Məhkəmə qərarları › İş №2(049)-1914/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1914/2025

05.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1914/2025 05.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Ərizəçi, Maraqlı şəxs1 və Lənkəran 1 saylı Mediasiya Təşkilatı maraqlı şəxslər qismində cəlb edilməklə, barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs1 arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞL/MT014/2025-00177 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Ərizənin məzmunundan göründüyü kimi, hazırki ərizədə qeyd edilən tələb mülki-prosessual qanunvericilikdə xüsusi icraat qaydasında baxılan işlər sırasına aid edilmişdir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə müvafiq olaraq qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməli olması müəyyən edilmişdir. İş materiallarından görünür ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək üçün cəmi 50 manat miqdarında dövlət rüsumu ödəmişdir. Barışıq sazişinin təsdiq edilməsi barədə ərizələr qiymətləndirilməyən ərizə hesab olunduğuna görə “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun qeyd olunan maddəsinin məzmununa əsasən müəyyən edilir ki, ərizəçi hazırki tələblərlə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəməli idi və onun ödədiyi 50 manat dövlət rüsumu həmin tələb üçün ödənilməli olan dövlət rüsumunu əhatə etmir. Yəni, ərizəçinin ödədiyi 50 manat dövlət rüsumu hazırki iddia tələbi üçün yetərli deyildir. İş materiallarında olan sənədlərdən görünür ki, ərizəçi mediasiya təşkilatına 60 manat vəsait ödəmişdir. Qanunvericiliyə əsasən şəxsin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi vəsait onun məhkəməyə müraciət etmək üçün ödəməli olduğu dövlət rüsumuna hesablansa da, xüsusi icraat qaydasında baxılan işlər (o cümlədən, barışıq sazişinin təsdiqinə dair tələblər) üzrə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində yenidən iştirak tələb olunmadığından ərizəçinin mediasiya prosesində barışıq sazişinin bağlanması üçün ödəmiş olduğu 60 manat vəsait onun məhkəməyə müraciət etmək üçün ödəməli olduğu dövlət rüsumuna hesablana bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, ərizəçi onunla Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞL/MT014/2025-00177 nömrəli barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etsə də, barışıq sazişinin hansı hissəsinin təsdiq olunmasını xahiş etdiyini dəqiq göstərməmişdir. Qeyd olunan barışıq sazişinin məzmunundan görünür ki, tərəflər mediasiya prosesində iştirak edərkən iki məsələ ilə bağlı - aralarında bağlanmış nikahın məhkəmə qaydasında pozulması və onların birgə nikahından xx.xx.2023-cü il tarixdə doğulmuş uşağın anası Ərizəçi yanında saxlanılması barədə razılığa gəlmişlər. Barışıq sazişində qeyd edilən razılaşmalardan birincisi tərəflər arasında bağlanmış nikahın pozulması ilə əlaqədar olub, tərəflərin mediasiya prosesində razılaşmasının olubolmamasından asılı olmayaraq məhkəmə qaydasında (nikahın qeydiyyat orqanında pozulmasının mümkünlüyü halları istisna olmaqla) həyata keçirilir. Yəni, bununla bağlı məhkəməyə hazırki ərizədə qeyd edildiyi kimi barışıq sazişinin təsdiqi ilə əlaqədar deyil, tərəflərdən hər hansı birinin iddia icraatı qaydasında müstəqil tələblə məhkəməyə müraciət etməsi tələb olunur. Barışıq sazişində qeyd edilən razılaşmalardan ikincisi isə tərəflərin birgə nikahından xx.xx.2023-cü il tarixdə doğulmuş uşağın ərizəçinin yanında saxlanılması ilə əlaqədardır. Ərizəçi hazırki ərizəsində Maraqlı şəxs1 barışıq sazişini icra etmədiyini qeyd etsə də, ərizəsinin məzmununda uşağın hazırda da faktiki olaraq onun öz himayəsində olduğunu və uşağı ilə birlikdə valideynlərinin yanında yaşadığını bildirmişdir. Belə olan halda, ərizə və ona əlavə edilmiş sənədlərdən iş üzrə Maraqlı şəxs1 tərəfindən barışıq sazişinin hansı şərtinin pozulduğu müəyyən edilmir. Bununla da ərizəçi qeyri-müəyyən tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki tələblə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunmadığından, habelə, ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə və qeyri-müəyyən tələblə məhkəməyə müraciət edildiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəçiyə izah edilir ki, ərizənin qaytarılması barədə qərardadın təsviri hissəsində qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ərazi və məhkəmə aidiyyəti qaydalarına riayət etməklə yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. Ərizə qaytarıldığına görə ərizəçi tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 114, 149, 152, 263-264, 266-268, 355-23.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 50 manat dövlət rüsumu ərizəçiyə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar