Məhkəmə qərarları › İş №2(049)-1099/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1099/2023

15.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1099/2023 15.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 - Ərizəçi hüquqi faktın müəyyən edilməsinə tələbinə dair ərizəsinə 15 fevral 2023-cü il tarixində Lənkəran şəhərində baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1970-ci il təvəllüdlü bacısı X2 xx.xx.2002ci il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini nəzərdən keçirərək müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsi ilə müəyyən olunmuş qaydalara riayət edilmədən verilmişdir. Belə ki, MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən isə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçi ərizəsində qeyd olunan faktın ona nə məqsəd üçün lazım olduğunu göstərsə də, ərizəsinə bacısının ölümü ilə bağlı tibbi sənədin (şəhadətnamənin) alınması üçün müvafiq ambulator tibb müəssisəsinə müraciət etməsi, onun ölümü haqqında tibbi şəhadətnaməni ala bilməməsini təsdiq edən sübutlarını əlavə etməmişdir. Halbuki, məhkəməyə ərizəçi o halda müraciət etməlidir ki, o, əvvəl ambulator tibb müəssisəsinə müraciət etmiş olsun, həmin tibbi sənədi (şəhadətnaməni) ambulator tibb müəssisəsindən ala bilməsin və onu ala bilməməsinin təsdiqləyən sübutunu ərizəsinə əlavə etsin. Bacısının ölümü ambulator tibb müəssisəsində qeydiyyata alınmamışdırsa, bu barədə də ambulator tibb müəssisəsinin arayışı ərizəyə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası xx.xx.2019-cu il tarixli Plenum qərarına əsasən, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Hesab edirəm ki, Ərizəçi bacısının ölüm faktının müəyyən edilməsi məqsədilə ona lazım olan (tibbi şəhadətnaməni) sənədi ala bilməməsini təsdiq edən sübutları ərizəsinə əlavə etmədiyindən bu hal ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilməməsi kimi qəbul edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalı və ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM : Ərizəçi hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi izah olunsun ki, bu qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardadan rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar