Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-1089/2025 13.01.2026 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2025-ci ildə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində ölməsi faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci ildə Bakı şəhəri 5 saylı “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində nikahlarını rəsmi qeyd etməklə Lerik rayonu Pirasora kənd sakini X3 ilə evlənmişlər. Onların birgə nikahından 2 (iki) övladları vardır. Həyat yoldaşı uzun müddət ağır xəstə olmuşdur. Uzun sürən xəstəlik səbəbindən həyat yoldaşı xx.xx.2025-ci il tarixdə yaşadıqları Bakı şəhəri Xəzər rayon Binə qəsəbəsində ölmüşdür. Həyat yoldaşı ev şəraitində öldüyü üçün tibbi sənəd verilməmiş və bu səbəbdən də həyat yoldaşı üçün ölüm haqqında şəhadətnamə alınmamışdır. Dəfələrlə tibb müəssisələrinə müraciət edilsə də, ona həyat yoldaşının ölümü haqqında tibbi sənəd verilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə almaq mümkün deyildir. Maraqlı şəxsnə müraciət edərək ona ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, Qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnaməni verməmiş və bu barədə məhkəməyə müraciət etməyi ona izah edilmişdir. Ölüm haqqında şəhadətnaməni o, başqa qaydada ala bilmir. Həyat yoldaşının ev şəraitində öldüyünü yaxın qohumları təsdiq edə bilər. Odur ki, xx.xx.2025-ci il də Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində ölmüş həyat yoldaşının ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək sosial yardım aldığı üçün müvafiq orqanların mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini tələb etdiyini bildirərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1998-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16- 5/8-06-936/2025 saylı arayışdan görünür ki, Ərizəçi ilə X3 arasında nikah 08 oktyabr 2017-ci il tarixdə bağlanmış, 3432 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada «Rufullayeva» soyadı verilmişdir. İş materiallarında olan Təcili və X6 Stansiyasının 25 oktyabr 2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 25 oktyabr 2025-ci il tarixdə xəstə X2 təcili tibbi yardım üçün çağırış qəbul olunmuş, Bakı şəhəri, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında aparılmış müayinə tədbirləri nəticəsində həkimə qədər ölüm, qadın cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Binə bələdiyyəsi tərəfindən tərəfindən verilmiş 04 noyabr 2025-ci il tarixli arayışdan görünür ki, məhrum X3 xx.xx.2025-ci il tarixdə vəfat etmiş, Binə qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 26 noyabr 2025ci il tarixli məktubundan görünür ki, 10 sentyabr 1998-ci il təvəllüdlü arvadı X1 ölüm haqqında təkrar şəhadətnamə və ya arayış almaq istəməyi barədə ərizəsinə cavab olaraq bildirilmişdir ki, Maraqlı şəxs arxivində saxlanılan ilkin ölüm və bərpa ölüm akt qeydləri, eləcə də “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və arvadının ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında şəhadətnamə və ya arayış ölüm haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi ilə əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. İş materiallarında olan məzar daşının fotoşəkilindən görünür ki, məzar daşının üzərində həmin yerdə dəfn edilmiş xx.xx.1998-xx.xx.2025-ci il təvəllüdlü X1 adı, soyadı və ata adı qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ərizəçi onun əmisi oğludur. Təsdiq edir ki, X3 xx.xx.2025-ci il tarixində Bakı şəhərində vəfat etmiş, Binə qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmiş, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ərizəçi onun anasının dayısı nəvəsidir. Təsdiq edir ki, X3 xx.xx.2025-ci il tarixində Bakı şəhərində vəfat etmiş, Binə qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmiş, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, ərizəçi onun xalası nəvəsidir. Təsdiq edir ki, X3 xx.xx.2025-ci il tarixində Bakı şəhərində vəfat etmiş, Binə qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmiş, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1998-ci ildə Lerik rayonunun Pirasora kəndində doğulmuş X1 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktı ərizəçinin izahatı və şahid ifadələri ilə yanaşı, işdə olan digər sübutlarla öz təsdiqini tapır. Odur ki, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut vardır. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi xx.xx.1998-ci ildə Lerik rayonunun Pirasora kəndində doğulmuş X1 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməməsini, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1998-ci ildə Lerik rayonunun Pirasora kəndində doğulmuş X1 xx.xx.2025-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1998-ci ildə Lerik rayonunun Pirasora kəndində doğulmuş X1 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X1 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-1089/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-1089/2025
13.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver