Məhkəmə qərarları › İş №2(046)-1520/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1520/2025

26.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1520/2025 26.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Əliyeva Leyla Bəhər qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə onun aralarında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli MŞQ/MT- 035/2024-038 nömrəli barışıq sazişinin təsdiq edilməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə barışıq sazişi təsdiq edilmişdir. Həmin barışıq sazişinə əsasən aralarında nikahın pozulması və davam etdirilməməsi barədə razılığa gəlinmiş, həmçinin Maraqlı şəxs xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ona hər uşaq üçün hər ay 120 manat olmaqla, cəmi 360 manat aliment ödənilməsi barədə razılığa gəlinmiş, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin könüllü icrası üzrə müəyyən olunmuş 10 gün müddət keçsədə maraqlı şəxs ona hər ay cəmi ödəməli olduğu 360 manat alimenti ödəməmiş, müxtəlif bəhanələr gətirmiş, alimenti ödəməkdən yayınaraq boyun qaçırtmağa başlamışdır. Məhkəmə iclasında Maraqlı şəxs izahat verərək bildirdi ki, Ərizəçi ilə 27 yanvar 2010-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə yaşadıqları müddətdə 3 uşaqları anadan olmuşdur. İddiaçı ilə aralarında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmış, barışıq sazişinə əsasən üç uşağın saxlanması üçün hər ay hər uşağa görə 120 manat olmaqla cəmi 360 manat alimentin ödənilməsi ilə bağlı razılıq əldə edilmişdir. Qeyd edir ki, atası ilə birlikdə yaşayır, özüdə 1-ci qrup əlildir. İş fəaliyyətini itirdiyi üçün heç yerdə işləyə bilmir. Ərizəçi hər ay 3 uşağın saxlanması üçün 360 manat alimentin ödənilməsinə razıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş Ərizəçi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək işlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin məhkəmə baxış iclasında Ərizəçi izahat verərək bildirmişdir ki, Maraqlı şəxs ilə aralarında xx.xx.2024-cü il tarixli MŞQ/MT-035/2024-038 nömrəli barışıq sazişinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər uşaq üçün hər ay 120 manat olmaqla, cəmi 360 manat aliment ödənilməsi barədə razılığa gəlinmiş, lakin mediasiya prosesi təsdiq edilməsinə baxmayaraq, Maraqlı şəxs ona hər ay ödəməli olduğu 360 manat alimenti ödəmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Yazılı sübut qismində işə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-566/2024 saylı məhkəmə qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs ilə Göyçay rayon Qeydiyyat Şöbəsində 27 yanvar 2010-cu ildə 18 № ilə qeyd edilmiş nikahı pozulmuşdur. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və mediator X4 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki: 1.”Tərəflər” nikahın pozulması və davam etdirilməməsi barədə razlığa gəlirlər.

2. “İkinci tərəf” xx.xx.2010-cu il tarixində anadan olmuş X1, xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün “Birinci tərəf”ə hər uşaq üçün hər ay 120 (yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat aliment ödəməyi öhdəsinə götürür.

3. “Tərəflər” X1, X2 və X3 “Birinci tərəf’in himayəsinə verilməsi barədə razılığa gəlirlər.

4. ”İkinci tərəf”,alimentin hər ay vaxtında ödənilməsi üçün gözdən əlil olduğuna görə ona təyin edilən pensiyanı,cəmi 360 manat və bu pensiyanın bankomatdan çıxarılması üçün pensiya kartını bu müqavilə imzalananadək “Birinci tərəf’ə təqdim edir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzindən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 100 məbləğində pul ərizəçi tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində barışıq sazışı imzalanmışdır. Həmin sazişin şərtlərin könüllü icrasından Maraqlı şəxs tərəfindən imtina edilmişdir. Ərizəçi ilə Maraqlı şəxs mediasiyada edilən nikahın pozulması tələbi ilə əlaqədar nikahın davam etdirilməməsində razılığa gələ bilmişlər və Ərizəçi nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-566/2024 saylı qətnaməsi ilə iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2010-cu il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində 18 №-li qeyd ilə bağlanmış nikah pozulmuşdur. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki- Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs barışıq sazişinin aliment tələbinə dair hissə üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə xx.xx.2024-cü il tarixli barışıq sazişinin 2-ci bəndi məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə qismən təmin olunmalı, ərizə qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 2-ci bəndinin aşağıdakı şərti təsdiq edilsin:

2. “İkinci tərəf” xx.xx.2010-cu il tarixində anadan olmuş X1, xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün “Birinci tərəf”ə hər uşaq üçün hər ay 120 (yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat aliment ödəməyi öhdəsinə götürür. Maraqlı şəxs ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat tutularaq Ərizəçi xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Aliment tutulması hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar