Məhkəmə qərarları › İş №2(045)-935/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-935/2023

07.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-935/2023 07.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə və daha sonra dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus 1380 (bir min üç yüz səksən) manat dəyərində (583 əyyarlı, 23 qram) olan boyunbağı, 1000 (bir min) manat dəyərində (916 əyyarlı, 8,6 qram) olan onluq kulon, 1400 (bir min dörd yüz) manat dəyərində (583 əyyarlı, 20 qram, 1 karat brilliant qaşlı) olan üzük-sırğa dəsti, 800 (səkkiz yüz) manat dəyərində (750 əyyarlı, 0,50 sot brilliant qaşlı) olan nişan üzüyü və uşağına məxsus 300 (üç yüz) manat dəyərində (585 əyyarlı, hər biri 4 qram) olan iki ədəd qolbağının və ya onların ümumi dəyəri-4880 (dörd min səkkiz yüz səksən) manat məbləğində pulun, eləcə də, ödənilmiş 68,80 (altmış səkkiz manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun, 50 (əlli) manat məbləğində mediasiya xidməti haqqının və 110 (bir yüz on) manat məbləğində vəkil xidməti haqqının əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 02 avqust 2018-ci ildə ailə quraraq rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X7 bir övladları anadan olmuşdur. Evliliklə bağlı cavabdeh ona toylarında badam formalı sırğa-üzük dəsti (brilliant qaşlı, 583 əyyarlı, 20 qram çəkidə, 1400 manat dəyərində), nişan üzüyü (750 əyyarlı, brilliant qaşlı, 800 manat dəyərində), 1 ədəd boyunbağı (23 qram çəkidə 583 əyyarlı qızıldan 1380 manat dəyərində), 1 ədəd onluq kulon (916 əyyarlı 8,6 qram, 1000 manat dəyərində)- zinət əşyalarını üzərinə taxaraq həddiyyə etmişlər. Bunlar fotoşəkillərdə və toy diskində əks olunur. Bundan başqa anası X4 2021-ci ildə oğlunun 1 yaşında bir ədəd 300 manat dəyərində 4 qram çəkidə üzərində “Emil” (oğlunun adı) yazılmış qolbağını və 2022-ci ildə oğlunun 2 yaşı olan zaman uşağın kirvəsi Nağıyev Ruslan ona üzərində “Emil” yazılmış 300 manata qolbağını hədiyyə etmişlər. Cavabdehlə yaşadığı müddətdə münasibəti mehriban olmuşdur. Sonradan cavabdeh ona qarşı soyuq münasibət göstərmişdir. O, qadındır və aralarında olan və baş verən hadisələri yazmaq istəmir, lakin onu bildirir ki, ailəsinə müdaxilə olunurdu, hətta cavabdehin başqa insanla münasibətini hiss etmiş və bunun üstündə aralarında ziddiyyət yaranmışdır. Belə ki, 2022ci ilin iyun ayında cavabdeh hec bir əsas olmadan onunla dalaşdı, onu döyüb evdən çıxıb getməyini tələb etdi. Onu yalandan telefonda başqa bir şəxslə danışmaqda suçladı, lakin o, heç vaxt cavabdehə xəyanət etməmiş və ərə gəldiy vaxtdan bir dəfə də olsun tək evdən bir yana çıxmamışdır. O, uşağının paltarını torbaya yığmış, ona və uşağına məxsus qızılzinət əşyalarının yerləşdiyi mücrünü həmin torbaya qoymuşdur. O, evdən çıxarkən cavabdeh qızılların yerinə baxıb, onları yerində görməyib ona “sənə qızıl düşmür” sözlərini deyərək əlindəki sellofan torbanı yerə boşaltmışdır. Həmin zaman cavabdeh qızılları götürmüş və uşağı əlindən alıb onu maşınına mindirib qayınanası ilə birlikdə anasıgilə aparmışdır. Həmin gün uşağı verməyi tələb etsə də, onu qaytarmamışlar və o, dözə bilməyib məcbur qalıb “102” xidmətinə cavabdehin uşağı və qızıllarını əlindən almasını bildirmişdir. Bundan sonra qayınatası anasına zəng edərək, demişdir ki, “gəl uşağı apar”. Anası taksi ilə cavabdehin evinə getmiş, uşağı verəndə onun qızıllarını da qaytarmalarını tələb etdikdə cavabdeh bildirmişdir ki, qızılları qaytarmayacaq. Bugünə kimi də gözləmişdir ki, bəlkə cavabdeh özü onun və oğlunun qızıl əşyalarını qaytara, lakin indiyə kimi qızıllarını qaytarmayıblar. Goranboy Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən, onların nikahı pozulmuş və cavabdehdən uşağa aliment qət edilmişdir. Ona məxsus cehiz əşyaları cavabdehin atası evindədir. Cavabdeh tərəf cehiz əşyalarının çıxarılmasını ondan tələb etmiş, lakin o, qızıllarını almamış və gəlin köçdüyü evdən hüquq almamış əşyalarını çıxardası deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlə arasında yaranmış münaqişədən sonra sonuncu onu atası evinə getməyini tələb etmiş, bu zaman o, özünə və birgə nikahdan doğulmuş uşağına məxsus geyim və qızıl-zinət əşyalarını torbaya qoyaraq aparmaq istəyərkən, cavabdeh bunları görərək torbadan qızıl-zinət əşyalarını götürmüş və uşağı əlindən alaraq, onu qayınanası ilə birlikdə atası evinə aparmışdır. O, bir müddət gözləmiş ki, cavabdeh uşağı və qızıllarını geri qaytara, lakin nəticə olmadığı üçün məcbur qalıb bu barədə DİN-in “102” çağrı mərkəzinə məlumat vermişdir. Bundan sonra cavabdehin atası anasına zəng edərək uşağı gəlib aparmalarını bildirmişdir. Anası cavabdehgilə getmiş və uşağı götürərkən ona və oğluna məxsus qızıl-zinət əşyalarını da tələb etmiş, lakin cavabdeh tərəf verməyəcəklərini bildirmişlər. Daha sonra o, Goranboy Rayon Məhkəməsinin qətnaməsi ilə boşanmış, birgə nikahdan doğulmuş uşağı onun himayəsinə verilmiş və uşaq yetkinlik yaşına çatanadək cavabdehdən alimentin tutulması qət edilmişdir. Hazırda o, qızıl-zinət əşyalarını cavabdehdən tələb edir. Odur ki. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh 22 may 2023-cü il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsinə əlavə etdiyi sübutlarla ona ailə qurulan zaman və bundan sonra həm özünə, həm övladına qızıl-zinət əşyaları hədiyyə olunmasını qeyd etmişdir. İddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının əyarı, çəkisi və qiymətləri şişirdilmiş qiymətlərdir. Bu hədiyyələr iddiaçı tərəfindən qəbul edilmişdir. Ancaq həmin əşyalar cavabdeh olaraq onun tərəfindən iddiaçıdan alınmamışdır. Qızıl-zinət əşyaları iddiaçıya hədiyyə edilmiş və sonuncunun istifadəsində, sahibliyində olmuşdur. İddiaçı ilə ailə münasibətlərində olan narazılıqlarla bağlı dəfələrlə atası evinə getmiş və sonradan onlar barışıb yenə bir yerdə yaşamışlar. Nikahın pozulmasına dair iddia qaldıranda artıq münasibətlər tam bitmişdir. İddiaçının iddia etdiyi qızıl-zinət əşyaları həmişə özündə olmuşdur. O, iddiaçını evlərinə gedəndə heç vaxt üstünə axtarış keçirib yoxlamamışdır. Münasibətlər pozulub evlərinə gedən vaxtda da özünə və övladına aid olan əşyaları sərbəst olaraq özü ilə aparmışdır. İddaçı onların yaşadığı evdən çıxdıqdan sonra ona məxsus heç bir qızıl-zinət əşyaları qalmamışdır. Digər mebel, məişət əşyalarını aprması üçün də dəfələrlə özünə, anasına məlumat versə də, əşyaları yığmaq üçün yer olmadığı üçün aparmayacaqlarını bildirmişlər. İddiaçını xatırladan heç bir əşyanın, o cümlədən qızıl əşyalarının evində olması olması ona xoş deyildir. Ona görə də, iddia tələbini əsassız hesab edir və məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra -MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bu səbəbdən məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində bildirdi ki, o, iddiaçının anasıdır. Cavabdehlə qızı arasında yaranmış mübahisə zamanı sonuncu qızını döyərək onu atası evinə gətirmişdir. Bu zaman evdə gəlini X6 olmuşdur. O, xəbəri eşidən kimi evə gəlmiş və yaranmış mübahisəni aydınlaşdırmaq və tərəfləri barışdırmaq üçün cavabdehlə əlaqə saxlamış, lakin qarşı tərəf qızı xəyanət etdiyi üçün barışmaq istəmədiyini bildirmişdir. Bir neçə gün sonra onlar uşağın və qızılların geri qaytarılması üçün DİN-nin “102” çağrı mərkəzinə müraciət etdiyinə görə qızının qayınatası onlarla telefon vasitəsilə əlaqə saxlayaraq uşağı gəlib aparmalarını bildirmişdir. O da təkbaşına gəlib uşağı götürərəkən qızılları da tələb etmiş, lakin onlar qızılları verməyəcəklərini bildirmişlər. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində bildirdi ki, iddiaçı onun baldızıdır. Mübahisə yarandığı gün cavabdeh anası ilə birlikdə İddiaçı atası evinə gətirmişlər, həmin vaxt o, evdə olmuşdur. Rahidə ağlaya-ağlaya dəfələrlə cavabdehə və qayınanasına uşağı və qızıl-zinət əşyalarının qaytarılmasını tələb etmiş, lakin cavabdeh “sən xəyanətkarsan sənə nə qızıl, nə də uşaq düşmür” sözlərini deyərək çıxıb getmişdir. Bir neçə gündən sonra Rahidə “102” xidmətinə zəng edərək uşağına və qızıllarına görə şikayət etmiş, bundan sonra cavabdehin atası zəng edərək polissiz gəlib uşağı aparmalarını bildirmişdir. Bundan sonra qayınanası Nahidə Həsənova cavabdehgilə gedərək uşağı götürmüş və bu zaman qızılları tələb etmiş, lakin cavabdeh tərəf qızılları verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Gəncə univermaq qızıl-zinət əşyalarının qiymətləndirilməsi mütəxəssisi tərəfindən verilmiş məktubdan görünür ki, 583 əyyarlı rus qızılından hazırlanmış 23 qram çəkidə olan sep - 1380 (bir min üç yüz səksən) manat, 916 əyyarlı qızıldan hazırlanmış 8,6 qram çəkidə olan onluq kulon - 1000 (bir min) manat, 583 əyyarlı qızıldan hazırlanmış 20 qram çəkidə olan brilliant qaşlı (1 karat) üzük-sırğa dəsti-1400 (bir min dörd yüz) manat, 750 əyyarlı qızıldan hazırlanmış qram çəkidə olan brilliant qaşlı (0,50 sot) nişan üzüyü - 800 (səkkiz yüz) manat, 585 əyyarlı qızıldan hazırlanmış biri 4 qram çəkidə olan 2 ədəd qolbağı - 300 (üç yüz) manat məbləğində qiymətləndirilmişdir; Gəncə şəhəri 1 saylı vəkil bürosu tərəfindən verilmiş “hüquqi yardımın göstərilməsi haqqında” 28 dekabr 2022-ci il tarixli, 3338 nömrəli müqavilədən və xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hüquqi yardıma görə 110 manat məbləğində vəsaiti Gəncə 1 saylı Vəkil Bürosunun hesabına ödəmişdir; "xxxx" ASC tərəfindən verilmiş 16204 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı iddia tələbi üzrə 71,80 manat məbləğində dövlət rüsumu ödəmişdir; xx.xx.2022-ci il tarixli mediatorun arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə, iddiaçının və vəkilinin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 02 avqust 2018-ci il tarixdə nikaha daxil olmuşlar və birlikdə yaşamışlar. Toy günü və yaşadıqları dövrdə ona hədiyyə olaraq qızıl-zinət əşyaları verilmişdir. İddiaçı Cavabdeh ilə birlikdə yaşadığı müddət ərzində qızıl-zinət əşyaları özündə olmuşdur. İddiaçı daha sonra ər evindən ayrılaraq atası evinə getmiş və gedərkən qızıl-zinət əşyaları cavadeh tərəfindən ondan alınmışdır. İddiaçı hazırda iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarını tələb edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İİ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM-nin): 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir; 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqedən çıxış etmişdir ("Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, "Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Bu baxımdan iddiaçı ardıcıllıqla iddiada göstərilən əşyaların ümumiyyətlə mövcud olmasını, sonra həmin əşyaların ona məxsus olduğunu (özü ilə birlikdə cavabdehin yaşadığı mənzilə gətirdiyini, öz vəsaiti hesabına aldığını və ya ona hədiyyə edildiyini), sonra isə bu əşyaların hazırda cavabdehin qanunsuz istifadə və sahibliyində olmasını sübut etməlidir. Məhkəmə, ilk növbədə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçının iddia üzrə tələb etdiyi qızıl-zinət əşyalarının reallıqda mövcud olması və bu əşyaların məhz iddiaçıya məxsus olması işdəki dəlillərlə öz təsdiqini tapır. Belə ki, bu hal tərəflərin toy məclisində çəkilmiş fotoşəkillərilə və cavabdehin etiraz ərizəsində qeyd etdiyi xüsusatlarla sübuta yetir. Məhkəmə, daha sonra mübahisə predmeti olan qızıl-zinət əşyalarının cavabdehdə olub-olmaması ilə bağlı qeyd edir ki, iddiaçının ər evindən qısqanclıq zəminində baş vermiş münaqişəyə görə dava-dalaşla çıxmasını nəzərə alsaq, iddiaçının belə şəraitdə qızıl-zinət əşyalarını götürüb özü ilə sərbəst şəkildə aparması ağlabatan mühakimə hesab oluna bilməz, həmçinin sözügedən qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparılması cavabdeh tərəfindən hər hansı sübutla təsdiq edilmir. Məhkəmə, cavabdehin qızıl-zinət əşyalarının onda olmasını təkzib etməsini özünü müdafiə və mülki məsuliyyətdən yayınma kimi qiymətləndirilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 9.2-ci bəndində göstərilir ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Beləliklə, məhkəmə qızıl-zinət əşyalarının qaytarılması tələbi ilə bağlı belə qənaətə gəlir ki, 1380 (bir min üç yüz səksən) manat dəyərində olan (583 əyyarlı, 23 qram) boyunbağı, 1000 (bir min) manat dəyərində olan (916 əyyarlı, 8,6 qram) onluq kulon, 1400 (bir min dörd yüz) manat dəyərində olan (583 əyyarlı, 20 qram, 1 karat brilliant qaşlı) üzüksırğa dəsti, 800 (səkkiz yüz) manat dəyərində olan (750 əyyarlı, 0,50 sot brilliant qaşlı) nişan üzüyü və uşağına məxsus 300 (üç yüz) manat dəyərində olan (585 əyyarlı, hər biri 4 qram) iki ədəd qolbağı və ya bu əmlaklar qətnamə icra olunan vaxt mövcud olmasa, onların ümumi dəyəri-4880 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçıya verilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1380 (bir min üç yüz səksən) manat dəyərində olan (583 əyyarlı, 23 qram) boyunbağı, 1000 (bir min) manat dəyərində olan (916 əyyarlı, 8,6 qram) onluq kulon, 1400 (bir min dörd yüz) manat dəyərində olan (583 əyyarlı, 20 qram, 1 karat brilliant qaşlı) üzük-sırğa dəsti, 800 (səkkiz yüz) manat dəyərində olan (750 əyyarlı, 0,50 sot brilliant qaşlı) nişan üzüyü və uşağına məxsus 300 (üç yüz) manat dəyərində olan (585 əyyarlı, hər biri 4 qram) iki ədəd qolbağı və ya bu əmlaklar qətnamə icra olunan vaxt mövcud olmadıqda, onların ümumi dəyəri- 4880 (dörd min səkkiz yüz səksən) manat məbləğində pul vəsaiti, eləcə də ödənilmiş 68,80 (altmış səkkiz manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun, 50 (əlli) manat məbləğində mediasiya xidməti haqqının və 110 (bir yüz on) manat məbləğində vəkil xidməti haqqının əvəzi alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən MPM-in 216, 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1380 (bir min üç yüz səksən) manat dəyərində olan (583 əyyarlı, 23 qram) boyunbağı, 1000 (bir min) manat dəyərində olan (916 əyyarlı, 8,6 qram) onluq kulon, 1400 (bir min dörd yüz) manat dəyərində olan (583 əyyarlı, 20 qram, 1 karat brilliant qaşlı) üzüksırğa dəsti, 800 (səkkiz yüz) manat dəyərində olan (750 əyyarlı, 0,50 sot brilliant qaşlı) nişan üzüyü və uşağına məxsus 300 (üç yüz) manat dəyərində olan (585 əyyarlı, hər biri 4 qram) iki ədəd qolbağı və ya bu əmlaklar qətnamə icra olunan vaxt mövcud olmadıqda, onların ümumi dəyəri-4880 (dörd min səkkiz yüz səksən) manat məbləğində pul vəsaiti, eləcə də ödənilmiş 68,80 (altmış səkkiz manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun, 50 (əlli) manat məbləğində mediasiya xidməti haqqının və 110 (bir yüz on) manat məbləğində vəkil xidməti haqqının əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar