Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-837/2021 06.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsinə girişinə qadağan qoyulması tələbinə dair mülki işə Göyçay şəhərində 06 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-995F saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0.12 hektar torpaq sahəsindən və həmin torpaq sahəsi ilə sərhəddə yerləşən istifadəsində olan 0,08 hektar bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılaraq həmin torpaq sahəsinə girişinə qadağa qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddia müdafiə edərək göstərmişdir ki, Göyçay rayonunun Ləkçıplaq kəndinin ərazisində ona JN-995F saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.12 hektar torpaq sahəsi verilmişdir və həmin torpaq sahəsi ilə sərhəddə onun istifadəsində 0,08 hektar bələdiyyə mülkiyyətində olan torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrində meyvə ağacları əkilib istifadə olunsa da 2004-cü ildə təhsil almaq üçün xarici dövlətə getməyi ilə əlaqədar həmin torpaq sahələrini cavabdehin icarəsinə verib əvvəlcədən indiki ekvivalentlə 1000 manat icarə pulu almışdır. 2015-ci ildə yaşadığı kəndə qayıtdıqdan sonra cavabdehə torpaqdan çıxmağı bildirsə də nəticəsi olmamış cavabdeh torpaqdan çıxmaqdan imtina etmişdir. Cavabdehin qanusuz hərəkətləri nəticəsində mülkiyyətində və istifadəsində olan torpaq sahələrindən istifadə edə bildir. Buna görə də iddia tələbinin təmin olunması xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsini 16 il əvvəl almışdır. Hazırda torpaq sahəsi onun istifadəsindədir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-995F saylı şəhadətnamənin surətindən görünür ki, Göyçay rayonu Ləkçıplaq kəndində 0.12 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində olan 0.12 ha torpaq sahəsi Cavabdeh qanunsuz istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyrisabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb etməkdə haqlı deyildir. Bu halda iddiaçının qeyd edilən torpaq sahəsi üzərində heç bir hüququ yaranmadığından onun belə iddia qaldırmağa subyektiv hüququ yoxdur. İddiaçının cavabdehə qarşı torpaq sahəsinə yenidən daxil olmasına qadağa qoyulması tələbi ehtimal tələb kimi qiymətləndirildiyindən, iddia bu hissədə də əsaslı hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində olan 0.12 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-995F saylı şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0.12 ha torpaq sahəsindən Cavabdeh çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş 10 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-837/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-837/2021
06.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver