Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-24/2022 10.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı KredoAqro BOKT MMC-nin nümayəndəsi X1, Cavabdeh Göyçay şəhər 12 saylı Körpələr evinin müdiri Nümayəndə1 iştirakı ilə, İddiaçı KredoAqro BOKT MMC-nin Cavabdeh Göyçay şəhər 12 saylı Körpələr evinə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı KredoAqro BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək çıxarışa əsasən mülkiyyətdə olan 0.04 ha torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon məhkəməsinin 2 (046)- 187 saylı 31 may 2010-cu il tarixli qətnaməsinə əsasən İbrahimov Taleh Mirzəhəsən oğlunun kredit müqaviləsi üzrə yaranmış 17.370 manat borcu, sonuncunun xüsusi mülkiyyətində olan Göyçay şəhəri Natəvan küçəsində yerləşən 0.04 ha torpaq sahəsinə yönəldilmiş, ilkin satış qiyməti 16000 manat müəyyənləşdirilmişdir. Qətnamə icra edilərək hərraca çıxarılmış və həmin əmlak təşkilatın balansına keçirilərək, mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi idarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışla təsdiq edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi Göyçay şəhər 12 nömrəli körpələr evi-uşaq bağçası tərəfindən zəbt edilərək hasara alınmış, bununla da təşkilatın dövlət tərəfindən qorunan mülkiyyət hüquqları pozulmuşdur. Həmin torpaq sahəsinin zəbt edilməsi barədə cavabdehlərə müraciət edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı KredoAqro BOKT MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək təmin edilməsini xahiş edir. Cavabdeh Göyçay şəhər 12 saylı Körpələr evinin müdiri Nümayəndə1 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının göstərdiyi torpaq sahəsi Göyçay şəhər 12 saylı Körpələr evinin xüsusi mülkiyyətindədir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Göyçay şəhəri Natəvan küçəsində yerləşən 0.04 ha torpaq sahəsi KredAqro BOKT QSC-nin xüsusi mülkiyyəti kimi xx.xx.2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəydən və sxemdən görünür ki, Göyçay şəhəri Natəvan küçəsində İddiaçı BOKT MMC- nə məxsus MA ******* saylı dövlət reyestrindən çıxarışa əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilmiş koordinatlar əsasında mülkiyyətə verilmiş 0,04 ha torpaq sahəsi naturada cavabdeh Göyçay şəhər 12 saylı Körpələr Evi-Uşaq bağçası tərəfindən istifadə edilir. Məhkəməyə təqdim edilmiş X3 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2022-ci tarixli 164 saylı rəydən görünür ki, Göyçay şəhəri Natəvan küçəsində yerləşən 12 saylı Körpələr Evi-Uşaq bağçasmın inşa edildiyi torpaq sahəsi Dövlət mülkiyyət növünə aiddir. Eyni zamanda həmin ərazinin hüdudları daxilində əvvəllər Dövlət mülkiyyətdə olmuş, sonradan iddiaçının xeyrinə hüquqları yüklü olan 0.04 ha torpaq sashəsində yerləşir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/955 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Göyçay şəhəri, Natəvan küçəsində İddiaçı BOKT MMC-ə məxsus MA ******* saylı dövlət reyestrindən çıxarışa əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş koordinatlar əsasında mülkiyyətə verilmiş 0.04 ha torpaq sahəsi naturada cavabdeh Göyçay şəhər 12 saylı Körpələr Evi-Uşaq bağçası tərəfindən istifadə edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçı KredoAqro BOKT MMC xüsusi mülkiyyətində olan Göyçay şəhəri Natəvan küçəsində yerləşən 0.04 ha torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edildiyini iddia edir və cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə ekspert və mütəxəssis rəyinin verilməsi üçün ekspertiza təyin edərək, müvafiq rəy almış, həmin rəyə əsasən müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində Göyçay şəhəri Natəvan küçəsində 0.04 ha torpaq sahəsi cavabdehin qanunsuz istifadəsindədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq qanuni sahibliyində olan 0.04 ha torpaq sahəsi cavabdehin zəbt etməsi, həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyrisabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkəti iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. İstinad olunan maddi hüquq normalarının tələbinə görə mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davamlı şəkildə edildikə isə hüququ pozulmuş şəxs pozulmuş hüquqularının bərpasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə baxışı zamanı iddiaçı KredoAqro BOKT MMC istər iddia ərizəsində, istərsə də məhkəmə iclasında xüsusi mülkiyyətində olan torpaq sahəsinin əvvəlki vəziyyətinin hansı halda olduğuna dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsini cavabdehin hesabına əvvəlki vəziyyətə qaytarılmasına dair iddiası təmin edilə bilməz. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı KredoAqro BOKT MMC-nin iddiası qismən təmin edilməli, Cavabdeh Göyçay şəhər 12 saylı Körpələr evi, Göyçay şəhəri Natəvan küçəsində yerləşən və iddiaçı KredoAqro BOKT MMC-nin xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ekspertiza xərci olan 50 manat dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Göyçay şəhər 12 saylı Körpələr evi, Göyçay şəhəri Natəvan küçəsində yerləşən və iddiaçı KredoAqro BOKT MMC-nin xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-24/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-24/2022
10.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver