Məhkəmə qərarları › İş №2(046)-234/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-234/2024

29.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-234/2024 29.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyev Sevinc Elçin qızının katibliyi, İddiaçı X3, Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5300 (beş min üç yüz) manat məbləğində qızıl- zinət əşyaları, 1 ədəd televizoru və ya onların ümumi dəyəri və iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumu alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını xx.xx.2010-cu il tarixdə Göyçay rayon İcra Hakimiyyəti Başçısının Çərəkə kənd İcra Nümayəndəliyində qeyd etdirmişlər. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdehlə ayrılmış, hazırda valideyinlərinə məxsus evdə yaşayır. Ancaq ona hədiyyə verilmiş qızıl-zinət əşyaları və 1 ədəd rəngli televizoru Cavabdeh götürmüşdür. Dəfələrlə tələb etməsinə baxmayaraq həmin qızıl- zinət əşyaları və televizoru cavabdeh ona qaytarmaq istəməmişdir. Həmin qızıl-zinət əşyaları aşağıdakılardır: 1 ədəd Rusiya istehsalı olan 586 əyyarlı brilyant qaşlı 3.5 qram qızıl nişan üzük, dəyəri 400 manat, 1 ədəd brilyant qaşlı Rusiya istehsalı olan 586 əyyarlı 2.3 qram qızıl üzük, dəyəri 300 manat, Rusiya istehsalı olan 586 əyarlı “Karona” brliyant qaşlı qızıl dəsti, 1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd sep, 1 ədəd qolbaq ümumi çəkisi 15 qram dəyəri 3000 manat, Rusiya istehsalı 586 əyarlı 1 ədəd safır qaşlı qızıl üzük 2.2 qram, dəyəri 250 manat, Rusiya istehsalı 586 əyarlı olan 1 ədəd sadə qaşlı 1.8 qram fantaziya üzük, dəyəri 300 manat, 2 ədəd Rusiya istehsalı olan 586 əyyarlı badamı üzük hər biri 1.8 qram, ümumi dəyəri 500 manat, Rusiya istehsalı olan 586 əyyarlı klonlu sep 2.2 qram, dəyəri 250 manatdır. Cavabdehdə qalan cehiz əşyası 1 ədəd dəyəri 300 manat və LC markalı rəngli televizor, dəyəri 300 manat. Bunların cəmi dəyəri 5300 (beş min üç yüz ) manat təşkil edir. Məhkəməyə müraciət etməzdən əvvəl mediasiyaya müraciət etmişdir. Mediasiyada cavabdeh cehiz əşyalarını qaytarmağa razılıq vermiş, ancaq qızıl-zinət əşyalarının qaytarmamağını onunla əsaslandırdı ki, qızıl-zinət əşyalarını guya o, birgə nikah dövründə itirmişdir. O, cavabdehə məxsus evdən cehiz əşyalarını götürsə də, cavabdeh 1 ədəd televizoru və qızıl-zinət əşyalarını verməmişdir. Buna görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, İddiaçı ona qarşı iddia qaldıraraq, 5300 manat dəyərində qızıl-zinət əşyalarının, 01 ədəd televizorun və ya onların ümumi dəyərinin və iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi əsassız olduğundan aşağıdakı şəkildə etiraz edir: Salmanova (Nəbiyeva) Xədicə Məzahir qızı ilə xx.xx.2010- cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X16, xx.xx.2015-ci il tarixdə isə X11 anadan olmuşlar. Həyat yoldaşı İddiaçı vəhabi dininə xidmət etdiyinə görə onun həyata baxışı bir qədər fərqli olmuşdur. Birgə yaşadığı dövrdə İddiaçı övladlarına ana qayğısı göstərməmiş, özünə qapanaraq bütün günü otaqdan çıxmayaraq dini kitablar oxumuş, uşaqlarla məşğul olmamışdır. 2022-ci ilin mart ayının 18-də övladları - Zakir və Güllünü onun üstümə ataraq, heç bir səbəbi olmadan yaşadığı evi tərk edərək atası evinə getmiş, bir daha geri qayıtmamışdır. İddiaçı bir ana olaraq, 4 ay ərzində uşaqlarla qətiyyən maraqlanmamış, yalnız 21 iyul 2022-ci il tarixdə nikahın pozulmasına dair məhkəmədə iddia qaldırmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-125/2023 saylı qətnaməsinə əsasən onunla İddiaçı arasında xx.xx.2010-cu il tarixdə Göyçay rayon İHB-nin Çərəkə kənd İƏD üzrə nümayəndəliyində bağlanmış nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X7 İddiaçı yanında saxlanılmaları qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-125/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən narazı olduğu üçün tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-744/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş, əsaslandırılmamış qətnamə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-744/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə narazı olduğu üçün tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 49/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəki Apellyasiya Məhkəməsinin qəbul etdiyi qətnamə tam ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Qeyd etmək istəyir ki, 06 iyun 2023-cü il tarixdə qızı Güllü oxuduğu Qeyis Baxışova adına Göyçay rayonu, Çərəcə kənd orta məktəbinin yaxınlığında anası İddiaçı və onun yaxınları tərəfindən zorla qaçırılmışdır. Hal-hazırda oğlu Zakir onun himayəsindədir. 29 avqust 2023-cü il tarixdə İddiaçı şahidlərin iştirakı ilə özünə məxsus cehiz əşyalarını yaşadıqları evdən aparmış, bu barədə müvafiq akt tərtib olunmuşdur. İddiaçı sözləri aktda öz əksini tapmışdır: “Bütün cehizlərini, əşyalarını götürmüşdür. Onun yeganə iradı televizorla əlaqədardır. 4-5 il bundan qabaq ailə üzvləri tərəfindən sındırılmışdır.” Sonda tərtib olunmuş akt ucadan oxunmuş, cehizləri aparan şəxslər (şahidlər) (İddiaçı qohumları): - X8 (qardaşı), X12 (dayısı) və X20 (əmisi oğlu) tərəfindən imzalanmışdır. İddiaçı cehiz əşyalarını aparan zaman qızıl-zinət əşyaları barədə hər hansı bir tələb irəli sürməmişdir. 29 avqust 2023-cü il tarixdə Mediasiya Təşkilatında onun İddiaçı arasında cehiz tələbinə dair barışıq sazişi imzalanmışdır. Burada da İddiaçı qızıl-zinət əşyaları və televizor barədə heç bir söz deməmişdir. Bir gün sonra, yəni 01 sentyabr 2023-cü il tarixdə İddiaçı qızılzinət əşyaları tələbinə dair Mediasiya Təşkilatına müraciət edir. Burada məntiqli sual meydana gəlir: “Niyə görə İddiaçı qızıl-zinət əşyaları ilə televizoru bir yerdə deyil, ayrıayrılıqla tələb edir, qısa müddət ərzində?” İddia ərizəsində qeyd edilən brilyant qaşlı nişan üzüyü, “Karona” komplekti və fantaziya üzüyü (siyahı üzrə 1,3,5) tərəfindən 2010-cu ilin noyabr ayında Ucar şəhərində yerləşən “Platin” mağazasının qızıl şöbəsindən alınmışdır (artıq 2-3 ildir ki, qızıl şöbəsi fəaliyyəti dayandırılmışdır). Sapfır qaşlı qızıl üzüyü (siyahı üzrə 4) xalası X17, klonlu sepi isə (siyahı üzrə 7) əmisı X1 Xədicə Məzahir qızına hədiyyə etmişlər. İddiaçı siyahıda qeyd edilən qızıl üzüyü (№ 2) və badamı üzüyü (№ 6) heç vaxt olmamışdır. 2017-ci ilin noyabr ayında kəndlərində X2 toy məclisi olmuşdur. Toy axşamı həyat yoldaşı İddiaçı yuxarıda qeyd edilən qızıl-zinət əşyalarını itirmişdir. Onun dediyinə görə toydan sonra qızıllarını çıxararaq cibinə qoymuş, qaçarkən cibindən salıb itirmişdir. O zaman qızılların itməsinə görə yaşadıqları evdə böyük söz-söhbət olmuşdur. Toyun səhəri günü qaynanası X19 onların evinə gələrək bildirdi ki, falçıya getmiş və falçı ona demişdir ki, guya itmiş qızılları kimsə barıdan onların həyətinə atacaq. Təxminən 2015-ci ildə televizor altlığı nasaz olduğu üçün televizor onun üstündən düşərək sınmışdır. Göründüyü kimi, İddiaçı iddia tələbi əsassızdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı ona qarşı məhkəmədə qaldırdığı 5300 manat dəyərində qızıl-zinət əşyalarının, 01 ədəd televizorun və ya onların ümumi dəyərinin və iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun ona verilməsinə dair iddia tələbi əsassız olduğundan rədd olunması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X6 iddianı müdafiə etdi və əlavə olaraq bildirdi ki, cavabdehlə aralarında son zamanlar ciddi mübahisələr olurmuş və sonuncu davadalaşdan sonra o özünün və uşaqların əşyalarını toplayaraq valideyinlərinin evinə getmək qərarına gəlmiş, lakin cavabdeh uşaqları vermədiyindən evi tək tərk ertmişdir. O zaman nə qızlları nə də cehiz əşyaları yadına düşməmişdir. Sonralar uşaqlarla bağlı mübahisələr davam etmişdir. Cavabdeh tərəfindən verilmiş etirazın onun tərəfindən cehiz əşyalarının aparılması zamanı qızıl-zinət əşyaları barədə hər hansı bir tələb irəli sürməməsi hissə ilə bağlı qeyd edir ki, cehiz əmlakını xx.xx.2023-cü il tarixdə götürdükdən sonra cavabdeh tərəfindən ona hədiyyə edilmiş qızıl-zinət əşyaları qaytarılmadığından, qanunla müəyyən edilmiş qaydada 01 sentyabr 2023-cü il tarixdə mediasiya təşkilatına müraciət edərək, cavabdehdən qızıl-zinət əşyalarını tələb etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, iddiaya etiraz ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və onda yalnız iddia ərizəsində qeyd olunan televizorun mövcüd olduğunu, qızıl-zinət əşyalarının isə iddiaçı tərəfindən 2017-ci ildə itirildiyini bir daha bildirmişdir. Qızıl-zinət əşyalarının itməsi ilə bağlı aidiyyəti orqanlara müraciət olunmamasının səbəbi kimi səhlənkarlığını göstərmiş və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X13 göstərdi ki, Cavabdeh qardaşıdır. 2017-ci ildə İddiaçı qardaşı Nahidi Salmanovla birlikdə toy mərasiminə getmişlər. O, həmin vaxt iddiaçıya uşağı toy mərasiminə aparmamasını bildirmişdir. İddiaçı qardaşı Cavabdehla birlikdə onlara gəlmiş, uşağı onun yanında qoymuş və onun uşağını toy mərasiminə aparmışlar. O, həmin vaxt iddiaçıya toy mərasiminə getdiyinə görə qızılları üzərinə taxmasını bildirmişdir. İddiaçı qızılları üzərinə taxaraq toy mərasiminə getmiş və toydan çıxaraq əvvəl əynindəki paltarı dəyişmək üçün evinə getmişdir. Bundan sonra o, evdə heç kim olmadığından və qızılları nəzarətsiz qoymaq istəmədiyindən qızıl-zinət əşyalarını cibinə qoyaraq uşağını götürməyə gəlmişdir. Gəlib çatandan sonra bildirmişdir ki, qızıl əşyalarını yolda itirmişdir. O, iddiaçıya məxsus qızıl-zinət əşyalarını axtarsa da tapa bilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 göstərdi ki, İddiaçı toy mərasimindən qayıtdıqdan sonra qızıl-zinət əşyalarının itirdiyini bildirmişdir. O, gəlini Nərmin Salmanova ilə birlikdə qonşulardan soruşsa da qızıl-zinət əşyaları tapılmamışdır. Qızıl-zinət əşyalarının itməsi ilə bağlı polis şöbəsinə müraciət edilməmişdir. İddiaçı toy mərasiminə gedərkən üzərində qızıl zinət əşyalarından boyunbağı, qolbaq və əlində üzüklər olmuşdur. İş materiallarından əlavə edilmiş: - Göyçay Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli 2(046)-125/2023 saylı qətnaməsindən görünür ki İddiaçı ilə Cavabdeh xx.xx.2010-cu il tarixdə Göyçay rayon İHB-nin Çərəkə kənd İƏD üzrə nümayəndəliyində 36 №-li qeyd ilə bağlanmış nikahın pozulması, xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X7 İddiaçı yanında saxlanılması, xx.xx.2015-ci il tarixdə anadan olmuş X11 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X16 Cavabdeh alınaraq İddiaçı verilməsi, qətnamə xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X7 atası Cavabdeh alınaraq anası İddiaçı verilməsi hissədə icra edilərkən, icra prosesində Zakirin və Güllünün təhsil aldıqları Göyçay rayon Çərəkə kənd tam orta məktəbin psixoloqunun və Zakirin və Güllünün tədrisini həyata keçirən pedaqoqun iştirakının təmin edilməsi, qətnamə bu hissədə qanuni qüvvəyə mindiyi gündən 15 gündən gec olmayaraq icra edilməsi qət edilmişdir. - fotoşəkillərdən görünür ki, İddiaçı nişan-toy mərasimində qızıl əşyaları hədiyyə edilmişdir. - zərgərlik xidməti üzrə qiymətləndirici kimi fəaliyyət göstərən X10 qiymətləndirmə rəyindən görünür ki, İddiaçı təqdim etdiyi fotoşəkillərə əsasən 1 ədəd Rusiya istehsalı olan 585 əyyarlı brilyant qaşlı, çəkisi 3.5 qram olan qızıl nişan üzüyün dəyəri 400 manat, 1 ədəd briylant qaşlı Rusiya istehsalı olan 585 əyyarlı, çəkisi 2.3 qram olan qızıl üzüyün dəyəri 300 manat, Rusiya istehsalı olan 585 əyarlı komplektin (sırğa, üzük, sep, qolbaq) ümumi çəkisi 15 qram olan dəyəri 3000 manat, Rusiya istehsalı 585 əyarlı 1 ədəd safır qaşlı qızıl, çəkisi 2.2 qram olan üzüyün dəyəri 250 manat, Rusiya istehsalı 585 əyarlı 1 ədəd, çəkisi 1.8 qram olan “fantaziya” üzüyün dəyəri 300 manat, 2 ədəd Rusiya istehsalı olan 585 əyyarlı badamı üzüyün hər birinin çəkisi 1.8 qram olan, ümumi dəyəri 500 manat, Rusiya istehsalı olan 585 əyyarlı, çəkisi 2.2 qram olan kulonlu sepin dəyəri 250 manat, cəmi 5000 manatdır. - Qəbələ 1 saylı Mediasiya təşkilatının mediatoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı özünə məxsus cehiz əşyalarını cavabdehdən təhvil almışdır. İddiaçıya məxsus LC markalı rəngli televizorun yararsız vəziyyətə salınması ilə bağlı onun tərəfindən bildirilən irad aktda qeyd olunmuşdur. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasənm mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak,habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında,digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla,fərdi istifadə şeyləri (geyim,ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də,ərarvadın kimin istifadəsində olubsa,ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Məhkəmənin mövqeyi: İşin mübahisəsiz halı ondan ibarətdir ki brilyant qaşlı və badam formasında olan qızıl üzüklər (№ 2 və № 6) istisna olmaqla, iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyaları toynişan mərasimi zamanı cavabdeh və onun ailə üzvləri tərəfindən iddiaçıya hədiyyə edilmişdir. Bundan başqa, İddiaçı LC markalı rəngli televizoru cavabdehlə yaşadığı evə cehiz qismində gətirmişdir. Məhkəmə tərəflərin izahatlarına, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Cavabdeh İddiaçı iddia tələbində qeyd edilən əşyaların iddiaçı tərəfindən toya gedərkən itirdiyini və həmin qızıl əşyalarından 2 ədəd üzüyün heç vaxt görmədiyini qeyd etsə də, bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddiaçının evi tərk etməsi şəraitini xarakterizə edən halları (həyat yoldaşı ilə dava-dalaşdan sonra evinin tərk edilməsi, uşaqlarla bağlı mübahisənin yaranması) və cavadehin iddiaçı tərəfindən qızıl-zinət əşyalarının itirilməsi şəraiti ilə bağlı verdiyi məlumatları əsas götürərək hesab edir ki, indiki halda sübutetmək yükü bilavasitə cavabdeh tərəfin üzərinə düşür. Belə ki, məhz cavabdeh iddia tələbinə etirazın əsası kimi istinad etdiyi halları, yəni iddiaçının həmin əşyaların itirilməsi halını sübut etməlidir. Çünki qızıl-ziynət əşyalarının mövcud olması fotoşkillərlə müəyyən edilmiş və yaranmış vəziyətlə əlaqədar qızıl əşyalarını götürə bilməməyi sübut edilmişdir. Lakin cavabdeh tərəfindən qeyd edilən halla bağlı, habelə iddiaçının istinad etdiyi halları təkzib edən heç bir sübut vasitəsi təqdim edilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia tələbi üzrə MM-nin 157.2-ci maddəsinin dispoiztiv şərtləri mövcud olmuşdur. Ona görə də idida tələbi qeyd edilən hissədə (qızıl-zinət əşyalarının qaytarılması hissəsində) təmin edilməlidir. Məhkəmə iclasında şahidlər X13 və X4 verdikləri izahatlara münasibətdə məhkəmə qeyd edir ki, göstərilən halların həqiqətə uyğun olması şübhə doğurur. Belə ki, iddiaçı tərəfindən məhz fotoşəkillərdə göstərilən qızıl əşyalarının evdə heçkim olmadığından və onların oğurlanması ehtimalı olduğundan cibində baldızının evinə aparılması və yolda onun itirilməsi və bundan sonra ailə üzvlərinin qızılların axtarılması ilə bağlı görəcək yeganə tədbir yalnız qonşulara müraciət edilməsi inandırıcı gəlməmişdir. Bundan başqa, iddia tələbində göstərilən LC markalı rəngli televizorun qaytarılması tələbinə dair, məhkəmə qeyd edir ki, hər iki tərəf sözügedən televizorun yararsız vəziyyətdə olduğunu və hal-hazırda cavabdehə məxsus evdə saxlanıldığını etiraf etdiyindən, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə İddiaçı Cavabdeh ilə birgə yaşadıqları evi tərk etmə şəraitini və iş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb, hesab edir ki, Cavabdeh qanunsuz sahibliyində olan İddiaçı məxsus olan 1 ədəd Rusiya istehsalı 400 manat dəyərində olan 585 əyyarlı (ümumi çəkisi 3,5 qr.) brilyant qaşlı qızıl nişan üzük, 300 manat dəyərində olan 1 ədəd brilyant qaşlı Rusiya istehsalı olan 585 əyyarlı (ümumi çəkisi 2,3 qr.) qızıl üzük, 3000 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 15 qr.) brliyant qaşlı qızıl dəsti (1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd sep, 1 ədəd qolbaq), 250 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 2,2 qr.) 1 ədəd safır qaşlı qızıl üzük, 300 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 1,8 qr.) olan 1 ədəd sadə qaşlı “fantaziya” üzük, ümumi 500 manat dəyərində 2 ədəd Rusiya istehsalı olan 585 əyyarlı (ümumi çəkisi 3,6 qr.) badamı üzük, 250 manat dəyərində olan Rusiya istehsalı 585 əyyarlı (ümumi çəkisi 2,2 qr.) kulonlu sep, həmçinin cavabdehdə qalan cehiz əşyası dəyəri 300 manat olan LC markalı rəngli televizor qanuni sahibinə qaytarılmalıdır. Həmin əşyaların dəyərinə gəldikdə, məhkəmə nəzərə alır ki, Cavabdeh həmin qızıl əşyaların və televizorun dəyəri ilə bağlı məhkəmənin etdiyi təklifə baxmayaraq hər hansı sübut təqdim etmək istəməmiş, ona görə də məhkəmə mütəxəssis qiymətləndiricinin rəyini digər sübutlarla təkzib olunmadığından qəbul etmiş və nəzərə almışdır. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1 ədəd Rusiya istehsalı 400 manat dəyərində olan 585 əyyarlı (ümumi çəkisi 3,5 qr.) brilyant qaşlı qızıl nişan üzük, 300 manat dəyərində olan 1 ədəd brilyant qaşlı Rusiya istehsalı olan 585 əyyarlı (ümumi çəkisi 2,3 qr.) qızıl üzük, 3000 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 15 qr.) brliyant qaşlı qızıl dəsti (1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd sep, 1 ədəd qolbaq), 250 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 2,2 qr.) 1 ədəd safır qaşlı qızıl üzük, 300 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 1,8 qr.) olan 1 ədəd sadə qaşlı “fantaziya” üzük, ümumi 500 manat dəyərində 2 ədəd Rusiya istehsalı olan 585 əyyarlı (ümumi çəkisi 3,6 qr.) badamı üzük, 250 manat dəyərində olan Rusiya istehsalı 585 əyyarlı (ümumi çəkisi 2,2 qr.) kulonlu sep, həmçinin, cavabdehdə qalan cehiz əşyası dəyəri 300 manat olan LC markalı rəngli televizor alınaraq İddiaçı verilsin. Cavabdeh əşyaların alınması mümkün olmadıqda onların dəyəri miqdarında pul alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsümu üçün ödənilmiş 73 manat və 0.40 qəpik xidmət haqqı alınaraq İddiaçı verilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar