsi tərəfindən İddiaçı şikayəti araşdırılaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "X13 Xidməti" X17in 26 avqust 2024-cü il tarixli 13-4/3-1-75Ü/2024 nömrəli əmrinə əsasən, X6 İdarəsinin adı dəyişdirilərək Goranboy Su X1 İdarəsi kimi müəyyən edildiyi, təsdiq edilmiş yeni ştat cədvəlində İddiaçı işlədiyi kadr üzrə mütəxəssis ştatının ixtisar edilmədiyi, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələbinə riayət edilməyərək əmək müqavilənizin Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə ləğv edilməsinin zəruriliyi əsaslandırılmadığı və əmək müqaviləsinin əmək qanunvericiliyinin tələbi pozularaq ləğv edildiyi məlum olmuşdur. Goranboy Su X1 İdarəsinin vəzifəli şəxsi, idarənin rəisi X15 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6 - cı (işçilərin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İddiaçı xx.xx.2024cü il tarixdən işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. İddiaçı cavabdeh Goranboy Su X1 İdarəsi tərəfindən işdən azad olunarkən "Əmək müqaviləsinə xitam verilməsi" barədə əmr ilə tanış olmamış və ona Əmək Qanunvericiliyilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamış, əmr işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərilməmiş və bu barədə işçi elektron poçt və SMS vasitəsilə məlumatlandırılmamışdır. Hesab edir ki, cavabdeh Goranboy Su X1 İdarəsi İddiaçı qanunsuz işdən çıxardığına görə əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutan əmr ləğv edilməli, İddiaçı kadrlar üzrə mütəxəssis vəzifəsinə işə bərpa edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqı və bu müddət ərzində iddiaçının keçirmiş olduğu bütün gərginlik, narahatlıq əsəb, mənəvi sarsıntılara görə mənəvi zərərin əvəzini cavabdeh iddiaçıya ödəməyə borcludur. Əmək mübahisələri ilə bağlı mediasiya proseduru zəruri olduğu üçün ilkin olaraq mediasiya sessiyası keçirilmiş,xx.xx.2024-cü il tarixli, MŞG/MT-032-2024- 00791 №-li X5 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışı iddia ərizəsinə əlavə edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmn edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, xx.xx.2024-cü il tarixdə rəhbərlik onu əmək müqaviləsinə xitam verilmədiyi halda işə buraxmamış, bundan bir həftə sonra qanunsuz olaraq əmək müqaviləsinə xitam verilmiş, az müddət sonra son haqq-hesabı əmək haqqı kartına köçürülmüşdür. Ona edilən qanun pozuntusuna görə o da məcbur qalıb xx.xx.2024-cü il tarixdə Əmək Müfəttişliyinə müraciət etmişdir. Müfəttişliyin cavabı ona noyabr ayının sonunda təqdim olunduqdan sonra o, məhkəmədə iddia qaldərmaq üçün mediasiya xidmətinə müraciət etmişdir. Hüquqlarının pozulduğundan xx.xx.2024-cü il tarixdən xəbəri olsa da, əmək müfəttişliyi ona gec cavab verməsi və cavabdeh tərəfindən əmək kitabçası ona dekabr ayında təqdim olunması səbəbindən, yəni üzrlü səbəblərə görə iddia müddətini ötürərək, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbinin və iddiaçının izahatının məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Goranboy Su X1 İdarəsinin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı 2021-ci il tarixdən X6 İdarəsində kadr üzrə mütəxəssis vəzifəsində işləmişdir. İddiaçı ilə X6 İdarəsi arasında əmək müqaviləsi bağlanaraq kadrlar üzrə mütəxəssis vəzifəsində işləmişdir. İddiaçıya işlədiyi kadr üzrə mütəxəssis ştatının ixtisar edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə məlumat verilmiş və sonuncu xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsindən xəbəri olmuş, son haqq-hesabı əmək haqqı kartına köçürülmüş, əmək kitabçasını gəlib götürməsi ilə bağlı bir neçə dəfə telefon vasitəsilə əlaqə saxlansa da, əmək kitabçasını götürməmişdir. Daha sonra hüquqlarının pozulmasını əsas gətirərək xx.xx.2024-cü il tarixdə Əmək Müfəttişliyinə şikayət etmişdir. Göründüyü kimi, iddiaçının hüququnun pozulmasından 2024-cü ilin sentyabr ayından, eyni zamanda Əmək Müfəttişliyinə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən xəbəri olsa da, o, fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu bildiyi gündən etibarən 1 ay ərzində məhkəməyə müraciət etmək hüququndan vaxtında istifadə etməyərək, 2 aydan çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Ona görə də, iddia müddəti ötürüldüyü üçün məhkəmədən iddia müddətinin tətbiq edilərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bu barədə olan ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X11 bildirdi ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə qanunsuz xitam verilməsi və əvvəlki vəzifəsinə bərpa edildiyinə köməklik göstərilməsi ilə bağlı şöbəyə müraciəti daxil olmuşdur. Araşdırma zamanı iddiaçının işlədiyi kadr üzrə mütəxəssis ştatının ixtisar edilmədiyi, Əmək Məcəlləsinin 71 maddəsinin 3-cü hissəsinin tələbinə riayət edilməyərək əmək müqaviləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsi və əmək qanunvericiliyinin tələblərinin pozulduğu məlum olmuşdur. Bu səbəbdən də, idarənin rəisi X15 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata başlanaraq, barəsində inzibati qaydada cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İddia tələbinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X13 Xidməti X17i Goranboy Su X1 İdarəsi tərəfindən verilmiş 120-k nömrəli, 23 sentyabr 2024-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X6 İdarəsinin idarə aparatının Kadrlar üzrə mütəxəssisi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 23 sentyabr 2024-cü il tarixdən ləğv edilmişdir; Quliyeva (Əliyeva) Şahinə Teymur qızının ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli, 3-17-5/2-ə-84076/2024 nömrəli məktubdan görünür ki, idarənin rəisi X15 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır; Goranboy 1 saylı Mediyasiya təşkilatı tərəfindən verilmiş MŞG/MT/032-2024-00791 nömrəli, xx.xx.2024-cü il tarixli “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayşdan görünür ki, İddiaçı və X12 Sistemlərinin İstismar İdarəsinin hüquqşünası X4 mediasiya sessiyasında iştirakı barədə bildiriş xx.xx.2024-cü il tarixdə çatdırılmışdır; Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X17 "Goranboy Rayon Mərkəzi Xəstəxanası" X17 tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli, 18-1- 39/2-Ə-263-42-147/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Goranboy rayon sakini İddiaçı xx.xx.2021-ci il tarixdən “ Şəkərli diabet tip 2” diaqnozu ilə Goranboy RMX-nın poliklinikasının endokrinoloji (şəkər) kabinetində qeydiyyatda dayanır. Həmçinin, vətəndaş xx.xx.2024-cü il tarixdən nevroloji kabinetdə “ Asteno - nevrotik sindrom. Yuxu pozğunluğu” diaqnozu ilə müalicə təyin edilmiş, hal-hazırda müalicələri davam etdirilir;. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən olunmuşdur ki, hazırkı mübahisə fərdi əmək mübahisəsi ilə əlaqədar qaldırılmış iddiadır. Hazırkı iş üzrə iddiaçı cavabdehin 23 sentyabr 2024-cü il tarixli əmrinin qanunsuz hesab edilməsi, işə bərpa olunmasını və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı əmək müqaviləsi 23 sentyabr 2024-cü il tarixdə ləğv edilsə də, 16 sentyabr 2024-cü il tarixdən işə buraxılmamışdır. İddiaçı da ilk öncə pozulmuş hüququnun bərpası üçün X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə şikayət etmiş, şikayətinə cavab verildikdən sonra yaranmış əmək mübahisəsinin həll edilməsi üçün xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə Goranboy Su X1 idarəsinin nümayəndəsi iş üzrə iddia müddətinin tətbiq edilməsi əsası ilə iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş və buna dair məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi): 294-cü maddənin birinci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 294-cü maddənin ikinci hissəsinə əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. 294-cü maddənin dördüncü hissəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. 296-cı maddənin birinci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər; 296-cı maddənin ikinci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddənin üçüncü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296-cı maddənin altıncı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir ki, Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Bundan başqa həmin Qərarda göstərilir ki, əmək mübahisələri ilə bağlı işlərdə iddiaçıların (işçilərin) məhkəməyə müraciət etməzdən əvvəl əksər hallarda X10 Xidmətinə müraciət etmələri bu Xidmətin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, X10 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti haqqında” Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Məhkəmə qeyd olunanlarla bağlı qeyd etməyi zəruri hesab edir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin hər hansı formada pozulması iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsinə dəlalət etmir. İddiaçı faktiki olaraq xx.xx.2024-cü il tarixdə işə buraxılmamaqla, onunla bağlanmış əmək müqaviləsinin şərtlərinin pozulduğunu bilmiş, öz iradəsindən asılı olmayaraq işə çıxa bilməmiş və obyektiv olaraq iddiaçı üçün hüququnun pozulduğu həmin vaxtdan aşkar olmuşdur. Bundan başqa iddiaçı pozulmuş hüququnun həll edilməsin görə xx.xx.2024-cü il tarixdə X9 şikayət etməklə də, hüququnun pozulmasının artıq ona aşkar olmasını göstərmişdir. Həmçinin, qanunvericinin yuxarıda qeyd olunan tələbinə görə X10 fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilmədiyindən, ona edilmiş müraciət iddia müddətinin axımının dayandırılması üçün əsas ola bilməz. Qeyd olunanları nəzərə alaraq, məhkəmə iddia müddətinin üzrlü səbəblərdən ötürməsi ilə bağlı obyektiv hallar müəyyən etməyərək, iddia müddətinin tətbiqini qanuni və əsaslı hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, "iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir". İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini buraxmış, yəni əmək mübahisəsinin həlli üçün qanunla müəyyən olunmuş 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda heç bir üzrlü səbəb olmadan prosessual müddəti ötürərək hüququnun pozulduğunu aşkar etdiyi gündən 2 aydan çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin 10000 manat məbləğində mənəvi zərərin tutulması hissəsinə münasibətdə qeyd edir ki, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı tələbi rədd olunduğundan və mənəvi zərər tələbi ondan irəli gələn tələb olduğundan həmin hissədə də iddia təmin oluna bilməz. Məhkəmə, həmçinin iddia tələbinin hüquqi xidmət üçün çəkilmiş 421 manat və mediasiya təşkilatına ödənilmiş 60 manat xərcinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi rədd edildiyindən həmin məhkəmə xərcləri iddiaçıya aid edilsin. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddia müddətinin ötürülməsinə görə müddətin tətbiqi barədə ərizəsi olduğu üçün İddiaçı cаvаbdеh Goranboy Su X1 idarəsinə qаrşı “əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutan əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi üzrə iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimTaleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-247/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-247/2025
21.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver