Məhkəmə qərarları › İş №2(047)-521/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-521/2025

08.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-521/2025 08.07.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, Şuşa rayonundan məcburi köçkün kimi Ağcabədi rayon Arasbar kəndində məskunlaşıb yaşayır. O, mal-qara saxlamaqla məşğul olur. Cavabdeh və onun qohumları Babək və Taciri əvvəldən tanıyır. Münasibələri yaxşı olub. 17 avqust 2024-cü il tarixdə Cavabdeh atası Zülfü və xalası oğlanları Babək və Tacirlə birlikdə onun fermasına gələrək ondan nisyə 100 baş qoyun almaq istədiklərini bildiriblər.O, Elsevənə nisyə qoyun satmaq istəmədiyini bildirmiş, sonradan Elsevənin xalası oğlu Babək demişdir ki, “narahat olma mən zamin dururam dediyi vaxt pulunu verəcək”. O, da razılaşmış, hər bir baş qoyunun dəyəri 410 manat olmaqla 100 baş qoyunu 41000 manata razılaşaraq nisyə satmış, Elsevən 26500 manat dəyərində “Kia Sorento” markalı maşınını ona vermiş və bu hesabla ona 14500 manat borcu qalmış, bundan sonra Elsevən özünün “Qazel” markalı yük maşınını satdığını bildirmiş və o, Elsevənin “Qazel” markalı maşını 7000 manata razılaşaraq almış, yəni borclu olduğu 14500 manat pulun 7000 manatını “Qazel” markalı avyomobilin alınması ilə hesablaşmış, beləliklə Elsevənin ona 7500 manat borcu qalmışdır. Elsevən qalan borcunu isə 10 sentyabr 2024-cü il tarixdə verəcəyinə söz vermiş, lakin Elsevənin söz verdiyi müddət tamam olsa da o, borclu olduğu pulu qaytarmamışdır. O, dəfələrlə Elsevənə və xalası oğlu Babəkə zəng edərək borclu qaldığı pulları ödəməyi xahiş etmişdir. Lakin onlar hər dəfə bir bəhanə gətirərək borcu ödəməkdən yayınmışlar. 06 noyabr 2024-cü il tarixdə o, Elsevəndən borclu olduğu pulu ödəməyi tələb edəndə Elsevən onun başına oyun açacağı ilə hədələmiş və borcunu qaytarmamışdır. Bundan sonra o, məcbur olub Cavabdeh borcunu qaytarmaması və onu hədələməsi ilə bağlı Ağcabədi rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, polis şöbəsində izahat verən zaman Cavabdeh ondan nisyə 100 baş qoyun aldığını etiraf edərək həmin borcdan bir hissəsini qaytardığını bildirmiş, qalan borcunu isə imkanı olan kimi qaytaracağını öhdəsinə götürmüş, lakin bundan sonra da Elsevən borcunu qaytarmamışdır. Ona görə də o, Cavabdeh borc tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuş və ona borclu olduğu 7500 manat pulun alınıb verilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını istəyir. Odur ki, Cavabdeh 7500 manat borc pulun və 95 (doxsan beş) manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək izahatında göstərmişdir ki, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. İddia tələbini qismən qəbul edir. Belə ki, o, İddiaçı hər birinin dəyəri 410 manata olan 100 baş xırda buynuzlu heyvan almış, həmin heyvanın ümumi dəyəri 41000 manat etmiş, onun 27000 manatının yerinə ozünə məxsus “Kia Sorento” minik markalı avtomobilini vermiş, 7000 manatına isə “Qazel” markalı yük maşınını vermiş və onun iddiaçıya cəmi 4500 manat borcu qalmışdır. Ona görə də qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Ağcabədi RPŞ-nin xx.xx.2024-cü il tarixli qərarından və iş materiallarından görünür ki, Cavabdeh izahatında İddiaçı məxsus 100 baş xırda buynuzlu heyvanların hər birini 410 manatdan almasını və onun İddiaçı 7000 manat borcunun olmasını etiraf etmiş, lakin İddiaçı qeyd edilən pul tələbi mülki xarakterli olduğundan Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilərək İddiaçı mülki qaydada məhkəməyə müraciət etməli olması bildirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Bundan əlavə həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında olan şifahi razılaşmaya görə cavabdeh iddiaçıdan 100 baş, hər birinin dəyəri 410 manat olmaqla cəmi 41000 manat dəyərində xırda buynuzlu mal-qara almış, bundan sonra Cavabdeh “Kia Sorento” markalı avtomobilini İddiaçı ilə 27000 manata razılaşaraq borcunun bir qisminin əvəzində İddiaçı vermiş, daha sonra isə Cavabdeh “Qazel” markalı digər bir avtomobilini də İddiaçı ilə 7000 manata razılaşaraq borcunun digər bir qisminin əvəzində İddiaçı təqdim etmiş və bu minvalla Cavabdeh İddiaçı 7000 manat borcu qalmışdır. Bundan sonra İddiaçı Cavabdeh qalan 7000 manat borcunu tələb etsə də cavabdeh qeyd edilən məbləği iddiaçıya geri qaytarmaqdan imtina etmişdir. Ona görə də İddiaçı bu barədə Ağcabədi RPŞ-nə müraciət etmiş və həmin şöbənin xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh izahatında İddiaçı məxsus 100 baş xırda buynuzlu heyvanların hər birini 410 manatdan almasını və onun İddiaçı cəmi 7000 manat borcunun olmasını etiraf etmiş, lakin İddiaçı qeyd edilən pul tələbi mülki xarakterli olduğundan Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilərək İddiaçı mülki qaydada məhkəməyə müraciət etməli olması bildirilmişdir. Bundan sonra da iddiaçı cavabdehdən dəfələrlə qeyd edilən borc məbləğinin qaytarılmasını tələb etsə də cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Bundan başqa mülki işə məhkəmə baxışı mərhələsində Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək izahatında onun iddiaçıya 4500 manat borcunun olduğunu bildirsə də, əslində ərizənin də məzmunundan göründüyü kimi Cavabdeh İddiaçı 7000 manat borclu olduğu öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən də belə müəyyən olunur ki, Cavabdeh İddiaçı 7000 manat borcu qalmış və həmin borc məbləği hal-hazıradək cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 7000 manat borc pulun alınıb İddiaçı verilməsi qanuni və əsaslıdır. Həmçinin, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 95 manat dövlət rusumunun 90 manatı onun xeyrinə cavabdehdən tutulmalı və digər qismi, yəni 5 manatı isə iddiaçının hesabına aid edilməlidir. Bundan əlavə, MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 7000 (yeddi min) manat borc pul və 95 manat ödənilmiş dövlət rüsumunun 90 manatı tutulub İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 05 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissələrdə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat borc pul və 90 (doxsan) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 05 (beş) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar