Məhkəmə qərarları › İş №2(046)-1020/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1020/2021

14.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1020/2021 14.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh israyıl qızına qarşı qızıl-ziynət əşyalarının və ya onların dəyərinin qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh israyıl qızından qızıl-ziynət əşyalarının və ya onların dəyəri olan 26.075 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh israyıl qızını rəfiqəsi X1 vasitəsi ilə tanımışdır. 2020-ci ilin iyun ayı ərzində Cavabdeh israyıl qızına satılması üçün Mehriban Məmmədovanın və ailə üzvlərinin şahidliyi ilə 29.230 manat dəyərində qızıl-ziynət əşyalarını vermişdir. Həmin qızılların bir hissəsi satılaraq pulu ona ödənilmişdir. Hal-hazırda 26.075 manat dəyərində qızıl-ziynət əşyaları cavabdehdədir.Bununla bağlı Göyçay rayon polis şöbəsinə müraciət etmişdir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh israyıl qızı teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək məhkəmə baxışında iştirak edə bilməyəcəyini bildirmişdir. İş üzrə iddiaçını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş Cİnayət İşinin Başlanmasının Rədd edilməsi haqqında 02.11.2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh israyıl qızı izahatında göstərmişdir ki, Mehriban Məmmədovadan 5000 manat dəyərində qızıl-ziynət əşyaları almış, həmin pulu ayda 200 manat ödəməklə qaytarmışdır. Mehriban və Xuraman ona gecikmiş pula görə faiz hesablamışlar. Hal-hazırda Mehribana və Xuramana borcu yoxdur. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh israyıl qızından 26.075 manat dəyərində qızıl-ziynət əşyalarının alınaraq ona verilməsinə əsas verə bilən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia rədd edildiyindən dövlət rüsumu ödənilmiş 30 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh israyıl qızına qızıl-ziynət əşyalarının və ya onların dəyərinin alınması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. İddiaçı Cavabdeh israyıl qızından qızıl-ziynət əşyalarının və ya onların dəyərinin alınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar