Məhkəmə qərarları › İş №2(046)-682/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-682/2021

22.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-682/2021 22.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı1, İddiaçı4 və Cavabdeh iştirakı ilə, tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Göyçay şəhərində 22 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-0029, kod 40811018 saylı "torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı əsasən ümumi birgə mülkiyyətdə və Göyçay rayonu Mırtı kəndində yerləşən 1.17 ha torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş istixananın sökülməsi və cavabdehin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı4 iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 27 iyun 1998-ci il tarixli, 38 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.17 ha torpaq sahəsi verilmişdir. İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 torpağa mülkiyyət hüququ JN-0029, kod 40811018 saylı "torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Ümumi birgə mülkiyyətdə olan torpaq sahəsini Cavabdeh özbaşına zəbt etmiş, torpaq sahəsində istixana tikmişdir. Dəfələrlə Cavabdeh torpaq sahəsindən çıxmağı və tikdiyi istixananın sökülməsi tələb edilmişdir. Lakin Cavabdeh hər dəfə "məhsulu yığıb torpaq sahəsini təhvil verəcəm" deyərək tikdiyi istixananı sökməmiş, torpaq sahəsindən çıxmamışdır. Buna görə də iddia tələbinin təmin olunması xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Göyçay rayon Mırtı kəndində yerləşən iddiaçılara məxsus olan 1.17 ha torpaq sahəsini iddiaçılardan pul müqabilində almış, lakin alqı-satqı müqaviləsini rəsmiləşdirməmişdir. Həmin torpaq sahəsində istixana quraraq, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşqul olmuşdur. Torpaq sahəsindən çıxmağa razıdır, lakin ona dəymiş ziyanı tələb edir. İş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0029 saylı dövlət aktından görünür ki, Göyçay rayon Mırtı kəndində yerləşən 1.17 ha torpaq sahaəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə verilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Mırtı kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçıların mülkiyyətində olan 1.17 ha torpaq sahəsində Cavabdeh qanunsuz istifadəsindədir, cavabdeh tərəfindən həmin torpaq sahəsində istixana tikilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıların iradəsinin ziddinə olaraq onların qanuni sahibliyində olan 1.17 ha torpaq sahəsinin cavabdehin zəbt etməsi və torpaq sahəsində istixana tikməsi, həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçıların mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 İddiaçı2 İddiaçı3 və İddiaçı4un iddiası təmin edilməli, Göyçay rayonu Mırtı kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçıların mülkiyyətində olan 1.17 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş istixana cavabdehin vəsaiti hesabına sökülməli və Cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı1 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Göyçay rayonu Mırtı kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair JN-0029 saylı Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətində olan 1.17 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş istixana cavabdehin vəsaiti hesabına sökülsün və Cavabdeh həmin torpaq sahəsindən çıxarılsın. Dövlət rüsumu kimi ödənilmiş 10 manat Cavabdeh alınaraq İddiaçı1 verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar