Məhkəmə qərarları › İş №2(046)-52/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-52/2022

16.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-52/2022 16.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı1, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-640 KOD 40806018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə Göyçay rayon Qarabaqqal kənd ərazisində yerləşən mülkiyyətlərində olan 2740 kv.m torpaq sahəsindən Cavabdeh Şakərəm oğlunun və onunla yaşayan digər şəxslərin çıxarılması və həmin torpaq sahəsində Cavabdeh Şakərəm oğlu tərəfindən inşa edilmiş evin və tövlənin Cavabdeh Şakərəm oğlunun vəsaiti hesabına sökülərək və həmin torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçılar iddia tələbini belə əsaslandırmışlar ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 42 nömrəli qərarı ilə onların adına kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.75 ha (640D nömrəli mülkdə 2740 kv.m, 640 nömrəli mülkdə 1665 kv.m, 640Z nömrəli mülkdə 3103,59 kv.m) torpaq sahəsi verilmiş və bununla bağlı JN-640 KOD 40806018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. 2018-ci ildə həmin dövlət aktını Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Göyçay rayon şöbəsinə təqdim edərək torpaq sahələrinə çıxarış almaq istəmişlər. Lakin idarədən həmin torpaq sahəsinin 640D nömrəli mülkdə- yəni 27 ha (2740 kv.m) hissəsində Cavabdeh Şakərəm oğlu tikinti işi ilə məşğul olduğunu və bu səbəbdən torpağ üzərində mübahisə olduğuna görə sözügedən torpaq sahəsi üzrə çıxarış verə bilmədiklərini bildirmişlər. Cavabdeh tikinti apardığı digər hissə üzrə ( 640D nömrəli mülkdə - yəni 0.27 ha) mübahisə mövcud olduğu üçün hüquqların qeydiyyata alınması mümkünsüzdür. Mülkiyyətlərində olan 640D nömrəli mülkdə yəni 0.27 ha (2740 kv.m) hissəsində Cavabdeh Şakərəm oğlu torpağ sahəsində heç kimin olmamasından və gec-gec ziyarət edilməsindən istifadə edərək özünə ev və tövla inşa edərək mülkiyyətlərində olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq cavabdeh torpaq sahəsini tərk etməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh izahat verərək göstərmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsini zəbt etməmiş, həmin torpaq sahəsində fərdi yaşayış evi və tövlə inşa etməmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair JN-640 saylı dövlət aktının surətindən görünür ki, Göyçay rayon Qarabaqqal kəndində yerləşən 0.75 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş X1 MMC tərəfindən verilmiş xx.xx.2021-ci tarixli 315 saylı rəydən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, JN-640 kod 40806018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Göyçay rayonu, Qarabaqqal kəndi ərazisində yerləşən 2740 kv.metr torpaq sahəsinin Cavabdeh Şakərəm oğlu tərəfindən tutularaq həyətyanı və bağ sahəsi kimi istifadə edildiyi müəyyən olunur. Qeyd edilən torpaq sahəsində deyil, həmin torpaq sahəsinin yaxınlığında cavabdeh tərəfindən fərdi yaşayış evinin və tövlənin inşa edildiyi müəyyən olunur. Məhkəməyə təqdim edilmiş kassa mədaxil Orderinin 226535 saylı qəbzindən görünür ki, İddiaçı1 tərəfindən X1 MMC-nin hesabına 500 manat rüsum ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Dövlət X2 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xüsusi mülkiyyətlərində olan Göyçay rayonun Qarabaqqal kəndində yerləşən 2740 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edildiyini, həmin torpaq sahəsində fərdi yaşayış evinin və tövlənin inşa edildiyini iddia edir və cavabdehin həmin torpaq sahəsini boşaltmasını, inşa edilmiş fərdi yaşayış evinin və tövlənin cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə mütəxəssis rəyinin verilməsi üçün ekspertiza təyin edərək, müvafiq rəy almış, həmin rəyə əsasəs müəyyən edilmişdir ki, iddiaçıların mülkiyyətində Göyçay rayonun Qarabaqqal kəndində yerləşən 2740 kv.metr torpaq sahəsinin Cavabdeh Şakərəm oğlu tərəfindən tutularaq həyətyanı və bağ sahəsi kimi istifadə edildiyi müəyyən edilmiş, lakin həmin torpaq sahəsində cavabdeh tərəfindən fərdi yaşayış evinin və tövlənin inşa edilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıların iradəsinin ziddinə olaraq onların qanuni sahibliyində olan 2740 kv.metr torpaq sahəsinin Cavabdeh zəbt etməsi, həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçıların mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. İstinad olunan maddi hüquq normalarının tələbinə görə mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davamlı şəkildə edildikə isə hüququ pozulmuş şəxs pozulmuş hüquqularının bərpasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən iddiaçıların mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən fərdi yaşayış evi və tövlə inşa edilmədiyindən iddia bu hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddiası qismən təmin edilməli, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair JN-640 saylı dövlət aktına əsasən iddiaçıların mülkiyyətində olan 2740 kv.m torpaq sahəsindən Cavabdeh çıxarılmalı, həmin torpaq sahəsi boşaldılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə mütəxəssis rəyinin verilməsinə görə hesablanmış 500 manat pulun 250 manatı cavabdehdən alınaraq iddiaçılara verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Göyçay rayonu Qarabaqqal kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair JN-640 saylı dövlət aktına əsasən iddiaçıların mülkiyyətində olan 2740 kv.m torpaq sahəsindən Cavabdeh çıxarılsın. Qeyd edilən torpaq sahəsi boşaldılsın. İş üzrə mütəxəssis rəyinin verilməsinə görə hesablanmış 500 manat pulun 250 manatı cavabdehdən alınaraq iddiaçılara verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar