Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-152/2025 19.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları, İddiaçı Cavabdeh qarşı «yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyan» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu maddi ziyana görə 5.000 manat və ödənilmiş dövlət rüsumuna görə 120 manat, cəmi 5.120 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 12 may 2023-cü il tarixdə saat 18 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Neftçala ərazisindən keçən hissəsində yolun sağ hissəsində dayandığı vəziyyətdə Cavabdeh idarə etdiyi “Kamaz 55111” markalı **-EM- *** dövlət qeydiyyat nişanlı avtomobillə onu vurmuş və onun ayağı bir neçə hissədən sınmışdır. Daha sonra o, əməliyyat olunmuş və ayağına mil qoyulmuşdur. Həmin hadisə nəticəsində ağır xəsarət aldığı üçün 5-6 ay işləyə bilməmiş, ayağında mil var və yenidən əməliyyat olunmalıdır. Hadisədən sonra Cavabdeh ona bütün müalicə xərclərini qarşılayacağını, ondan şikayət etməməyini xahiş etmişdir. O da cavabdehə inanmış və həmin vaxt ondan şikayətçi olmamışdır. Buna görə də cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra Mehman ona heç köməklik etməmiş və onu aldatmışdır. O, yenidən əməliyyat olunmalı, fizioterapiya olunmalıdır. Fizioterapiya olunmaq və əməliyyat olunmaq üçün ən azından 15-20 dəfə Bakı şəhərinə getməli və onun üçün də 500-600 manat əlavə vəsait lazımdır. Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş epikirizdən görünür ki, metal lövhənin çıxarılması əməliyyatı 1500 manat təşkil edir, həmçinin, fizioterapiya xərcləri 1 kursu 80 manat, ən azı 15 kurs müalicə olunmalıdır. Belə olan halda təkcə ayağının sağalması üçün 3000 manat vəsait tələb olunur, əlavə olaraq o, müalicə və müayinələr üçün xərc çəkmiş, buna da 2000 manat vəsait xərcləmişdir. Ümumilikdə o, 10000 manatdan çox ziyana düşmüş, işləyə bilməmiş, maaşını tam almamış, lakin hazırda təkcə müalicə xərclərinə görə 5000 manat tələb edir. Onun sağlamlığına dəymiş ziyan cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində baş vermiş, buna görə də həmin hadisəyə görə dəymiş maddi ziyan cavabdehdən tutularaq ona ödənilməlidir. Lakin cavabdeh dəymiş ziyanı ödəmək istəmir və ödəməkdən imtina edir. Odur ki, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, cavabdeh cəmi bir dəfə onun əməliyyat edilməsi üçün 1300 manat pul ödəmiş, lakin onun müalicəsi üçün sonrakı xərcləri ödəməkdən boyun qaçırmışdır. 5000 manat məbləğində iddia tələbinin bir hissəsini onun üzərində icra edilməli əməliyyat xərci və fizioterapiya kursu üçün ödənilməli olan vəsait, digər hissəsini isə ayrı-ayrı vaxtlarda müalicəsi üçün özünün çəkdiyi xərclər – dərman preparatlarının alınması və s. təşkil edir. Əməliyyat xərci və fizioterapiya kursu üçün vəsait ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Müalicəsi üçün özünün çəkdiyi xərclər – dərman preparatlarının alınması ilə bağlı xərclərə dair sübutları məhkəməyə təqdim edə bilmir. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən, yəni 1500 manat əməliyyat xərcinin ödənilməsi hissəsində qəbul etdiyini, qalan hissədə qəbul etmədiyini bildirərək iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia ərizəsinə əlavə edilmiş: Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş müalicə həkimi (şöbə müdiri) Sənan Aşirov və baş həkim t.e.n Elxan Hacıyev tərəfindən imzalanaraq təsdiq edilmiş epikrizdən görünür ki, İddiaçı qoyulmuş son klinik diaqnoz, əsas xəstəlik – S82.7- baldırın çoxsaylı sınıqlarıdır. Diaqnoz qeydi: sol qamış sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişmiş sınığı, sol incik sümüyün cisminin qapalı yerdəyişmiş sınığı, hər iki yuxarı ətrafda, sol sağrı nahiyəsində dərinin sıyrılmış yaraları. Klinikada xx.xx.2023-cü il tarixində “sol qamış sümüyünün metal lövhə ilə osteosintezi” əməliyyatı icra edilmişdir. Metal lövhənin çıxarılması əməliyyatdan ən azı 1 sonra çıxarılmalıdır. Əməliyyat qiyməti 1500 AZN təşkil edir. Yaxşı olar ki, 10-15 kurs fizioterapiya müalicəsi alsın. Fizioterapiyanın klinikada olan qiyməti 1 kursu 80 AZN təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Yolnəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 12 may 2023-cü il tarixdə saat 17:55 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Neftçala rayonu ərazisindən keçən 95.5 kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti BDYPİ-nin YPXA-ya göndərilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(050)-18/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. İddiaçı Masallı regional “ASAN Xidmət” mərkəzində ofisində notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü tarixli ərizədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Masallı regional “ASAN Xidmət” mərkəzində ofisində 8İ-10095 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizə vermişdir. Barışıq sazişinin tələbləri pozulduğu səbəbindən yuxarıda qeyd edilən ərizədən imtina edir. xx.xx.2023-cü il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmə iddia verilməsi üçün 120 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, iddia tələbinin dəlillərinə görə tərəflər yaranmış mübahisə yolnəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə, əlaqəli normalar əsasında həll edilmişdir. İş materiallarında olan ləğv edilməmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 12 may 2023-cü il tarixdə saat 17:55 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Neftçala rayonu ərazisindən keçən 95.5 kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti BDYPİ-nin YPXA-ya göndərilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 229 №-li MTE rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-sol baldır sümüklərinin aşağı 1/3-nin açıq yerini dəyişən sınığı küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığının pozulması təsdiqin tapmışdır. Cavabdeh də həmin halı təsdiq etməklə iddiaçı üzərində icra ediləcək əməliyyat xərci olan 1500 manatın ondan tutulub iddiaçıya verilməsini etiraf edir. Lakin iddia tələbinin digər hissəsi ilə razılaşmır. Doğrudur ki, iddiaçı müalicəsi üçün xərc çəkmişdir. Lakin bu zaman çəkilmiş xərcin həqiqətən də 5000 manat olması sübuta yetirilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır İddiaçı tərəfindən sübut kimi Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş epikriz təqdim edilmişdir. Həmin epikrizdə qeyd edilmişdir ki, klinikada İddiaçı üzərində xx.xx.2023-cü il tarixində “sol qamış sümüyünün metal lövhə ilə osteosintezi” əməliyyatı icra edilmişdir. Metal lövhənin çıxarılması əməliyyatdan ən azı 1 sonra çıxarılmalıdır. Əməliyyat qiyməti 1500 AZN təşkil edir. 10-15 kurs fizioterapiya müalicəsi alması məsləhət görülür. Fizioterapiyanın klinikada olan qiyməti 1 kursu 80 AZN təşkil edir. Göründüyü kimi, iddiaçı üzərində əməliyyatın icra edilməsi, eləcə də onun fizioterapiya müalicəsi alması üçün vəsaitin tələb edilməsi sübuta yetirilir. Ona görə sübut olunan hissəyə uyğun olaraq cavabdehdən yuxarıda göstərilən məbləğdə pul alınaraq iddiaçıya verilməlidir. İddiaçı konkret məbləğlər göstərməsə də ayrı-ayrı vaxtlarda müalicəsi üçün özünün çəkdiyi xərclər – dərman preparatlarının alınması və digər müaliəcə xərcləri ilə bağlı sübutları (ödəniş qəbzləri və s.) məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 1500 manat əməliyyat xərci, 800 manat fizioterapiya müalicəsi üçün olmaqla, ümumilikdə maddi zərərə görə 2300 manat və iddia tələbinin ödənilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun məbləği olan 43 manat Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun 77 manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərə görə 2300 manat və iddia tələbinin ödənilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun məbləği olan 43 manat Cavabdeh tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 77 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-152/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-152/2025
19.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver