Məhkəmə qərarları › İş №2(048)-150/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-150/2025

17.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-150/2025 17.01.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 07 aprel 1962-ci ildə Lerik rayonu Hiveri kəndində doğulmuş X2 22 iyul 2024-cü ildə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o xx.xx.1965-ci ildə Lerik rayon Hiveri kəndində doğulmuşdur. X1 xx.xx.1962-ci ildə Lerik rayon Hiveri kəndində doğulmuş, X7 ilə nikaha daxil olmuşdur. X7 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və onun üçün ölüm haqqında şəhadətnamə əldə olunmuşdur. Lakin X1 urəktutmadan xx.xx.2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən evində vəfat etmişdir. Onun hüzür xərclərini oğlu X10 çəkmişdir. Bacısı vəfat edəndən sonra onu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən məzarlıqda dəfn etmişlər. Halhazırda onun qəbri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən qəbristanlıqda yerləşir. Səhlənkarlıqlarından bacısının ölümünü qeydiyyat orqanında qeydə aldırmamışlar. Sonradan Maraqlı şəxsnə müraciət etsə də bundan imtina edilmişdir. Yaranmış problemin həlli yalnız məhkəmə qaydasında mümkün olduğundan hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bundan başqa Sədaqətin ölüm faktını şahidlər, bələdiyyənin təqdim etdiyi arayışla da təsdiq edə bilər. Hal-hazırda bacısının ölümü rəsmi orqanlarda qeydə alınmadığından və oğlu X10 tərəfindən anasının dəfn xərclərinin alınması mümkün olmadığından ölüm haqqında şəhadətnamə lazımdır. Həmçinin bacısı barəsində ölüm haqqında qeyd müvafiq icra hakimiyyəti orqanında qeyd olunmadığından bacısı yaşayan şəxs kimi göstərilir. Bu hala görə ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi lazımdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək dəfn xərcləri pulunun alınması üçün mərhum bacısının ölüm haqqında şəhadətnaməsinin lazım olduğunu bildirərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 14676283 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Təcili və X6 Stansiyasının 22 iyul 2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 22 iyul 2024-cü il tarixdə xəstə X3 təcili tibbi yardım üçün çağırış qəbul olunmuş, Bakı şəhəri Binə Sovxozu ünvanında aparılmış müayinə tədbirləri nəticəsində həkimə qədər ölüm, qadın cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Binə bələdiyyəsi tərəfindən tərəfindən verilmiş 26 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, məhrum X4 xx.xx.2024-cü il tarixində Bakı şəhərində vəfat etmiş, Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən məzarlıqda dəfn edilmişdir. İş materiallarında olan 4 nömrəli Birləşmiş şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında yaşamış xx.xx.1962-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə X11 Tibbi Yardım tərəfindən ölüm faktı qeydə alınmışdır. Vəfat edən şəxs 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olmadığı üçün TQS № 106 verilməsindən imtina edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 05 dekabr 2024cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarının 8-ci bəndinin tələblərinə əsasən X2 ölümü barədə akt qeydinin icrası və ölüm şəhadətnaməsinin verilməsi barədə ərizənin qəbulundan və icrasından imtina etmiş və qanunvericiliyin tələbinə görə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. İş materiallarında olan məzar daşının fotoşəkillərindən görünür ki, məzar daşının üzərində həmin yerdə dəfn edilmiş xx.xx.1962-xx.xx.2024-cü il təvəllüdlü X2 adı, soyadı və ata adı qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ərizəçi onun dayısı oğludur. Təsdiq edir ki, X4 xx.xx.2024-cü il tarixində Bakı şəhərində vəfat etmiş, Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən qəbiristanlıqda dəfn edilmiş, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1962-ci ildə Lerik rayonunun Hiveri kəndində doğulmuş X2 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı ərizəçinin izahatı və şahid ifadəsi ilə yanaşı, işdə olan digər sübutlarla öz təsdiqini tapır. Odur ki, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut vardır. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi xx.xx.1962-ci ildə Lerik rayonunun Hiveri kəndində doğulmuş X2 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməməsini, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1962-ci ildə Lerik rayonunun Hiveri kəndində doğulmuş X2 xx.xx.2024-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci ildə Lerik rayonunun Hiveri kəndində doğulmuş X2 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X2 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar