Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-110/2023 18.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak və qızıl-zinət əşyaları tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəyəri 2500 manat olan kolye, sırğa, üzükdən və Tifani markalı qolbaq və boyunbağıdan ibarət qızıl dəstinin, dəyəri 300 manat olan 1 cüt qaşsız işləməli qızıl sırğanın bir tayının, dəyəri 300 manat olan 1 ədəd sadə formalı qızıl qolbağın, dəyəri 500 manat olan 1 ədəd qaşlı qızıl nişan üzüyün və cehiz əmlakların cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək dəyəri 2500 manat olan kolye, sırğa, üzükdən və Tifani markalı qolbaq və boyunbağıdan ibarət qızıl dəstinin, dəyəri 300 manat olan 1 cüt qaşsız işləməli qızıl sırğanın bir tayının, dəyəri 300 manat olan 1 ədəd sadə formalı qızıl qolbağın, dəyəri 500 manat olan 1 ədəd qaşlı qızıl nişan üzüyün, dəyəri 40 manat olan elektrik fenin və dəyəri 70 manat 1 ədəd ağ rəngli qadın donun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 09 iyul 2021 -ci il tarixdə el adətinə uyğun toy etməklə ailə qurmuş, 27 noyabr 2020-ci il tarixdə nikah bağlamışdır. Cavabdeh1 ilə evlənərkən onun yaşadığı, valideynlərinə məxsus Göyçay rayonunun Qarabağlar kəndində yerləşən fərdi yaşayış evinə köçmüş və cehiz əmlakı həmin evə yığılmışdır. Cavabdeh1 ilə evlənəndən 10 gün sonra aralarında olan münasibətlər pozulmağa başlamışdır. Belə ki, Cavabdeh1 valideynlərinin müdaxiləsi nəticəsində ona qarşı kobud münasibət bəsləmiş, söyüb təhqir etmiş və onu döymüşdür. 08 sentyabr 2021-ci il tarixdə onu döymüş və hamilə olduğu üçün vəziyyəti pisləşərək həmin gecə xəstəxanaya getmişdir. 13 sentyabr 2021-ci il tarixə kimi Göyçay RMX-nın ginekologiya şöbəsində müalicə olunmuş və xəstəxanadan çıxarkən yataq şəraitində müalicə olunacağı üçün valideynlərinin evinə getmişdir. Həmin vaxtdan müalicəsini davam etdirsə də 10 noyabr 2021-ci il tarixdə uşağını itirmiş və Rəşid onunla ailə münasibətlərini davam etdirmək istəmədiyini, nikahın pozulması üçün mediatora müraciət etdiyi üçün yenidən cavabdehlərin evinə qayıtmamışdır. 08 sentyabr 2021-ci il tarixdə döyülərkən qulağındakı qızıl sırğanın biri açılıb düşərək yataq otağında qalmışdır və evi yalnız əynindəki geyim, 1 tək sırğa və qızıl nişan üzüyü (alyans) ilə tərk etmişdir. Cavabdeh1 ilə aralarında olan nikah onun tələbinə əsasən Göyçay rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Lakin cavabdehlər 08 sentyabr 2021-ci il tarixdə döyülüb xəstəxanaya aparılarkən evdə qalmış cehiz əmlakını, geyimlərini və qızıl zinət əşyalarını qaytarmamışlar. Qeyd edilən əmlaklarını tələb edərək mediatora müraciət etsə də ilkin mediasiya sessiyasına Rəşidin nümayəndəsi kimi gələn atası Cavabdeh2 nə qızıl zinət əşyalarımı, nə də cehiz əmlakımla geyimlərimi ona qaytarmayacaqlarını bildirmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, məhkəmə prosessesi zamanı iddiaçı özünə məxsus cehiz əmlakların çox hissəsini cavabdehə məxsus evdən götürmüş, lakin hal-hazırda özünə məxsus dəyəri 2500 manat olan kolye, sırğa, üzükdən və Tifani markalı qolbaq və boyunbağıdan ibarət qızıl dəsti, dəyəri 300 manat olan 1 cüt qaşsız işləməli qızıl sırğanın bir tayı, dəyəri 300 manat olan 1 ədəd sadə formalı qızıl qolbağ, dəyəri 500 manat olan 1 ədəd qaşlı qızıl nişan üzüyü, dəyəri 40 manat olan elektrik feni və dəyəri 70 manat 1 ədəd ağ rəngli qadın donu cavabdehlərin qanunsuz sahibliyindədir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının ondan tələb etdiyi, qızıl-zinət əşyaları iddiaçı evdən gedərkən özü ilə aparmışdır. Hazırda cavabdehə məxsus heç bir geyim və məişət əşyası onda qalmamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının ondan tələb etdiyi, qızıl-zinət əşyaları iddiaçı evdən gedərkən özü ilə aparmışdır. Hazırda cavabdehə məxsus heç bir geyim və məişət əşyası onda qalmamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli Göyçay rayon Məhkəməsinin qətnaməsindən görünür ki, Cavabdeh1 qızı ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində 184 nömrə qeydi ilə bağlanmış nikah pozulmuşdur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarə X2 RMX-nın X3 Yaşar Əhmədov tərəfindən 27 aprel 2023-cü il tarixdə verilmiş məktubdan görünür ki, Göyçay RMX X3n rəhbərliyi Sizin xx.xx.2023-cü il tarixli 2(046)- 110/2023 saylı məktubunuza cavab olaraq bildirir ki, doğum şöbəsinin mama-ginekoloqu Z.Salmanovanm verdiyi xx.xx.2023-cü il tarixli məlumata əsasən, Göyçay rayonu Qarabağlar kənd sakini, xx.xx.1996-cı il təvəllüdlü, İddiaçı xx.xx.2021-ci il tarixdə gecə saatlarında “6-7 həftəlik hamiləlik, ürək vurğusu müsbət, xorion qişası arxasında hematoma(1,5*1,5 sm)” diaqnozu ilə ginekologiya - doğum şöbəsində müayinədə olmuş və “6- 7 həftəlik hamiləlik, düşük təhlükəsi” diaqnozu ilə xx.xx.2021-ci il tarixdə saat 10:30-da həmin şöbəyə stasionar müalicəyə yerləşdirilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə “7-8 həftəlik hamiləlik, ürək vurğusu müsbət, xorion qişası arxasında hematoma(1,4*0,8 sm)” diaqnozu ilə ambulator müayinəyə evə yazılmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı məxsus qızıl-zinət əşyaları Cavabdeh1 qanunsuz sahibliyindədir. Məhkəmə baxışı zamanı iddiaçının 08 sentyabr 2021-ci il tarixdə gecə saatlarında cavabdehlərin yaşadığı evi tərk edərək “6-7 həftəlik hamiləlik, ürək vurğusu müsbət, xorion qişası arxasında hematoma(1,5*1,5 sm)” diaqnozu ilə Göyçay rayon X1 Hüquqi Şəxsin ginekologiya - doğum şöbəsində müayinədə olmuş və “6- 7 həftəlik hamiləlik, düşük təhlükəsı” diaqnozu ilə xx.xx.2021-ci il tarixdə saat 10:30-da həmin şöbəyə stasionar müalicəyə yerləşdirilmiş, xx.xx.2021-ci il tarixdə “7-8 həftəlik hamiləlik, ürək vurğusu müsbət, xorion qişası arxasında hematoma(1,4*0,8 sm)” diaqnozu ilə ambulator müayinəyə evə yazılmışdır. Göründüyü kimi iddiaçının evi tərk etdiyi şəraitdən bəlli olur ki, onun qızıl zinət əşyalarını özü ilə aparmaq niyyəti olmamışdır. İddiaçı iddia tələbinin predmetini təşkil edən qızıl zinət əşyalarının Cavabdeh1 qanunsuz sahibliyində qalması iddiaçının məhkəməyə təqdim etdiyi Cavabdeh1 iddiaçıya yazdığı sms mətni ilə və məhkəmə baxışı verilmiş izahatlarla sübuta yetirilir. Belə ki, həmin sms-də Cavabdeh1 iddiaçıdan özü ilə apardığı üzük, sırğa, telefon və paltarı qaytarmağı tələb edir. Əgər qızıl zinət əşyaları iddiaçının özündə olsaydı Cavabdeh1 təkcə üzük və sırğanı deyil, bütün qızıl zinət əşyalarının qaytarılmasını tələb edərdi. İddianın predmetini təşkil edən qızıl-zinət əşyalarının qiymətləri və mövcudluğu ilə bağlı Cavabdeh1 tərəfindən mübahisələndirilməmişdir. Tərəfləri dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya məxsus qızıl-ziynət əşyaları cavabdehin qanunsuz sahibliyində qalmışdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia predmeti olan 01 çüt sırğanın dəyəri 300 manat olduğundan, həmin sırğanın bir tayı cavabdehin qanunsuz sahibliyində olduğundan, həmin sırğanın dəyəri 150 manat hesabı ilə götürülməlidir. Məhkəmə baxışı zamanı İddiaçı 40 manat dəyərində elektrik feninin və 70 manat dəyərində ağ rəngli qadın donunun cavabdehin qanunsuz sahibliyində olmasına dair heç bir möhtəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə baxışı zamanı İddiaçı məxsus qızıl-zinət əşyaları Cavabdeh1 qanunsuz sahibliyində qalması müəyyən edildiyindən, iddia digər Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 125 manat dövlət rüsumunun, iddianın təmin edildiyi həddə 54.50 manatı Cavabdeh1 aid edilməli, 50 manat mediasiya xərci Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, İddiaçı məxsus 2500 manat olan kolye, sırğa, üzükdən və Tifani markalı qolbaq və boyunbağıdan ibarət qızıl dəsti, dəyəri 150 manat olan 1 cüt qaşsız işləməli qızıl sırğanın bir tayı, dəyəri 300 manat olan 1 ədəd sadə formalı qızıl qolbağ, dəyəri 500 manat olan 1 ədəd qaşlı qızıl nişan üzüyü, həmin əşyalar mövcud olmadığı halda onların ümumi dəyəri olan 3450 manat müştərək qaydada cavabdehlər Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Dəyəri 2500 manat olan kolye, sırğa, üzükdən və Tifani markalı qolbaq və boyunbağıdan ibarət qızıl dəsti, dəyəri 150 manat olan 1 cüt qaşsız işləməli qızıl sırğanın bir tayı, dəyəri 300 manat olan 1 ədəd sadə formalı qızıl qolbağ, dəyəri 500 manat olan 1 ədəd qaşlı qızıl nişan üzüyü, həmin əşyalar mövcud olmadığı halda onların ümumi dəyəri olan 3450 manat müştərək qaydada Cavabdeh1 alınaraq İddiaçı verilsin. 54.50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci Cavabdeh1 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-110/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-110/2023
18.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver