Məhkəmə qərarları › İş №2(049)-1762/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1762/2025

28.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1762/2025 28.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə Lənkəran 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesində bağladığı MŞL/MT014/2025/2025-00395 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla Hüseynov X7 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesi zamanı xx.xx.2025-cü il tarixdə qarşılıqlı razılığa gələrək MŞL/MT014/2025/-00395 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə ikinci tərəf, yəni Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2016-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi hər bir uşağa görə 0.2 misli miqdarında aliment ödəməsinə öhdəlik götürmüşdür. Alimentin hesablanması 2025-ci ilin xx.xx.2025-ci ildən başlamaqla, hər ayın 15-də gün ərzində nağd qaydada, köçürülmə yolu ilə, poçt və ya bank vasitəsilə ödəməsini öhdəsinə götürmüşdür. Lakin, barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs öhdəsinə götürdüyü öhdəliyi icra etməmiş və hazırda da icra etməməkdə davam edir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə Lənkəran 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesi zamanı bağladıqları MŞL/MT014/2025/-00395 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, iddiaçı Ərizəçi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək onların iştirakı olmadan işə baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmış Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185-ci maddəsinə əsasən işə ərizəçi və maraqlı şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞL/MT014/2025-00395 saylı barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs birgə yaşadıqları müddətdə anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X8 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqı məbləğinin hər bir uşağa görə 0,2 misli miqdarında aliment pulunu anaları birinci tərəf Ərizəçi ödəyəcəyini öhdəsinə götürmüşdür. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla alimentin hesablanmasını xx.xx.2025-ci ildə başlanmasına razılaşır və aliment məbləğini hər ayın 15-də nağd, poçt və ya bank köçürülməsi yolu vasitəsi ilə birinci tərəfə Ərizəçi ödəyəcəyinə öhdəsinə götürmüşdür. İkinici tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilə kimi yığılmış aliment məbləğini 2025-ci ilin aprel ayının 15-də Ərizəçi ödəməsinə öhdəlik götürmüşdür. Məhkəmə işin hallarına dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsasla yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci ildə Lənkəran 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesində bağlanılmış MŞL/MT014/2025/2025-00395 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar