Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-143/2023 16.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Burcalıyev Sabir Arzu oğlunun katibliyi, ilkin İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın çıxarılması, Qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh Qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı evə köçürülmə tələblərinə dair mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus cehiz əmlakların (əşyaların) mənim mülkiyyətimdə olan Göyçay şəhəri Nizami küçəsi 197 saylı evin 3 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı mülkiyyətində olanGöyçay şəhəri, Nizami küçəsi, 197 saylı evin, 3 saylı mənzilə uşaqlarımla birlikdə köçürülməy barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay şəhəri Nizami küçəsi 197 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyətindədir. Həmin mənzil üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən 06 noyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 12 saylı reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınaraq, adıma hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X1 Cavabdeh ilə ailə qurmuş və sonuncu əşyaları ilə birlikdə hazırda onun mülkiyyətində olan mənzilə gəlin köçmüşdür. Sonradan qardaşı ilə münasibətləri pozulduğundan aralarındakı nikah pozulmuşdur. Dəfələrlə müraciət etməyinə baxmayaraq, Cavabdeh özünə məxsus əşyaları həmin mənzildən götürmür. Bu isə, mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə ki, mənzilin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməkdə çətinlik çəkirəm. Cavabdehə məxsus əşyalar mənzildə yer tutmaqla, məndə haqlı narahatçılıq yaradır. Buna görə də cavabdehə məxsus 5 ədəd dolabdan ibarət Divar mebeli, 1 ədəd taxt, 1 ədəd divan, 1 ədəd kreslo, 1 ədəd trümo, 1 ədəd massa, 1 ədəd miz, 1 ədəd taxt döşəyi, 1 ədəd tək döşək, ədəd yorğan, 10 ədəd balınc, 1 ədəd taxt ədyalı, 1 ədəd divan-kreslo üstü, 1 ədəd yay yorğanı (çantada), 4ədəd dəsmal (qutuda), 5ədəd dəsmal (açıq), 5ədəd süfrə, 4 ədəd balış üzü,, 1 ədəd yarım dəst «Madonna» çay servizi, 1 ədəd yarım dəst qara nahar servizi, 1 ədəd ağ kofe servizi, 5 ədəd fincan-nəlbəki, 6 ədəd qırmızı fincan-nəlbəki, 4 ədəd aş buludu (dörəsi), 42 ədəd qarışıq boşqab, 1ədəd fincan-nəlbəki dəsti (qutuda), 1ədəd qutuda tort qabı, 2 ədəd qutuda vaz, 1 ədəd böyük çaynik, 1 ədəd şüşə qrafin, 6 ədəd badə,1 ədəd büllur qrafin, 6 ədəd badə, 1ədəd büllur stəkan, qutuda, 1ədəd böyük büllur güldan, 1ədəd kiçik büllur güldan, 1 ədəd büllur meyvə qabı, 6 ədəd büllur konfet qabı, 1ədəd büllur fiqur,1 ədəd şüşə meyvə qabı, 1ədəd kiçik çaynik, 1 ədəd külqabı, 4 ədəd şüşə qənd qabı, 4 ədəd büllur stəkan, 4ədəd büllur badə, 17 ədəd limon qabı, 10 ədəd kiçik şüşə badə, 1 ədəd balıq fiquru, 10 ədəd armudu stəkan, 4 ədəd salat qabı, 9 ədəd şüşə güllü badə, 4ədəd duzqabı, 1 ədəd böyük çuqun qazan, 1 ədəd kiçik çuqun qazan, 1 ədəd böyük alüminium qazan, 1 ədəd kiçik alüminium qazan, 1 ədəd böyük teşt, 1 ədəd kiçik teşt, 1ədəd çuqun vedrənin mülkiyytində olan mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, X13 ilə nikaha daxil olduqdan sonra ünvan 1 ünvanda 3 övladı 15 avqust 2005-ci il təvvvəllüdlü X14, 10 oktyabr 2006- cı il təvvvəllüdlü X19, 01 yanvar 2013cü il təvvvəllüdlü X10 anadan olmuşdur. Lakin, sonradan cavabdehin qardaşı X13 ilə nikahları pozulmuşdur. Cavabdeh nikah pozulduqdan sonra onu və azyaşlı uşaqlarını qeydiyyatda olduğu mənzilə daxil olmağına və yaşamaqlarına maneəçilik yaratmışdır. Hazırda əşyaları həmin mənzildədir və cavabdehin qanunsuz hərəkətlərinə görə mənzilə daxil ola bilmirir.Buna görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mübahisəli mənzilə dair sənədlərə baxış keçirdərək hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş: - Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X13 arasında bağlanmış xx.xx.2015-ci il tarixli nikah pozulmuş, birgə nikahdan anadan olmuş azyaşlı uşaqlar Cavabdeh himayəsinə verilmişdir. Göyçay rayon İcra Hakimiyyəti Göyçay Mənzil İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli 22 nömrəli arayışından görünür ki, Göyçay şəhəri Nizami küçəsi ev 197, mənzil 3-də Cavabdeh, X15, X19, X10, X16, X3, X2 Mənsur Bayram oğlu, X6, X4 qeydiyyatdadır. Cavabdeh, X16, X3, X2 Mənsur Bayram oğlu, X6, X4 tərəfindən verilmiş ərizələrdən görünür ki, Göyçay şəhəri Nizami küçəsi ev 197, 3 saylı mənzilin X7 adına özəlləşdirilməsinə etiraz etməmişlər. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış çıxarışdan görünür ki, Göyçay şəhəri Nizami küçəsi ev 197, mənzil 3 X7 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. xx.xx.2021-ci il tarixli notariat orqanında təsdiq edilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Göyçay şəhəri Nizami küçəsi ev 197, 3 saylı mənzil X16 tərəfindən İddiaçı bağışlanmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış çıxarışdan görünür ki, Göyçay şəhəri Nizami küçəsi ev 197, mənzil 3 İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. E-məhkəmə sistemi çıxarışından görünür ki, Cavabdeh Göyçay şəhəri Nizami küçəsi ev 197, mənzil 3-də qeydiyyatdadır. Yuxarıda göstərilənlərlə müəyyən edilmişdir ki, Cavabdeh, X13 ilə nikaha daxil olduqdan sonra mübahisəli mənzildə yaşamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iclasında əldə edilən mötəbər sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ilə X13 xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşlar, nikaha daxil olduqdan sonra mübahisəli mənzildə yaşamışdır. Onların birgə nikahlarından xx.xx.2006cı il tarixdə X19, xx.xx.2013-cü il tarixdə X10 və xx.xx.2015-ci il tarixdə X14 anadan olmuşdur. Cavabdeh ilə X13 birgə nikah dövründə olduqları zaman, mübahisəli mənzilin bağışlanmasına dair ərizə ilə notariat orqanına müraciət etmişlər, mənzil X8 atası X7 adına özəlləşdirilmişdir. Daha sonra mübahisəli mənzil daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X16 tərəfindən hazırki ilkin iddia üzrə İddiaçı bağışlanmışdır. Cavabdeh ilə X13 arasında ailə münasibətləri pozulduğundan, aralarında bağlanmış nikah Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyrimüəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilr (qanunun analogiyası). Qeyd edilən maddi hüquq normalarını hazırkı iddia tələbi üzrə mübahisəli evin hüquqi statusunun müəyyən edilməsi ilə əlaqədar tətbiq edərək müəyyən etmişdir ki, mübahisəli ev mülkiyyət hüququ əsasında qeydə alınmamışdır. Tərəflər arasında olan mübahisəli mülki hüquq münasibətləri mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyinə görə məhkəmə hesab edir ki, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları, yəni qanunun analogiyası tətbiq olunmalıdır. Tərəflər arasında hüquq münasibətlərinin xx.xx.2015-ci ildə yaranmasını nəzərə alaraq, bu qənaətə gəlir ki, mülki mübahisə qanunun aralogiyası üzrə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68-ci maddəsinin tələblərinə uyğun şəkildə həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.Həmin məcəllənin 68.2-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 68.3-cü maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu huquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yerinin olması təsbit olunmuşdur. İş materiallarından göründüyü kimi Cavabdeh İddiaçı qardaşı X8 arvadı kimi birgə qeyd edilən mənzildə 6 il müddət ərzində yaşamışdır. Buna görə də məhkəmə hər iki iddiaya məcmusu halında qiymət verərək hesab edir ki, qarşılıqı iddia üzrə ididaçı Cavabdeh Göyçay şəhəri Nizami küçəsi ev 197, 3 saylı mənzildə yaşamaq hüququ olduğundan, ilkin iddia üzrə İddiaçı ilkin iddi üzrə Cavabdeh qarşı əmlakın çıxarılması tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, evə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Göründüyü kimi, hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də, 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə evdən çıxarma, güc tətbiq etməklə evə buraxmama və s.) yol verən şəxsin ev üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Məhkəmə qeyd edir ki, əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır. Belə ki, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddia tələbindən göründüyü kimi, Cavabdeh uzun müddət yaşadığı evə İddiaçı Bayam oğlu tərəfindən buraxılmaması səbəbindən, hazırki qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, himayəsində olan 3 yetkinlik yaşına çatmamış uşaqları ilə mübahisəli mənzilə köçürülməsini xahiş etmişdir. Bu halda məhkəmə hesab edir ki, «evə köçürülmə» tələbi ilə «yaşayış sahəsinə istifadə hüququnun tanınması» tələbinin mahiyyətinə aydınlıq gətirilməli, onların birbirindən fərqləndirici əlamətləri açıqlanmalıdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyinəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Göründüyü kimi, qanunverici istifadə hüququnun yaranması və ona xitam verilməsi əsaslarını dəqiq təsbit etməklə, bu hüququn həyata keçirilməsi qaydalarını da müəyyən etmişdir. Məzmunu açıqlanan normaların tələbindən göründüyü kimi, istifadə hüququ əldə etmiş şəxs mülkiyyətçi ilə yanaşı daşınmaz əmlak üzərində müəyyən həcmdə hüquq qazanır. Qanunverici bu hüququn gerçəkləşdirilməsi üçün mülkiyyətçi ilə notarial qaydada təsdiq edilmiş müqavilənin bağlanmasını və həmin müqavilə əsasında istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını ehtiva edir. Qanunvericiliyə görə, yaşayış sahəsinə istifadə hüququnun tanınmasından fərqli olaraq, evə köçürülmə zamanı şəxsin həmin daşınmaz əmlak üzərində hər hansı hüququ yaranmır. Digər sözlə ifadə etdikdə, evə köçürülmə tələbinin təmin edilməsi ilə şəxsin əvvəllər yaşadığı evdən qanunsuz məhrum edilməsi halı aradan qaldırılır. Bu səpkidən olan işlərə baxılarkən şəxsin həmin evdən istifadə hüququnun olub-olmaması deyil, yuxarıda açıqlandığı kimi evdə əvvəllər yaşayıb-yaşamaması, yaşamışdırsa qanunsuz məhrum edilib-edilməməsi araşdırılaraq mübahisəyə müvafiq hüquqi qiymət verilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı (mənzildə yaşamaq səlahiyyəti versə idi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada «heç kəs» və «yaşadığı» ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarından biri də mühafizə funksiyasıdır. «Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz» məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Əgər «heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz» məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı əmlakın çıxarılması tələbinə dair iddiası rədd edilməli, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə köçürülməsi tələbi təmin edilməli, Cavabdeh himayəsində olan xx.xx.2006-cı il tarixdə anadan olmuş X19, xx.xx.2013-cü il tarixdə anadan olmuş X10 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X14 ilə birlikdə Göyçay şəhəri Nizami küçəsi ev 197, 3 saylı mənzilə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı əmlakın çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh himayəsində olan xx.xx.2006-cı il tarixdə anadan olmuş X19, xx.xx.2013-cü il tarixdə anadan olmuş X10 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X14 ilə birlikdə Göyçay şəhəri Nizami küçəsi ev 197, 3 saylı mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-143/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-143/2023
16.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver