Məhkəmə qərarları › İş №2(046)-145/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-145/2024

12.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-145/2024 12.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi X5 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək 1916-cı ildə anadan olmuş anası X1 10 may 1971-ci ildə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, mərhum anası X2 1916-cı ildə anadan olmuş, 1971-ci il 10 may tarixində ev şəraitində vəfat etmişdir. O, Göyçay rayonu ərazisində yerləşən 1-ci Ərəbcəbirli kənd qəbiristanlığında dəfn edilmişdir. Bu fakt müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş sənədlər və şahidlərlə təsdiq edilir. Bu vaxta kimi anasının ölüm haqqında şəhadətnaməsini almamışlar. Hazırda bacısına məxsus olan torpaq sahəsinin vərəsəlik qaydasında əldə edilməsi üçün birinci növbə vərəsələrin müvafiq sənədləri notariat orqanına təqdim edilməlidir. Anasının ölüm haqqında şəhadətnaməsi olmadığı üçün onlar vərəsəliklə bağlı sənədləşdirmə işlərini həyata keçirə bilmirlər. Göyçay rayonu Qeydiyyat şöbəsinə də müraciət etmiş, lakin ona təqdim edilmiş 11 oktyabr 2023-ci il tarixli məktubdan da görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X1 ölüm akt qeydi aşkar edilməmişdir. Buna görə də məhkəmə qaydasında anasının ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Vəkil ərizədə göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişlər. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 göstərdi ki,Ərizəçi anası X2 ilə yaxın qonşu olmuş, bir birlərinin evinə gedib-gəlmişlər. Sonuncu uzun müddət yataq xəstəsi olmuş və ev şəraitində müalicə alırmış. Mərhum 1971-ci ilin may ayında Göyçay rayonu ərazisində yerləşən 1-ci Ərəbcəbirli kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 göstərdi ki, Ərizəçi onun qonşusu olmuşdur. 1971-ci ildə Bakı şəhərində olmağına baxmayaraq dəqiq xatırlayır ki, X1 1971-ci ilin may ayında vəfat etmişdir. Mərhum Göyçay rayonu ərazisində yerləşən 1-ci Ərəbcəbirli kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə vəkilin çıxışını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Yazılı sübut qismində işə əlavə edilmiş Maraqlı şəxs 11 oktyabr 2023-cü il tarixli, 05/11-652 saylı məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində 1971-ci il tarixdən xx.xx.2023-cü il üzrə yoxlama aparılarkən, X1 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Eyni zamanda X1 ölüm faktının qeydə alınması ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün mümkün olmadığından imtina edilərək, ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Göyçay rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 18-1-40/2-1423/2023 saylı məktubdan görünür ki, Göyçay rayon sakini, 1916-cı il təvəllüdlü, 1971-ci ildə vəfat etmiş X1 forma-106 ölüm şəhadətnaməsi haqqında Göyçay RMX PHŞ-in proqramında heç bir məlumat olmadığı üçün ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətini vermək mümkün olmamışdır; Göyçay rayonu, Ərəbcəbirli kənd Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 47 saylı arayışından görünür ki, X2 1916-cı ildə doğulmuş, 1971-ci ildə vəfat etmiş, 1-ci Ərəbcəbirli kənd ərazisində yerləşən qəbiristanlığında dəfn olunmuşdur; 515938 nömrəli pasportdan görünür ki, X2 1916-cı ildə Göyçay rayonu, Alxasava kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının (AR Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 1916-cı ildə Göyçay rayonun Alxasava kəndində anadan olmuş X1 10 may 1971-ci ildə Göyçay rayonun 1-ci Ərəbcəbirli kəndində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 1916-cı ildə Göyçay rayonun Alxasava kəndində anadan olmuş X1 10 may 1971-ci ildə Göyçay rayonun 1-ci Ərəbcəbirli kəndində vəfat etməsi faktı müəyyən edilsin. Bu qətnamə X1 ölümünün qeydiyyat orqanında qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar