Məhkəmə qərarları › İş №2(046)-1554/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1554/2022

02.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1554/2022 02.12.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəyəri 300 manat olan 1 ədəd üzük, dəyəri 1000 manat olan 1 ədəd boyunbağı və qolbaq, dəyəri 1400 manat olan 1 ədəd sırğa-üzük dəsti, dəyəri 250 manat olan nişan üzüyün Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 08 aprel 2019-ci il tarixli, 2(046)-195/2019-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikahın pozulmuşdir. Faktiki ayrıldıqdan sonra ona məxsus olan hədiyə edilmiş və dəyəri 300 manat olan 1 ədəd üzük, dəyəri 1000 manat olan 1 ədəd boyunbağı və qolbaq, dəyəri 1400 manat olan 1 ədəd sırğa-üzük dəsti, dəyəri 250 manat olan nişan üzüyü olmaqla qızıl-zinət əşyaları cavabdehin qanunsuz sahibliyində qalmışdır. Bu günə qədər də cavabdeh tərəfindən onun mülkiyyət hüququnun pozulması davam etməkdədir. İddiaya etriraz: İddiaçı ilə aralarında bağlanmış nikah Göyçay rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-195/2019 saylı qətnaməsi ilə pozulmuşdur. 2019-ci ilin avqust ayının 30-da oğlu Cəsura kiçik toy şənliyi edərkən, iddiaçının atasının vasitəsi ilə İddiaçı ilə aralarında barışıq olmuşdur. Barışıq olduqdan sonra yenidən ailə kimi bir yerdə yaşamağa başlamışlar. Barışdıqdan sonra 2021-ci ilin sentyabr ayının əvvələrinə kimi mehriban olaraq sözsüz-söhbətsiz birgə yaşamışlar. İddiaçı 2021-ci ilin sentyabr ayının əvvələrində onunla məsləhət etmədən və bildirmədən özbaşına Göyçay rayonunda yerləşən marketlərdən birinə işə düzəlmiş və işləməyə başlamışdır.İddiaçı özbaşına məsləhət etmədən işə düzəlməsi aralarında narazılığa səbəb olmuşdur. İddiaçı işləməyə başladığı sentyabr ayının əvvələrindən oktyabr ayının 20-nə kimi yaşadıqları Göyçay rayon Cəyirli kəndinə mütəmadi gəlib getmiş və hər dəfə özünə məxsus, geyim əşları, kosmetika, sənədlər və qızıl-zinət əşyalarını özü ilə atası evinə aparmışdır. İddiaçının qızıl-zinət əşyaları birinci dəfədə 2018-ci ildə ayrılıb gedəndə də özündə olmuş və sonradan, barışdıqları vaxtda da həmin qızıl-zinət əşyalarından özü istifadə etmişdir. İddiaçı sonuncu dəfə 2021-ci ilin sentyabr ayının əvvələrində işə düzəlib evdən gedərkən onunla aralarında narazılıqlar olsa da ciddi dava-dalaş olmamış, bununla bağlı polis idarəsinə hər hansi bir müraciət olunmamışdır. İddiaçı həmən vaxt rahat şəkildə birlikdə yaşadıqları evə gəlib getmiş özünə məxsus yuxarıda qeyd etdiyi geyim əşyaları , kosmetika, sənəd və qızılzinət əşyalarını özü ilə aparmışdır. Qızıl-zinət əşlayarının onda qalması ilə bağlı cavabdeh tərəfindən hər hansı mötəbər bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə isə ancaq sübut kimi şəkillər təqdim edilmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehlə aralarında bağlanmış nikah pozulduqdan sonra cavabdeh ona məxsus qızıl-zinət əşyalarını zorakılıq tədbiq etməklə, onu döyərək qızıl zinət əşyalarını almışdır. Bundan sonra Cavabdeh ona məxsus olan qızıl-zinət əşyalarını satmışdır. Alınan pul məbləğindən Cavabdeh cəmi 1 dəfə evə bazarlıq etmişdir. Qalan bütün pulu isə özünə götürmüşdür. Cavabdeh onu bacısının və anasının gözü qarşısında dəfələrlə döymüş, bu barədə atası imkan vermədiyindən cavabdehin qanunsuz hərəkətlərindən polisə şikayət etməmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh nümayəndəsi (vəkili) Vəkil cavabdehin məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazı müdafiə edərək göstərmişdir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi qızıl-ziynət əşyalarını tərəflər ayrıldıqdan sonra iddiaçı özü ilə aparmışdır. Bundan başqa tərəflər arasında bağlanmış nikah, məhkəmənin 08 aprel 2019-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, iddiaçı isə üç il keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərindən və foto şəkillərdən görünür ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi qızıl-ziynət əşyaları təqdim edilmiş görüntülərdə öz əksini tapmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsaəsn nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı müəyyən edilmişdir ki, tərəflər 2009-cu il tarixdə ailə qurmuşlar, aralarında yaranmış mübahisəyə görə nikahları 2019-cu il tarixdə pozulmuşdur. Birgə nikah dövründə yaşadıqları müddət ərzində cavabdeh iddiaçıya toy və nişan mərasimlərində hədiyyə edilmiş qızıl-ziynət əşyaları cavabdehdə qalmışdır. Bundan başqa məhkəmə hesab edir ki, tərəflər arasında nikah pozulduqdan 3 il sonra, iddiaçı cavabdehlə ümumi əmlakının bölünməsi barədə deyil, özünə məxsus qızılziynət əşyalarını cavabdehdən alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, üç illik iddia müddəti hazırki mübahisəyə tətbiq edilə bilməz. Cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi qeyd edilən qızıl-zinət əşyalarının cavabdehdə qaldığına dəlalət edir. İşin halları ilə müəyyən olunur ki, İddiaçı məxsus qızıl-zinət əşyaları Cavabdeh qanunsuz sahibliyindədir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında qanunun 9.1-1 -ci maddəsinə əsasən “Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Dövlət rüsumu haqqında qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddiaçı tərəf 50 manat mediasiya xərcini ödədiyi üçün 49.5 manat olan dövlət rüsumunun ödəməkdən azad edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, İddiaçı məxsus dəyəri 300 manat olan 1 ədəd üzük, dəyəri 1000 manat olan 1 ədəd boyunbağı və qolbaq, dəyəri 1400 manat olan 1 ədəd sırğa-üzük dəsti, dəyəri 250 manat olan nişan üzüyün, həmin əşyalar mövcud olmadığı halda onların ümumi dəyəri olan 2950 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Dəyəri 300 manat olan 1 ədəd üzük, dəyəri 1000 manat olan 1 ədəd boyunbağı və qolbaq, dəyəri 1400 manat olan 1 ədəd sırğa-üzük dəsti, dəyəri 250 manat olan nişan üzüyün, həmin əşyalar mövcud olmadığı halda onların ümumi dəyəri olan 2950 manat Cavabdeh alınaraq İddiaçı verilsin. 50 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar