Məhkəmə qərarları › İş №2(049)-1090/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1090/2024

29.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1090/2024 29.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2023-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MTO14/2023-02240 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs ilə birgə nikahılarından xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 ilə ona hər həftənin bazar günü saat 10:00-dan saat 18:00-dək ünsiyyət hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ona qarşı nikahın pozulması, aliment və birgə nikahdan əldə edilmiş əmlakdan pay tələbi ilə bağlı mediasiyaya müraciət etmişdir. Maraqlı şəxs ilə aralarında xx.xx.2023-ci il tarixdə mediasiya prossesində MŞL/MT014/2023-02240 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə Maraqlı şəxs ilə birgə nikahılarından xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 ilə ataları Ərizəçi hər həftənin bazar günü saat 10:00-dan saat 18:00-dək ünsiyyət hüququnun verilməsi barədə öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişi imzaladığı vaxtdan bu günə kimi həmin barışıq sazişin şərtlərini pozub əməl etmir, yəni birgə nikahılarından xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 ilə ona hər həftənin bazar günü saat 10:00-dan saat 18:00-dək ünsiyyət hüququnun verilməsini təmin etmir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023-02240 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə tələbini müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, barışıq sazişi bağladıqdan sonra cəmi bir dəfə uşaqları ilə görüşə bilib. O, da uşaqları ilə görüşüb onların təlim tərbiyələrində yaxından iştirak etmək istəyir. Məhkəmə baxışında iştirak edən Maraqlı şəxs izahatında bildirdi ki, barışıq sazişi bağlandıqdan sonra Ərizəçi uşaqları ilə görüşə sərxoş halda gəldiyi üçün sonradan ona uşaqlarla görüşməsinə icazə verməmişdir. Normal vəziyyətdə uşaqları ilə görüşə gəldiyi təqdirdə onun buna heç bir etirazı yoxdur. Ərizə tələbi üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə ərizənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsasla yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 228, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizə təmin olunsun Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MTO14/2023-02240 saylı barışıq sazişi təsdiq edilsin. Tərəflərin birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 ilə ataları Ərizəçi hər həftənin bazar günü saat 10:00-dan saat 18:00-dək görüşüb ünsiyyətdə olmaq vaxtı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar