Məhkəmə qərarları › İş №2(047)-222/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-222/2024

16.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-222/2024 16.05.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əmlakın və ya onun dəyərinin geri qaytarılması tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əmlak tələbinə və vurulmuş zərərə görə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı1 və İddiaçı2 nümayəndəsi və eyni zamanda vəkili, həmçinin İddiaçı1 vəkili Nümayəndə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı2 mülkiyyətində olan, lakin Cavabdeh istifadəsində olan 1989-cu il buraxılışlı, “Kamaz 53212” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı, 1990-cı il buraxılışlı, “Kamaz 53212” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı və 1984-cü il buraxılışlı, “Kamaz 5511” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərin alınaraq iddiaçılara verilməsi və həmin avtomobillərin olmadığı halda onların umumi dəyəri olan 88000 manat pulun və 280 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh qismində göstərdikləri Cavabdeh ilə 2023-cü ilin təqribən mart ayının axırlarında, yəni novruz bayramından sonra ümumi tanışları olan bir 1 nəfər şəxsin vasitəsi ilə tanış olmuşlar. Həmin şəxs cavabdehi onlara iş adamı kimi təqdim etmişdir. Əvvəllər onu tanımamışlar. Tanışlıqdan sonra onlara məlum olmuşdur ki, Cavabdeh özünə aid yük maşınlarını və başqa şəxslərdən icarəyə götürdüyü yük maşınlarını işğaldan azad olunmuş Qarabağ, Laçın və Kəlbəcər bölgəsində gedən yenidənqurma işlərini həyata keçirən şirkətlərə icarəyə verməklə xeyli miqdarda qazanc əldə edir. Cavabdeh onların imkanları barədə məlumat aldıqdan sonra təklif etdi ki, onlar bir necə maşın alıb ona icarəyə verəcəkləri halda o, hər maşına görə 1000 manat icarə pulu vermək imkanındadır. Eyni zamanda cavabdeh bildirdi ki, maşın alacaqları tədqirdə onun özündə olan satdığa qoyulmuş maşınlardan onların adına keçirmək imkanı da vardır. Cavabdehin təklifindən sonra onlar qərara gəlmişlər ki, cavabdehə pul verməklə onun özündə olan maşınlardan alsınlar. Razılaşmalarına əsasən bir necə gündən sonra 3 maşına görə onlar cavabdehin tələb etdiyi 45.500 manat pulu ona vermişlər. Həmin pulu cavabdeh onlardan götürdükdən az bir vaxt sonra, yəni 20 aprel 2023-cü ildə 1 ədəd “Kamaz” markalı, 1990-cı il buraxılışdan olan, **-CN-*** qeydiyyat nişanlı maşının İddiaçı2 adına rəsmiləşdirilmiş sənədini təqdim etdi. Bundan 1 həftə sonra isə 2 maşının, biri 1984cü il buraxılışdan olan “Kamaz” markalı, **-BK-*** qeydiyyat nişanlı, digəri 1989-cu il buraxılışdan olan “Kamaz” markalı, **-EU-*** qeydiyyat nişanlı maşınların İddiaçı2 adına dair texniki pasportlarını onlara təqdim etdi. Bildirdi ki, həmin maşınlardan birinin icarədə olduğu şirkət Qarabağda fəaliyyətini müvəqqəti dayandırdığına və həmin maşının icarə pulu bir müddət ödənilmədiyinə görə o, həmin maşına görə aylıq 1000 manatı hələlik verə bilməyəcəkdir. Şirkətin işi bərpa olduqdan sonra o, alacağı icarə haqqından onlara pul ödəyəcəkdir. Digər iki maşına görə isə onlara hər ay hər birinə görə 1000 manat olmaqla, 2000 manat verəcəkdir. Maşınları İddiaçı2 adına sənədləşdirdikdən sonra onların cavabdehə yüksək etibarı yarandığına görə, onlar həmin şərtlərlə razılaşmışlar. Cavabdeh sonrakı 2 ayda şifahi razılaşdıqları şərtlərə əməl edərək may və iyun aylarına görə hər ay onlara 2000 manat pul vermişdir. Cavabdeh iyul ayının icarə haqqını ödəməyi gecikdirdikdən sonra buna səbəb kimi onlara dəfələrlə bildirmişdir ki, guya digər iki maşını icarəyə götürən şirkətlər də işlərini müvəqqəti dayandırdığına görə ödəmələri gecikdirirlər. Lakin o, hər dəfə söz vermişdir ki, tezliklə hər şey qaydasına düşəcək və o, maşınlara görə aylıq ödəmələri alıb onlara verəcəkdir. Hər dəfə bildirmişdir ki, iki maşına görə ödənilən 2000 manat pul gecikmədən asılı olmayaraq ödəniləçəkdir. Bundan sonra cavabdeh onlara qarşı münasibətini kəskin dəyişdirdi və verdiyi sözlərdən imtina etməyə başladı. Son vaxtlar isə telefon zənglərinə cavab verməyib görüşməkdən boyun qaçırdığına görə onlar cavabdehdən maşınlarının özlərinə təhvil verilməsini, yaxud verdikləri pulun geri qaytarılmaqla mübahisəni sülh yolu ilə həll etməyə dəfələrlə cəhd etsələr də, cavabdeh bundan imtina etmişdir. 2023-cü ilin noyabr ayının əvvəllərində onlar DİN-nin Baş X1 İdarəsinin rəhbərliyinə rəsmi müraciət edərək cavabdehin qanunsuz sahibliyində olan yuxarıda qeyd etdikləri 3 ədəd yük maşınının saxlanılmasını və onlara təhvil verilməsini xahiş etmişlər. Gəncə şəhər BPİ-nin X1 Şöbəsi xx.xx.2023-cü il tarixli məktubla onlara məlumat vermişdir ki, avtomobilləri xətdə müəyyən etmək mümkün olmadığına görə guya tədbirlər davam etdirilir və nəticə olarsa onlara məlumat veriləcəkdir. Baş Polis İdarəsindən eyni zamanda onlara qeyri-rəsmi bildirmişlər ki, maşınların cavabdehdən alınıb onlara verilməsinə guya səlahiyyətləri yoxdur. Ancaq maşınlar Gəncə şəhərində sürüləcəyi halda saxlanılıb dayanacağa qoymağa səlahiyyətləri vardır. Bu cavabdan sonra onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ona görə də cavabdehin qanunsuz istifadə və sahibliyində olan, rəsmi sənədlərlə onların mülkiyyətində olan 3 ədəd yük avtomobilinin cavabdehdən alınıb onlara verilməsinə dair iddialarının təmin edilməsini qanunauyğun və mümkün hesab edirlər. Ona görə də Cavabdeh istifadəsində olan 1989-cu il buraxılışlı, “Kamaz 53212” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı, 1990-cı il buraxılışlı, “Kamaz 53212” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı və 1984-cü il buraxılışlı, “Kamaz 5511” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərin cavabdehdən alınaraq onlara verilməsi və həmin yük avtomobillərin olmadığı halda isə onların umumi dəyəri olan 88000 manat pulun və ödənilmiş 280 manat dövlət rüsumunun cavabdehdən onların xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı2 nümayəndəsi və eyni zamanda vəkili, həmçinin İddiaçı1 vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirib iddiaçıların iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı İddiaçı2 nümayəndəsi və eyni zamanda vəkili, həmçinin İddiaçı1 vəkili Nümayəndə onların iştirakları olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə Nümayəndə iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə İddiaçı2 və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə İddiaçı2 və Cavabdeh iştirakları olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş alqı-satqı müqavilələrinin təsdiqlənmiş surətlərindən görünür ki, 1989-cu il buraxılışlı, “Kamaz 53212” yük markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil 22000 manata, 1990-cı il buraxılışlı, “Kamaz 53212” yük markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil 23000 manata və 1984-cü il buraxılışlı, “Kamaz 5511” yük markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil isə 43000 manata ayrı-ayrı şəxslərdən İddiaçı2 tərəfindən alınmışdır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin surətlərindən görünür ki, 1989-cu il buraxılışlı, “Kamaz 53212” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı, 1990-cı il buraxılışlı, “Kamaz 53212” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı və 1984-cü il buraxılışlı, “Kamaz 5511” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri İddiaçı2 məxsusdur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154.1-ci maddəsinə qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bundan başqa, Azərbaycan Respublikaı Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 9.2-ci bəndində göstərilir ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, 1989-cu il buraxılışlı, “Kamaz 53212” yük markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil 22000 manata, 1990-cı il buraxılışlı, “Kamaz 53212” yük markalı, **-CN- *** dövlət qeydiyyat nişanlı avtomobil 23000 manata və 1984-cü il buraxılışlı, “Kamaz 5511” yük markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil isə 43000 manata ayrı-ayrı şəxslərdən İddiaçı2 tərəfindən alınmış və qeyd edilən yük avtomobilləri nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinə əsasən İddiaçı2 məxsus olmuşdur. Bundan sonra İddiaçı2 məxsus olan həmin yük avtomobilləri tərəflər arasında olan şifahi razılaşmaya əsasən Cavabdeh istifadəsinə verilmiş, lakin sonradan Cavabdeh tərəflər arasında olan şifahi razılaşmaya əməl etmədiyindən qeyd edilən avtomobillərin İddiaçı2 tərəfindən Cavabdeh geri qaytarılması tələb edilsə də Cavabdeh bu günədək qeyd edilən 3 ədəd yük avtomobillərini İddiaçı2 geri qaytarmaqdan imtina etdişdir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, digər İddiaçı1 da qeyd edilən yük avtomobillərinin Cavabdeh alınaraq ona verilməsini tələb etsə də məhkəmə araşdırmaları zamanı həmin yük avtomobillərinin onun mülkiyyətində olmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə belə hesab edir ki, 1989-cu il buraxılışlı, “Kamaz 53212” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı, 1990-cı il buraxılışlı, “Kamaz 53212” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı və 1984-cü il buraxılışlı, “Kamaz 5511” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri hal-hazırda da İddiaçı2 mülkiyyətində olduğundan və həmin yük avtomobilləri Cavabdeh tərəfindən hüquqi əsas olmadan öz istifadəsində saxlanıldığından göstərilən yük avtomobilləri və yaxud həmin yük avtomobilləri qətnamə icra olunan vaxtı natura qaydasında mövcud olmadıqda isə onların cəmi dəyəri olan 88000 manat pul Cavabdeh alınaraq İddiaçı2 verilməli və iddia tələbi digər İddiaçı1 iddia tələbinə münasibətdə isə rədd edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçıların ödədiyi 280 manat dövlət rusumu da İddiaçı2 xeyrinə cavabdehdən tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib onda yaranmış daxili inam əsasında belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, yəni İddiaçı2 mülkiyyətində olan, lakin Cavabdeh istifadəsində olan 1989-cu il buraxılışlı, dəyəri 22000 manat olan, “Kamaz 53212” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı, 1990-cı il buraxılışlı, dəyəri 23000 manat olan “Kamaz 53212” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı və 1984-cü il buraxılışlı, dəyəri 43000 manat olan “Kamaz 5511” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərinin özü və yaxud həmin yük avtomobilləri qətnamə icra olunan vaxt natura qaydasında mövcud olmadıqda isə onların umumi dəyəri olan 88000 (səksən səkkiz min) manat pul, həmçinin 280 (iki yüz səksən) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı2 verilməli və iddia tələbi qalan hissədə isə əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı2 mülkiyyətində olan, lakin Cavabdeh istifadəsində olan 1989-cu il buraxılışlı, dəyəri 22000 manat olan, “Kamaz 53212” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı, 1990cı il buraxılışlı, dəyəri 23000 manat olan “Kamaz 53212” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı və 1984-cü il buraxılışlı, dəyəri 43000 manat olan “Kamaz 5511” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərinin özü və yaxud həmin yük avtomobilləri qətnamə icra olunan vaxt natura qaydasında mövcud olmadıqda isə onların umumi dəyəri olan 88000 (səksən səkkiz min) manat pul, həmçinin 280 (iki yüz səksən) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı2 verilsin. İddia tələbi qalan hissədə isə əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar