Məhkəmə qərarları › İş №2(046)-816/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-816/2023

30.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-816/2023 30.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, ə torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışlara əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətdə və Göyçay rayonu Şahsoltanlı kəndində yerləşən 1.669 ha və 0.6991 ha torpaq sahəsində cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərinə Göyçay rayonunun Şahsoltanlı kəndində 1,669 ha və 0,6991 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin 1,669 ha və 0,6991 ha torpaq sahələri Daşınmaz Əmlakın Dövlət Reyestrində onun və ailə üzvlərinin adına dövlət qeydiyyata alınmışdır. Lakin həmin torpaq sahəsindən istifadə edə bilmir. Belə ki, Cavabdeh mülkiyyətində olan torpağı zəbt edərək qanunazidd qaydada istifadə etməklə, mülkiyyət hüququnu pozur. Ona həmin torpaq sahəsini boşaltması barədə dəfələrlə müraciət etmiş, lakin nəticəsiz qalmışdır. Buna görə də iddia tələbinin təmin olunması xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Göyçay rayon Şahsoltanlı kəndində yerləşən iddiaçıya məxsus 1.669 ha və 0.6991 ha torpaq sahələrini iddiaçının atasında pul müqabilində almış, lakin alqı-satqı müqaviləsini rəsmiləşdirməmişdir. Həmin torpaq sahəsində aqrar işlər aparmış, ağaclar əkmiş, torpaq sahəsini su ilə təmin etmək məqsədi ilə su bərəsi hazırlamışdır. Hesab edir ki, alqı-satqıya əsasən torpaq sahəsi onun mülkiyyətindədir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışlardan görünür ki, Göyçay rayonu Şahsoltanlı kəndində yerləşən 1.669 ha və 0.6991 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022ci il tarixli çıxarışlara əsasən iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 1.669 ha və 0.6991 ha torpaq sahəsi Cavabdeh qanunsuz istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan 1.669 ha və 0.6991 ha torpaq sahəsinin cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkəti iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı iddiası təmin edilməli, Göyçay rayonu Şahsoltanlı kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışlara əsasən iddiaçının mülkiyyətində olan 1.669 ha və 0.6991 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Göyçay rayonu Şahsoltanlı kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışlara əsasən İddiaçı mülkiyyətində olan 1.669 ha və 0.6991 ha torpaq sahəsindən Cavabdeh çıxarılsın. Dövlət rüsumu kimi ödənilmiş 100 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar