Məhkəmə qərarları › İş №2(046)-286/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-286/2021

07.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-286/2021 07.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, əmlak tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 qızıl-zinət və cehiz əşyalarının, mövcud olmadığı halda onların dəyərinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh keçmiş qaynatası X2 vəfat etdiyi üçün cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı digər cavabdehlərə qarşı hissədə qismən müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə nikah bağlayaraq ailə qurmuş, xx.xx.2020-ci il tarixdə nikahları pozulmuşdur. Ona məxsus cehiz əmlak və qızıl-ziynət əşyaları cavabdehlərin yaşadığı evdə qaldığından məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışları zamanı atası və bir neçə yaxın qohulmarı ilə cavabdehlərə məxsus evdə qalan cehiz əmlakını və qızıl-ziynət əşyalarını hamısı götürmüş, lakin atası tərəfindən Cavabdeh1 hədiyyə edilmiş bir ədəd qızıl üzüyü cavabdehlər qaytarmaqdan imtina etmişlər. Buna görə də bir ədəd qızıl üzüyün cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər qismində məhkəmədə izahat verən Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı özünə məxsus qızıl-ziynət əşyalarını və cehiz əmlakını götürmüşdür. Bir ədəd qızıl üzük Cavabdeh1 toy vaxtı hədiyyə edilmişdir. Buna görə də iddianın rədd edilməsin xahiş edirlər. İş üzrə tərəfləri, dinləyən və tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh1 ilə ailə qurmuş, cavabdehin valideyinlərinə məxsus Göyçay şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 12 saylı evə gəlin köçmüşdür. Tərəflərin nikahları məhkəmə qaydasında pozulmuş, onlar ayrılmışlar. İddiaçı özünə məxsus cehiz əmlakı cavabdehlərə məxsus evdə götürmüşdür. Məhkəmə baxışı zamanı iddiaçının və cavabdehlərin izahatları ilə müəyyən edilir ki, iddiaçının məhkəmə baxışı zamanı tələb etdiyi bir ədəd qızıl üzük, iddiaçının atası tərəfindən toy zamanı Cavabdeh1 hədiyyə edilmişdir. İddiaçı məhkəmə baxışı zamanı tələb etdiyi bir ədəd qızıl üzüyün alının ona verilməsinə əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Buna görə də məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən qızıl üzüyün cavabdehlərdən alınaraq ona verilməsini tələb etməkdə haqlı deyildir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 qızıl-zinət əşyalarının və cehiz əşyalarının alınaraq ona verilməsi barədə tələbi rədd edilməlidir. İddiaçı məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızıl-zinət və cehiz əşyalarının alınaraq ona verilməsi barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İBRAHİM FƏTTAHOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar