Məhkəmə qərarları › İş №2(048)-24/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-24/2025

07.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-24/2025 07.08.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh3 vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, Cavabdeh1 və İddiaçı2 – cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “əmlakların və tikililərin satışından əldə olunan vəsaitlərin cavabdehlərdən müştərək qaydada alınıb onlara ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, Cavabdeh1 və İddiaçı2 – cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “əmlakların və tikililərin satışından əldə olunan vəsaitlərin cavabdehlərdən müştərək qaydada alınıb onlara ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lerik X10” MMC-nin, onun ərazisində olan əmlakların və dəmir konstruksiyaların dəyəri barədə qiymətləndirmə barədə rəy alındıqdan sonra şifahi olaraq satılmış əmlaklardan əldə olunan vəsait və gəlirlərin dəyərinə uyğun vəsaitin və gəlirlərin, cavabdehlər tərəfindən iddiaçıların adından alınmış pulların cavabdehlərdən müştərək qaydada alınıb onların hər birinə eyni qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum X2nun Cavabdeh2 ilə birgə nikahından X6, X23, Cavabdeh3, X13, X18, X19, İddiaçı2, Cavabdeh4 və X11 adlı övladları anadan olmuşdur. Həmin övladlarından X23 və X18 vəfat etmişlər. X2 09 iyul 2019-cu ildə vəfat etmişdir. Bunu özünə fürsət bilən cavabdehlər yaşlı anaları Cavabdeh2, övladların hər birinə çatacaq pul məbləğini yarıya böləcəkləri vədini verib aldatmaqla mərhum X2na məxsus Lerik rayonu Mondigah kəndində yerləşən nizamnamə fondunun 86,15 faizi ümumi tikinti altı sahəsi 6359 kv.m. olan ümumi dəyəri 800000 manatdan da artıq olan “Lerik X10” Məhdud Məsulliyyətli Cəmiyyətinin ərazisində olan əmlaklar, metal və dəmir konstruksiyalar cavabdehlər tərəfindən onların və digər övladların razılıqları olmadan satılaraq iddiaçılara heç bir təklif edilmədən cavabdehlər tərəfindən xeyli mənfəət əldə edilmişdir. “Lerik X10” Məhdud Məsulliyyətli Cəmiyyətinin ərazisində olan əmlaklar və dəmir konstruksiyalar cavabdehlər tərəfindən şəxsi mənfəət əldə etmək üçün şifahi olaraq satılıb, daşındığından həmin mübahisəyə məhkəmə müstəvisində baxılaraq hər bir iddiaçıya düşən vəsait və satılmış dəmir və metal konstruksiyalardan və avadanlıqlardan əldə olunan gəlirlər ədalətli hesablanmaqla, cavabdehlərdən müştərək qaydada tutulub, onlara ödənilməlidir. Həmin “Lerik X10” Məhdud Məsulliyyətli Cəmiyyətinin ərazisində olan əmlakların və metal, dəmir konstruksiyaların dəyəri qiymətləndirmə barədə rəy alınmaqla satılmış əmlaklar müəyyən edilməli, daha sonra cavabdehlərin satdıqları həmin əmlakların satışından əldə olunan vəsait və gəlirlər, onların adından alınmış pullar, onların hər birinə ayrı-ayrılıqda olmaqla cavabdehlərdən müştərək qaydada alınıb ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Cavabdehlərdən Cavabdeh2 yaşlı anaları olsa da, digər cavabdehlər Eldar və Cavabdeh4lər onların qardaşlarıdır. Cavabdehlər analarının yaşlı olmasından istifadə edərək pensiya kartına görə və evin təmirinə görə etibarnamə verməlisən adı ilə analarını aldaraq öz adlarına etibarnamə yazdıraraq “Lerik X10” Məhdud Məsulliyyətli Cəmiyyətinin ərazisində olan əmlaklar və dəmir konstruksiyaların satılması ilə bağlı müştəri axtarıb öz məkrli planlarını işə salaraq “Lerik X10” Məhdud Məsulliyyətli Cəmiyyətinin ərazisində olan əmlaklar və dəmir konstruksiyaları şəxsi mənfəət əldə etmək üçün satmağa başlamışlar. Hazırkı vəziyyətdə həmin əmlakların və metal konstruksiyaların qiymətləndirmə keçirmədən dəyərini müəyyən etmək mümkün deyildir. Ona görə də pozulmuş hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, atası 2019-cu il tarixdə vəfat etmiş, atasının vəfatından sonra 2020-2021-ci il tarixlərdə qardaşı Cavabdeh3 atalarına məxsus zavodun əmlaklarını satmaq qərarına gəlmişdir. Zavodun əmlakları satılan zaman qardaşı Eldar bütün övladların payının veriləcəyini bildirmiş, lakin satılandan sonra onlara heç bir pul verilməmişdir. Onların bildiyinə görə zavodun əmlakarı 2023-cü il tarixdə 500.000 (beş yüz min) manata satılmışdır. Zavodun əmlakları dəmir konstruksiyalarından və müxtəlif texnikalardan ibarət olmuşdur. Qeyd olunan əmlaklar maşınlar vasitəsi ilə daşınmışdır. Bununla bağlı fotoşəkillər və videogörüntünün qeydə alındığı disk mövcuddur. Qeyd olunan əmlakları Elman adlı şəxs almışdır. Zavodun əmlakları qeyri-rəsmi olaraq satılmışdır. Hazırda zavodda heç bir əmlak mövcud deyildir. Atalarının heç kimə borcu olmamış və qeyd olunan əmlaklar ataları tərəfindən deyil, qardaşları Eldar və İlqar tərəfindən satılmış, əldə olunan vəsait digər övladlara verilməmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən digər İddiaçı2 iddia tələbini müdafiə edərək digər İddiaçı1 izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi əsasızdır. İddiaçılar özləri də deyir ki, ataları sağ olan zaman ataları balaca qardaşlarına etibarnamə vermiş, həmin etibarnamə əsasında balaca qardaşları əmlakları idarə və istifadə etmişdir. Ola bilsin atalarının borcu olmuş, əmlakları satıb həmin borcu vermişdir. Hüquqlarını müdafiə etdiyi Cavabdeh3 buna heç bir aidiyyəti yoxdur. Bundan əlavə, təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçılar vərəsəliklə bağlı notariat kontoruna müraciət edib vərəsəlik işi də açdırmamışlar, vərəsə olmaları barədə sübut təqdim etməmişlər. Həmçinin iddiaçıların iddia tələbində Lerik X3 əmlaklarının nədən ibarət olması və həmin əmlakların Cavabdeh3 tərəfindən satılması ilə bağlı sübutları da yoxdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, atası sağ olan atasının müəyyən problemləri olmuş, mülkün sahibi də o, olmuşdur. Atası vəfat edəndən sonra balaca emalatxana sexi qalmışdır, o da boş konstruksiya dəmirdən ibarət olmuşdur. Atası son illər xəstə olduğundan xəstəliyi ilə əlaqədar bir neçə dəfə kiçik qardaşı ilə birlikdə Rusiya və İrana getmişdir. İddiaçılar iddia edir ki, əmlakları onlar satmışlar, deyilənlər yalandır, əmlakları onlar satmamışlar. Ataları xəstə olduğu zaman borcu olmuş, bu səbəbdən əmlakları satmış, əmlakların yarısını atası sağ olan zaman, yarısı da öləndən sonra götürülüb aparılmışdır. Əmlakları götürüb aparan adamı tanımır. O, zavodun heç bir əmlakını satmamışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər iddiaçı Cavabdeh1 və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə baxış iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Əmlakın İnvertarlaşması Bürosu tərəfindən verilmiş Müəsissə və Obyektin 03 may 2002-ci il tarixli, 001818 nömrəli Texniki pasportunun surətindən görünür ki, “X33” İqtisadi İnkişaf Nazirliyinin sərəncamında olamaqla, 1990,1991, 1992, 1994-cü il tarixlərdə Lerik rayonu Mondigah kəndində tikilmiş və tikinti altı sahə 6359 kv.m., ümumi sahəsi 6021,8 kv.m təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında 26 noyabr 2002-ci il tarixli, ******* nömrəli şəhadətnamənin surətindən görünür ki, “Lerik X10” MMC mineral suların butulkalara doldurulması, o cümlədən istehsalı ilə bağlı kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Əmlakının özəlləşdirilməsi departamenti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamənin surətindən görünür ki, X14, X15, X7, X8 və X1 Konserv Zavodunu satın almışlar. İş materiallarına əlavə edilmiş Lerik rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 987928 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 09 iyul 2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyya Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinin 24 iyul 2025ci il tarixli, 3-21-3-43/2-2330/2025 saylı cavab məktubundan görünür ki, “Lerik X10” MMCnin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Məlumat üçün bildiririk ki, Milli Qeydiyyat Sistemində (elektron baza məlumatlarına əsasən) Lerik rayonun Mondigah kəndi ərazisində yerləşən, ümumi sahəsi 253.6 kv.m olan qeyri yaşayış binasına aid sənədlər əsaslar 29 07.2002-ci il tarixli 2085 nömrəli “Dövlət Əmlakının Hüquqi və Fiziki şəxslərə satılması haqqında Şəhadətnamə" və xx.xx.2002-ci il tarixli, “Alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi” qeyd edilmiş və həmçinin daşınmaz əmlakın hüquq sahibləri “X33” və X14 qeyd edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna əsasən Lerik Rayon Dövlət Notariat Ofisinin 24 iyul 2025-ci il tarixli, 114 saylı cavab məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X5 vərəsəlik işi ilə bağlı Lerik rayon dövlət notariat ofisinə müraciət daxil olmamış, vərəsəli işi açılmamış, vərəsə dairəsi müəyyən edilməmişdir və hər hansı bir miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməmişdir. Məhkəmə iclasında “Lerik X10” olduğu ehtimal edilən tikiliyə dair videogörüntü və fotoşəkilləri əks etdirən diskə baxış keçirilən zaman çəkilişlərdə həmin zavodun əvvəl tam vəziyyətdə olduğu, daha sonra isə yarıdan çox hissəsinin dəmir konstruksiyalarının söküldüyü müəyyən edilmişdir. İşin materiallarından görünür ki, xx.xx.2002-ci il tarixli, 2085 nömrəli “Dövlət Əmlakının Hüquqi və Fiziki şəxslərə satılması haqqında Şəhadətnamə” və xx.xx.2002-ci il tarixli, “Alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi”nə əsasən daşınmaz əmlakın hüquq sahibləri “X33” və X14 olmuş və sonuncu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala - qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Hazırki iddia tələbinin əsasını iddiaçıların atalarından miras qalmış əmlakın satılmasından əldə edilən puldan onların hər birinə eyni qaydada ödənilməsi təşkil edir ki, bu da vərəsəlik hüquq münasibətlərini özündə ehtiva edir. Lakin bu zaman da nəzərə alınmalıdır ki, X5 vərəsəlik işi ilə bağlı notariat ofisinə müraciət daxil olmamış, vərəsəli işi açılmamış, vərəsə dairəsi müəyyən edilməmişdir və hər hansı bir miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçılar xx.xx.2019-cu il tarixdə vəfat etmiş X5 vərəsələrindən biridilər və onlar konkret olaraq cavabdehlərin, xüsusən digər vərəsə olan qardaşları Cavabdeh3 atalarına məxsus zavodun əmlaklarını satmasını və gəlir əldə etməsini, onların isə bu gəlirdən paylarının verməməsini iddia edirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. - 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. - 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il tarixli (Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanmasına dair) Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras əmlaka qanunla müəyyən olunmuş qaydada mülkiyyət hüququnu əldə etmiş və onu dövlət qeydiyyatından keçirmiş şəxslərin belə hüququ ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar. Qeyd olunduğu kimi X5 vəfatından sonra vərəsəlik işi açılmamasına, vərəsə dairəsi müəyyən edilməməsinə və hər hansı bir miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməməsinə baxmayaraq iddiaçılar cavabdehlərdən hazırda miras əmlak hesab etdikləri atalarına məxsus zavodun əmlakların satılmasından əldə edilən puldan bərabər qaydada pul iddiasını irəli sürmüşlər. İddiaçıların atalarından miras qalmış əmlak olması faktı təsdiqini tapsa da, bu əmlakın vərəsələr tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul etmələrinə dair heç bir sübut təqdim edilməmişdir. Məhkəmə tələbin “Lerik X10” MMC-nin, onun ərazisində olan əmlakların və dəmir konstruksiyaların cavabdehlər tərəfindən satılmasına dair hissəsinə qiymət verərək əvvəla qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə: “Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.” Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin izahatları özü-özlüyündə iddianın əsaslı olmasını təsdiq etmir. Çünki, Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilən normaya əsasən cavabdehin iddianı qəbul etməməsinə dair izahatı özüözlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməzdi. Çünki, qanunvericiliyə görə iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır Araşdırma zamanı iddiaçı tərəf iddialarını müdafiə edərək təkidlə cavabdehlərin iddiaya olan etirazlarının əsası kimi istinad etdiyi halları düzgün olmamasını göstərsələr də, özlərinin iddialarının əsası kimi istinad etdiyi halların həqiqətən də mövcudluğuna dair heç bir konkret sübut növü təqdim edə bilməmişlər. Başqa sözlə, cavabdeh tərəf iddianı etiraf etməyərək heç bir əmlak satmadığını göstərməsinə baxmayaraq iddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı mötəbər və tutarlı sübut növü təqdim edə bilmir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf iddiasının sübutu kimi məhkəməyə videogörüntü və fotoşəkillər təqdim etmiş, məhkəmə iclasında həmin videogörüntü və fotoşəkilləri əks etdirən diskə baxış keçirilən zaman çəkilişlərdə zavodun yarıdan çox hissəsinin dəmir konstruksiyalarının söküldüyü müəyyən edilmiş, lakin iddiaçılar tərəfindən həmin söküntünün məhz cavabdehlər tərəfindən edilməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdeh tərəf də iddianı etiraf etməyərək, ümumiyyətlə bu söküntüdən xəbərinin olmamadığını, söküntünün ona aidiyyətinin olmadığını, heç bir əmlakı satmadığını bildirmişdir. Halbuki, məhkəmə sübutlarla bağlı yuxarıda sadalalanlardan əlavə qeyd etməyi də zəruri sayır ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi iddiaçı tərəf öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyində, məhkəmə hesab edir ki, iddia təmin olunmadığı halda ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, Cavabdeh1 və İddiaçı2 – cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “əmlakların və tikililərin satışından əldə olunan vəsaitlərin cavabdehlərdən müştərək qaydada alınıb onlara ödənilməsi” tələbinə dair iddiları təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar