Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-751/2024 03.10.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 68 (altmış səkkiz) manat əsas borc, 13 oktyabr 2023-cü il tarixdən 23 iyul 2024-cü il tarixə kimi ödənməmiş hər gecikdirdiyi ay (əldən çıxmış faydaya görə 68 x20%=13,60 x 9=122,40 manat) üçün 20% olmaqla 122,4 (yüz iyirmi iki manat qırx qəpik) manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 220,4 (iki yüz iyirmi manat qırx qəpik) manat borcun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lerik şəhəri, Avtovağzal ərazisində E.Qarayev küçəsində yerləşən ona məxsus pərakəndə ticarət dükanında fiziki şəxs qismində çalışır. Cavabdeh Lerik rayonun Blaband kənd sakini, əvvəllər tanıdığı Cavabdeh 13 oktyabr 2023-cü il tarixindən ondan nisyə alış-veriş etmişdir. Cavabdeh onun etibarından sui-istifadə edərək, 2023-cü ilin oktyabr ayından başlayaraq müxtəlif vaxtlarda 68 (altmış səkkiz) manat dəyərində müxtəlif çeşiddə mal və tütün məmulatlarını nisyə aparmışdır. İndiyə kimi həmin apardığı malların dəyərini ödəməmişdir. Cavabdehə müxtəlif vaxtlarda xəbərdarlıq etməyinə baxmayaraq apardığı malların pulunu verməkdən inadlı şəkildə yayınmağa davam edir. Ona dəymiş maddi ziyanın tam dəyərini və hər gecikmiş ay üçün dəymiş ziyan (pulunu dövriyyədən çıxarıb qazanacağı faydanı əlindən aldığı üçün zanacağı fayda əlindən çıxdığına görə) 20% omaqla hesablanmalıdır. Lerik Rayon Məhkəməsinin 2(048)-751/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o Lerik şəhəri, E.Qarayev küçəsində yerləşən özünə məxsus ticarət dükanında min bir xırdavat və tütün məmulatlarının satışı ilə məşğul olur. Belə ki, 2023-cü ilin oktyabr ayından cavabdeh dükana gələrək ondan nisyə tütün məmulatı (siqaret) götümüş və pulunu verəcəyini bildirmiş, o da jurnalda bununla bağlı qeydiyyat apararaq məmulatını (siqareti) cavabdehə nisyə vermişdir. Bundan sonra cavabdeh ondan müxtəlif vaxtlarda ümumi dəyəri 68 (altmış səkkiz) manat olan müxtəlif çeşiddə min bir xırdavat malları və tütün məmulatı (siqaret) götürmüş, lakin hazırki vaxtadək pulunu ödəməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, o, iddiaçıdan tütün məmulatı (siqaret) ilə yanaşı əl fanarı və digər min bir xırdavat malları götürmüş, onunla alış-veriş etmiş, pulunu ödəmiş, həmin mallara görə 6 (altı) manat borcu qalmış, sonuncu dəfə isə iddiaçıdan 34 manat dəyərində qəhvədan götürmüş, ümumilikdə 40 (qırx) manat borcu yaranmış, lakin həmin qəhvədan deşik olduğundan gətirib qaytarmış və borcunun silinməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı özünə məxsus dükanda müxtəlif min bir xırdavat mallarının və tütün məmulatlarının (siqaretin) ticarəti ilə məşğul olur. Cavabdeh tanıyır. Belə ki, cavabdeh müxtəlif vaxtlarda İddiaçı məxsus dükandan nisyə müxtəlif xırdavat malları və tütün məmulatları götürmüş, həmin mallara görə müxtəlif məbləğlərdə ödənişlər etmiş və beləliklə onlar arasında nisyə alqı-satqı münasibətləri yananmışdır. Həmçinin məhkəmə iclasında cavabdehin izahatı ilə müəyyən edilmişdir ki, onun iddiaçı ilə həmin nisyə alqı-satqı münasibətlərindən iddiaçıya 6 (altı) manat borcu qalmış, eləcə də sonuncu dəfə iddiaçıdan 34 (otuz dörd) manat dəyərində qəhvədan götürmüş, ümumilikdə 40 (qırx) manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin aşağıdakı müddəaları baxımından müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yarandığı üçün iddiaçının hazırki tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin faktiki hallarını, məhkəmə iclasında tədqiq edilmiş sübutları və iş materiallarını nəzərə alaraq tərəflər arasında yaranmış münasibətləri nisyə alqı-satqı müqaviləsi kimi qiymətləndirir və hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə prosesində iştirak edən zaman verdiyi izahatında 34 (otuz dörd) manat dəyərində qəhvədan qüsurlu olduğundan onu qaytardığını bildirsə də, buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, iddiaçı da izahatında cavabdehin ona qəhvədanı qaytarmasını təsdiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində 68 (altmış səkkiz) manat dəyərində müxtəlif çeşiddə min bir xırdavat mallarını və tütün məmulatını (siqaret) cavabdehə nisyə verdiyini qeyd etsə də, bunu jurnalda qeydiyyat aparması ilə əsaslandırsa da, məhkəmə iclasında aparılmış araşdırma zamanı həmin qeydiyyat jurnalında 68 (altmış səkkiz) manat dəyərində malların məhz cavabdehə verilməsi və həmin malların cavabdeh tərəfindən qəbul edilməsi barədə jurnalın hər hansı yerinə qeydiyyat aparılması müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı götürdüyü müxtəlif mallara görə 40 (qırx) manat pulun qaytarmaması məhkəmə iclasında tədqiq edilmiş sübutlar, o cümlədən tərəflərin izahatları öz təsdiqini tapır. Odur ki, iddiaçı 40 (qırx) manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “13 oktyabr 2023-cü il tarixdən 23 iyul 2024-cü il tarixə kimi ödənməmiş hər gecikdirdiyi ay (əldən çıxmış faydaya görə 68 x20%=13,60 x 9=122,40 manat) üçün 20% olmaqla 122,4 (yüz iyirmi iki manat qırx qəpik) manat faiz borcu”nun tutulması hissəsinin isə əsassız olması və rədd edilməsi nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MM-nin 449.3 və 449.4-cü maddələrinə müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmçinin, həmin Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: 1.qanunsuz saxlama; 2.qaytarmaqdan boyun qaçırma; 3.ödənilməsini digər şəkildə gecikdirmə; 4.başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-nin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Göründüyü kimi qanunverici özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsini nəzərdə tutsa da, bunu sadalanan dörd hərəkət (hərəkətsizlik) nəticəsində borclunun müəyyən gəlir, artım, bəhər əldə etməsi ilə əlaqələndirmişdir. Halbuki, iddiaçı tərəfindən cavabdehin puldan faydalanmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 40 (qırx) manat məbləğində məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 40 (qırx) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-751/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-751/2024
03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver