Məhkəmə qərarları › İş №2(046)-715/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-715/2022

10.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-715/2022 10.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 Firuddin oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Firuddin oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək çıxarışa əsasən mülkiyyətdə olan Göyçay rayonu Potu kəndində yerləşən 2.4362 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası “Torpaq islahatı haqqında” qanununa əsasən Göyçay rayonunun Potu kəndinin ərazisində təsərufat başçısı mərhum atası X5 olmaqla birgə mülkiyyətə JN-1120 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 2.44 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində olan mülkiyyəti Dövlət Reyestr Xidmətinin 23 noyabr 2020ci il tarixli çıxarışı təsdiq edir. Lakin Azərbaycan Respublikasında torpaq islahatı qurtarandan bu vaxta kimi yəni 1998-ci ildən mülkiyyətinə verilmiş həmin 2.44 hektar torpaq sahəsini cavabdehlərin qanusuz hərəkətləri nəticəsində istifadə edə bilmir. Belə ki, cavabdehlər həmin torpaq sahəsini onların razılığı olmadan mülkiyyətində olan 2.44 hektar torpağı zəbt edib istifadə edirlər. Cavabdehlərdən zəbt olunmuş torpağın boşaldılmasını tələb etsə də, cavabdehlər tələblərinə məhəl qoymayaraq, öz qanunsuz hərəkətlərini, yəni torpaqdan qanunsuz zəbtini davam etdirir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş edir. İş üzrə Cavabdehlər Cavabdeh1 Firuddin oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 izahat verərək göstərmişlər ki, iddiaçının qeyd etdiyi torpaq sahəsindən istifadə edirlər, ona görə ki, özlərinə məxsus torpaq sahəsini başqa şəxslər istifadə edirlər. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışından görünür ki, Göyçay rayonu Potu kəndində yerləşən 2.4362 ha torpaq sahəsi İddiaçı və digər ailə üzvlərinin adına xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi MMC tərəfindən verilmiş xx.xx.2022-ci tarixli M/5 saylı rəydən görünür ki, Göyçay rayonu Potu kəndində yerləşən və İddiaçı və digərlərinin xüsusi mülkiyyətində olan **********54 nömrəli çıxarışa əlavə edilmiş AA-543038 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində ki, 2.44 ha torpaq sahəsinin Cavabdeh4 tərəfindən 0.2743 ha, Cavabdeh1 Firuddin oğlu tərəfindən isə 0.33 ha, Cavabdeh2 tərəfindən 0.3786 ha və cavabdeh X3 tərəfindən 0.44 ha hissəsi naturada istifadə edilir. Məhkəməyə təqdim edilmiş 006000 Şəhid ailə üzvlərinin vəsiqəsindən görünür ki, İddiaçı şəhid ailəsidir. Məhkəməyə təqdim edilmiş mübahisəli torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi ilə bağlı 03 nömrəli smetadan görünür ki, tədqiqat obyektinin müayinə olunması üçün 100 manat, rəyin hazırlanması üçün 200 manat, cəmi 300 manat smeta müəyyən edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Dövlət X4 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonun Potu kəndində 2.4361 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə edildiyini iddia edir və cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə mütəxəssis rəyinin verilməsi üçün ekspertizası təyin edərək, müvafiq rəy almış, həmin rəyə əsasə müəyyən edilmişdir ki, iddiaçının və digər ailə üzvlərinin mülkiyyətində Göyçay rayonun Potu kəndində 2.4361 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.2743 ha hissəsi Cavabdeh4, 0.33 ha hissəsi Cavabdeh1 Firuddin oğlunun, 0.3786 ha hissəsi Cavabdeh2 və 0.44 ha hissəsi cavabdeh X2 qanunsuz istifadəsindədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onların qanuni sahibliyində olan 2.4362 ha torpaq sahəsinin 0.2743 ha hissəsi Cavabdeh4, 0.33 ha hissəsi Cavabdeh1 Firuddin oğlunun, 0.3786 ha hissəsi Cavabdeh2 və 0.44 ha hissəsi cavabdeh X2 zəbt etməsi, həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. İstinad olunan maddi hüquq normalarının tələbinə görə mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davamlı şəkildə edildikə isə hüququ pozulmuş şəxs pozulmuş hüquqularının bərpasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Göyçay rayonu Potu kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışa əsasən iddiaçının və digər ailə üzvlərinin mülkiyyətində olan 2.4362 ha torpaq sahəsinin 0.2743 ha hissəsindən Cavabdeh4, 0.33 ha hissəsi Cavabdeh1 Firuddin oğlu, 0.3786 ha hissəsi Cavabdeh2 və 0.44 ha hissəsindən cavabdeh X3 çıxarılmalı, cavabdehlərə həmin torpaq sahəsinə yenidən daxil olmaları qadağan edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 100 manat dövlət rüsumu cavabdehlərdən alınaraq dövlət büdcəsinə ödənilməli, iş üzrə mütəxəssis rəyinin verilməsinə görə hesablanmış 300 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi MMC –nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Göyçay rayonu Potu kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 2.4362 ha torpaq sahəsinin 0.2743 ha hissəsindən Cavabdeh4, 0.33 ha hissəsi Cavabdeh1 Firuddin oğlu, 0.3786 ha hissəsi Cavabdeh2 və 0.44 ha hissəsindən cavabdeh X3 çıxarılsın. Cavabdehlərə həmin torpaq sahəsinə yenidən daxil olmaları qadağan edilsin. iş üzrə mütəxəssis rəyinin verilməsinə görə hesablanmış 300 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi MMC–nin hesabına keçirilsin. 100 manat dövlət rüsumu cavabdehlərdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar