Məhkəmə qərarları › İş №2(047)-701/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-701/2024

18.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-701/2024 18.09.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədirliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ondan ümumilikdə 3750 manat borc pul almış və həmin borcun səkkiz ayını 50 manatdan, qalan ayları isə 100 manatla qaytarcağını bildirmişdir. Cavabdeh həmin pulu ondan aldığına dair öz xətti və imzası ilə qəbz də vermişdir. Cavbdeh həmin borcdan 120 manat qaytarmış, lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh borclu olduğu qalan 3630 manat pulu indiyənə kimi ona qaytarmamışdır. Cavabdeh həmin pulu ona səkkiz ay 50 manatla qalan ayları 100 manatla qaytarmasına söz versə də, lakin aradan bir neçə vaxt keçməsinə baxmayaraq cavabdeh həmin pulu tam qaytarmamışdır. O, cavabdehdən ona borclu olduğu pulu dəfələrlə qaytarmasını tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borclu olduğu pulu qaytarmaqdan imtina etmişdir. Artıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də Cavabdeh 3630 manat borc pulun və ödədiyi 59,40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək izahatında göstərmişdir ki, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. İddia tələbini qəbul edir. Belə ki, o, İddiaçı 3750 manat pul almış, həmin pulu iddiaçıdan aldığına dair öz xətti və imzası ilə qəbz də vermişdir. Həmin borcdan 120 manat ödəmiş, onun iddiaçıya cəmi 3630 manat borcu qalmışdır. Ona görə də qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçını və cavbdehi dinləyib iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzdən görünür ki, Cavabdeh İddiaçı ümumilikdə 3750 manat borc pul almış, həmin borcun səkkiz ayını 50 manatla, qalan ayları isə 100 manatla qaytaracağına söz vermiş və bu barədə qəbz yazaraq imza edib iddiaçıya təqdim etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iddiaçının izahatı, iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, Cavabdeh İddiaçı ümumilikdə 3750 manat borc pul almış, həmin borc məbləğinin səkkiz ayını 50 manatla, qalan ayları isə 100 manatla qaytaracağına söz vermiş və bu barədə cavabdeh tərəfindən qəbz yazılaraq iddiaçıya təqdim olunmuşdur. Cavabdeh həmin borcdan 120 manat ödəmiş və onun iddiaçıya 3630 manat borcu qalmışdır. Bundan sonra iddiaçı hər dəfə cavabdehdən pulunu qaytarmasını istədikdə cavabdeh müxtəlif bəhanələr gətirərək həmin borc pulu ödəyəcəyinə söz vermiş, lakin cavabdeh iddiaçıya olan 3630 manat borcunu hal-hazıradək ödəməmişdir. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Bundan əlavə Cavabdeh mülki işə məhkəmə baxışı gedişində ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı 3630 manat borcunun olduğunu etiraf edib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini də məhkəmədən xahiş etmişdir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 3630 manat pulun alınıb İddiaçı verilməsi qanuni və əsaslıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 59,40 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib onda yaranmış daxili inam əsasında belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3630 (üç min altı yüz otuz) manat borc pul və ödənilmiş 59,40 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3630 (üç min altı yüz otuz) manat borc pul və ödənilmiş 59,40 (əlli doqquz manat qırx qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar