Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2238/2024 17.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı qızının Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 100 baş qoyun-quzu və 2 baş inək və ya həmin əmlakların dəyəri olaraq 12.000 manat pul, həmçinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 156 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, təqribən, 15 ildən artıq müddətdir ki, qoyun-quzu və mal-qara saxlamaqla məşğul olmuşdur. Bu fəaliyyətini oğlu - hazırki iş üzrə Cavabdeh ilə həyata keçirmiş və birgə təsərrüfatı idarə etmişlər. O, 3 ilə yaxındır ki, yataq xəstəsidir və çətinliklə ayağa qalxa bilir. O, ağır vəziyyətdə olduğuna görə birgə təsərrüfatlarında olan qoyun-quzulardan və inəklərdən özünə aid olanları satıb öz müalicəsini etmək üçün cavabdehdən həmin heyvanları tələb etmişdir. Həmin təsərrüfatda hal-hazırda, təqribən, 300-dən artıq qoyun-quzu, 6 baş inək vardır. Onların yarısı onun özünün olsa da, cavabdeh həmin heyvanları ona verməkdən imtina etmişdir. O, yataq xəstəsi olanadək həmin təsərrüfatı cavabdehlə birgə edərkən çobanlıq etmiş, mal-qaranın və qoyun sürüsünün yerlərini təmizləməklə təmizlik işləri ilə məşğul olmuş, inəklərin sağılması və ot tədarükünün təşkili işlərini görmüş, eləcə də, zəruri olan digər işləri yerinə yetirmişdir. Ona görə də onun əməyi ilə ərsəyə gəlmiş qoyun sürüsündə və inək naxırında onun da payı vardır. Cavabdeh onun tələblərinə heç bir məhəl qoymur və onun payına sahib çıxmaqla qanunsuz hərəkətlərə yol verir. Cavabdehlə razılaşma əldə olunması mümkün olmadığına görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlə birgə idarə etdikləri təsərrüfatda olan heyvanlardan 100 baş qoyun-quzu və 2 baş inək onun özünə məxsusdur və ona verilməlidir. Hazırki bazar qiymətlərinə görə qoyun-quzunun bazar qiyməti çəkisinə mütənasib olaraq, təqribən, 100 manat miqdarındadır. Bu baxımdan onun tələb etdiyi 100 baş qoyun-quzunun orta bazar qiyməti 10.000 manat təşkil edir. Tələb etdiyi inəklərin bazar qiyməti isə hər biri 1000 manat olmaqla, cəmi 2000 manat təşkil edir. Bu səbəbdən cavabdeh ya 100 baş qoyun-quzunu və 2 baş inəyi geri qaytarmalı, ya da onların dəyəri olan 12.000 manat pulu ona verilməlidir. Eyni zamanda, qeyd edir ki, o, hazırki iddia tələbini irəli sürərkən, yəni cavabdehdən öz payını tələb edərkən son dövrlərdə yataq xəstəsi olduğunu nəzərə alıb hazırda cavabdehin nəzarətində olan heyvanların yarısını deyil, 1/3 hissəsini tələb edir. Yəni, yataq xəstəsi olduğu dövrlərdə o, heyvanlara xidmət göstərə bilmədiyindən tələbində də maksimum dərəcədə ədalətli olmağa çalışmışdır. Hamıya bəllidir ki, heyvanlara qulluq göstərmək ağır zəhmət tələb edir. Bu ağır zəhmətin qarşılığında isə o, illərlə çəkdiyi əziyyətə görə yalnız 1/3 hissədə payını tələb edir. Əslində, o, cavabdehin qanunsuz hərəkətlərindən ciddi şəkildə əziyyət çəkir, daha doğrusu, mənəvi ziyan çəkir, lakin mənəvi ziyanın dəyəri heç bir məbləğlə ödənilə bilməz. Qeyd etdiyi faktiki hallar və hüquqi əsaslar baxımından hesab edir ki, iddiası əsaslıdır və təmin olunmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, iddiaçının ərinin vəfatından sonra təsərrüfatın başçısı iddiaçı olmuş və təsərrüfatda olan heyvanlar da iddiaçıya məxsus olmuşdur. Cavabdeh iddiaçının oğlu olmaqla, onlar təsərrüfatı birgə idarə etmişlər. Hazırda iddiaçının tələb etdiyi malqoyun onun öz təsərrüfatında olan heyvanlardır, faktiki olaraq həmin heyvanları cavabdehlə birlikdə saxlamışlar. Arxiv sənədlərində cavabdehin öz valideynlərinə məxsus olmuş təsərrüfatdan 1990-cı illərdə ayrıldığı görünsə də, son 3 ilədək onlar təsərrüfatı faktiki olaraq birgə idarə etmişlər. İddiaçı və cavabdeh son 3 ildə öz təsərrüfatlarını ayırmışlar. Lakin hazırda cavabdeh həmin heyvanları iddiaçıya qaytarmır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməklə öz payını cavabdehdən tələb edir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı onun doğma anasıdır, lakin anası 5 ildən çoxdur ki, onunla deyil, digər övladı yəni, onun bacısı X2 ilə yaşayır. Anası 2 ilə yaxındır ki, yataq xəsdəsidir. İddiaçının iddia ərizəsində qeyd etdiyi tələb heç bir əsaslı sübutlara söykənməyən, mötəbərliyi müəyyən olunmayan əsassız fərziyyələrdir. İddiaçı ona qarşı ədavət və düşmənçilik mövqeyində olmaqla və əsassız iddia qaldırmaqla onu nəyin bahasına olursa-olsun, maddi cəhətdən cəzalandırmaq və ona məlum olmayan səbəbdən ondan qisas almaq niyyətindədir. İlk növbədə, qeyd edir ki, o, 1991-ci ilin fevral ayında öz valideynlərinin təsərrüfatından rəsmi olaraq ayrılmış, lakin son 3-4 il bundan əvvələdək faktiki olaraq anası ilə bir təsərrüfatda yaşamışdır. Hazırda onun təsərrüfatında olan qoyun-quzuların 59 başı onun özünə, qalanları isə bacısının əri Əbilağa Bilişova məxsusdur. O, sadəcə olaraq həmin heyvanlara qulluq edir və buna görə də zəhmət haqqı alır. İri buynuzlu heyvanlar isə ailə qurduqdan sonra arvadının atası tərəfindən onlara verilmişdir. Həmin iribuynuzlu heyvanlar, təxminən, 8 il bundan əvvəl verilmiş və indiyədək onları özləri artırmışlar. Bu barədə məlumatı olan şəxslər Asudə Hüseynova, Əbilağa Bilişov, Samir Bilişov və Xalidə Kərimova da bunu təsdiq edə bilər. Onun atası Şamməd Kərəmov traktorçu olmuş və 1998-ci ildə vəfat etmişdir. Atasından 147 baş xırdabuynuzlu və iribuynuzlu heyvan qalmış olması ağlabatan deyildir və iddiaçının qeyd olunan vaxtdan son vaxtlaradək həmin heyvanlardan öz payını tələb etməməsi inandırıcı görünmür. Onların ata mülkü hazırda digər qardaşına məxsusdur, onun özünə ata mülkündən heç nə verilməmiş və ya bağışlanmamışdır. O özü də ata mülkündən özünə düşən payı tələb etməmişdir. Onun anasının 90 yaşı olmaqla, təqaüdçüdür və ona dövlət tərəfindən təqaüd ödənilir. Anasının səhhəti ilə bağlı müalicəsinə görə maddi vəsaitə ehtiyacı var idisə, pensiya kartını qızına, atalarına məxsus olmuş evi isə digər oğluna verib, ondan mal-qoyun tələb etməzdi. Hesab edir ki, iddiaçı digər oğlu Siyavuş və qızı Fərqiyyənin təkidi ilə hazırki iddia tələbini irəli sürmüşdür. Belə ki, onlar bir müddət əvvəl də ondan 50 baş qoyun-quzu tələb etmiş, sonra isə iribuynuzlu heyvanların tövləsinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Buna baxmayaraq məhkəmə ədalətli qərar qəbul edərək onların qanunsuz və əsassız iddialarını rədd etmişdir. İndiki iddia da tam qanunsuz və əsassızdır. Onun yaşadığı təsərrüfatda iddiaçıya məxsus hər hansı sayda qoyun-quzu və ya mal-qara yoxdur. Qeyd etdiklərinə əsasən hazırki iddia tələbini əsassız hesab edir və həmin tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 da iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında cavabdehin izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, iddiaçı onun anası, cavabdeh isə qardaşıdır. Onların atası Şamməd Kərəmov traktorçu olmuş və 1993-1994-cü illərdə Lerik rayonunda işləmişdir. Həmin vaxtlarda Lerik rayonunda atasının gördüyü işlərə görə zəhmət haqqı kimi pul verməyə imkanı olmayan şəxslər atasına qoyun-quzu vermişlər. Həmin qoyun-quzuları da onların atası üçün Kazım adlı Lerik rayon sakini saxlamışdır. Qoyun-quzular artdıqca daha Kazım onları saxlaya bilməmiş və atasına gəlib qoyun-quzularını aparmasını demişdir. Atası Lerik rayonundan Lənkərandakı evlərinə 147 baş qoyun-quzu gətirmişdir. Atası 147 baş qoyun-quzunu gətirməzdən əvvəl də həyətlərində 3-4 baş qoyun olmuşdur. Atası vəfat edəndə həmin qoyunquzuları onların kiçik qardaşı Xəzailə vəsiyyət etmişdir. Həmin vaxt Xəzail hərbi xidmətdə olmuşdur. Həmin vaxtlarda onların evdə subay bir bacıları da olmuş, atası demişdir ki, o qız ailə quranda həmin qoyun-quzudan satıb ona da versinlər. Atası vəfat edəndən sonra həmin qoyun-quzulara anası və bacıları, həmçinin, o özü də köməklik edib baxmışlar. Bacısı 2003-cü ildə ailə qurmuşdur, lakin həmin vaxt təsərrüfatlarında qoyun-quzu olsa da, qardaşı Seyran imkan vermədiyi üçün qoyunlardan istifadə edə bilməmişlər. Qardaşı Xəzail də 2003-cü ildən sonra Rusiyaya getmiş, həmin vaxtdan sonra gəlməmişdir. Xəzail gedəndə qoyun-quzuları anasına verib çıxıb getmiş, həmin vaxtdan sonra qoyun-quzu anasının təsərrüfatında qalmış, anası heyvanlara onların köməkliyi ilə baxmağa başlamışdır. Xəzail Rusiyaya gedəndən sonra daha həmin qoyun-quzularla maraqlanmamış, heyvanlar həmişə anasının təsərrüfatında olmuşdur. Qoyun-quzular 2020-ci ilədək onların öz həyətindəki tövlədə saxlanılmışdır. Həyətlərində atasının tikdiyi 4 ədəd tövlə vardır. Mal-qaranın saxlanması üçün olan tövlənin uzunluğu, təxminən, 5 metr, eni isə 4 metr, qoyun-quzunun saxlanması üçün olan tövlənin uzunluğu 8-9 metr, eni isə 4 metr olar. Hazırda da Seyran, yəni hazırki iş üzrə cavabdeh həmin heyvanları atasının tikdiyi tövlələrdə saxlayır. Cavabdeh 2020-ci ilədək ailəsi ilə birlikdə anasının yanında yaşamışdır. Anası yaşlı qadın olsa da, təsərrüfatı idarə edə bilmiş, 2020-ci ilədək həyətdə hər işi görmüş, son 3 ildə xəstələnib yatağa düşmüşdür. Həmin vaxtadək Seyran da onların həyətində qoyun-quzuya baxmış, anası xəstələnən kimi Seyran həmin qoyun-quzuları qanunsuz olaraq özü üçün götürüb saxlamağa başlamışdır. İddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X5 da mahiyyət etibarilə X1 ifadəsinin məzmununa uyğun ifadə verməklə yanaşı göstərdi ki, iddiaçı onun anası, cavabdeh isə qardaşıdır. 1990-cı illərdə anasının təsərrüfatında qoyun-quzu olmasını və atası vəfat edəndə qoyun-quzuları Xəzailə vəsiyyət etməsini xatırlasa da, həmin vaxtlarda Bakı şəhərində yaşadığı üçün nə qədər qoyun-quzu olması dəqiq yadında deyil. Bacısı ailə qurarkən ona həmin qoyun-quzulardan verilb-verilməməsini, əgər verilbsə, neçə ədəd verilməsini də bilmir. Ancaq hazırda Seyranın sahibliyində 300-400 baş qoyun-quzu vardır. Həmin qoyun-quzular onların atasına məxsus olmuş, atasının vəfatından sonra anasının başçılıq etdiyi təsərrüfatda qalmışdır. İddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X2 da mahiyyət etibarilə X1 ifadəsinin məzmununa uyğun ifadə verməklə yanaşı göstərdi ki, iddiaçı onun anası, cavabdeh isə qardaşıdır. Valideynlərinin 9 uşağı olmuşdur. Atası vəfat edəndə onların 200-300 baş qoyun-quzusu olmuşdur. Onların mal-qarası da olmuş, atası hər uşağı ailə quranda, onun payını ayırıb vermiş, qalanlarını da anasına vəsiyyət etmişdir. Həmin vaxtlarda qardaşı Xəzail hərbi xidmətdə olmuş, hərbi xidmətdən gəldikdən sonra bir müddət qoyun-quzu ilə məşğul olsa da, 2003-cü ildə Rusiyaya getmişdir və həmin vaxtdan orada yaşayır. Atası vəfat edərkən subay olan və sonradan ərə gedən bacısı ailə quranda 5-6 baş qoyun istifadə edilmiş, qalan qoyunlar təsərrüfatda qalmışdır. Qoyun-quzuya 2020-ci ilədək anası və qardaşı Seyran birlikdə baxmışlar. Seyran anasını əsəbiləşdirdiyi üçün anası son 3 ildir ki, xəstələnmişdir və 3-4 ildir ki, anasına o özü baxır. Anasının təsərrüfatında 200-300 baş qoyun-quzusu olmuş, o özü də də həmin qoyunquzuların saxlanmasında anasına kömək etmiş, ot daşımış, tövlə təmizləmişdir. Hazırda anası öz saxladığı mal-qarasını tələb edir. İddiaçının vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X3 da mahiyyət etibarilə X1 ifadəsinin məzmununa uyğun ifadə verməklə yanaşı göstərdi ki, iddiaçı onun nənəsi, cavabdeh isə dayısıdır. X13 vəfat edəndə o hələ doğulmamış olsa da, sonralar nənəsinin təsərrüfatında 250-dən çox qoyun-quzu olması barədə məlumatı vardır. Belə ki, nənəsi dayısı Seyran ilə birlikdə həmin qoyunlara baxmış, o özü də qoyun-quzuya baxmaqda nənəsinə kömək etmişdir. Həmin vaxtlarda onun 16-17 yaşı olmuşdur. Hər axşam qoyunların əskik olub-olmadığını bilmək üçün sayıb tövləyə salanda sayının 250-dən çox olduğunu da görmüşdür. Onlar qoyunları həyətin qarşısındakı tövlələrdə saxlamışlar. Tövlələrin bir neçəsini babası tikmiş, sonuncu tövlənin tikilməsi üçün digər dayısı Xəzail Rusiyadan pul göndərmişdir. 3-4 il əvvəl nənəsinin ağır vəziyyətində o və anası gedib nənəsini öz evlərinə gətirmişlər. Bundan sonra dayısı Seyran qoyunlara sahib çıxmışdır. Cavabdehin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X9 ifadə verərək göstərdi ki, İddiaçı onun arvadının anası, Cavabdeh isə arvadının qardaşıdır. 2012-ci ildə Seyran təsərrüfatlarında olan qoyunların zəhərlənib öldüklərini demişdir. Həmin vaxtdan əvvəl Seyrangilin təsərrüfatında 2 inək, 7-8 qoyun olmuşdur. Bundan sonra o özü gedib hər kənddən 4-5 qoyun alaraq, ümumilikdə 30 qoyun gətirib Seyrangilin həyətinə salmışdır. Həmin qoyun-quzuya cəmi 4300-4400 manat pul vermişdir. O, Seyrana demişdir ki, qoyunlara qulluq edib hər il artırsın, hərdənbir onun özünə də versin. Qoyunlara baxmaq üçün o, mütəmadi olaraq Seyrana pul da göndərir. Seyran həmin pulla qoyunların yemini, dərmanlarını almışdır. Seyran qoyun-quzunu artırmış, vaxtaşırı həmin heyvanlardan kəsib onun özünə, ailə üzvlərinə istifadə üçün göndərmiş, həmçinin, qurbanlıq heyvan kəsmək üçün vermişdir. Hazırda o, Seyranın təsərrüfatındakı heyvanlardan özünə məxsus olan qoyunların sayını dəqiq bilmir, ancaq təxmini hesablamalara görə 100-dən artıq ola biləcəyini düşünür. Seyranın atası vəfat edəndə onların təsərrüfatında, ümumiyyətlə, qoyun-quzu olmamışdır. Onların cəmi 1 baş inəkləri olmuş, onu da saxlaya bilmədikləri üçün satmışlar. Təxminən, 6-7 il bundan əvvəl iddiaçı və digər uşaqları Seyranı evdən qovmuş, qeyd olunan vaxtlarda onların təsərrüfatında xeyli qoyun-quzu olsa da, həmin heyvanlar iddiaçıya məxsus olmamış və ya mərhum Şamməd Kərəmovdan qalmamışdır. Həmin qoyunlar onun Seyrana alıb verdiyi, sonradan Seyranın bəsləyib artırdığı heyvanlar olmuşdur. Lakin o, nə o zaman, nə də indi həmin heyvanların dəqiq sayını bilmir. Belə ki, heyvanların saxlanması, artırılması və onlara qulluq edilməsi ilə bilavasitə Seyran özü məşğul olur. Seyran evdən qovulanda da qoyun-quzular Seyranın mülkiyyətində olan tövlədə olmuşlar. Həmin qoyun-quzulara o vaxtdan indiyədək Seyran öz ailə üzvlərinin köməyi ilə baxmışdır. İş üzrə şahid qismində dindirilmiş X7 ifadə verərək göstərdi ki, o, Lənkəran rayonu Kəgəlan inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləyir. Hazırki iş üzrə iddiaçını və cavabdehi Kərgəlan kəndinin sakinləri kimi tanıyır. İddiaçı mərhum ərinin təsərrüfatında qoyun-quzu saxlaması barədə məlumatı olmuş, lakin qoyunların sayı barədə dəqiq heç nə deyə bilmir. O özü 2 ildir ki, kəndin icra nümayəndəsi vəzifəsində işləyir, bu səbəbdən deyə bilər ki, son illərdə Cavabdeh özü qoyun-quzu saxlamqla əsaslı şəkildə təsərrüfatla məşğuldur. Cavabdeh saxladığı qoyun-quzunun və mal-qaranın kimə məxsus olması ilə bağlı ona hər hansı məlumat verməmişdir. Kənd sakinlərinin təsərrüfatında olan qoyun-quzu və mal-qaranın sayı barədə təsərrüfatbaşına kitabda məlumat qeyd ediləndə nümayəndəliyin əməkdaşı həyətləri gəzərək kənd sakinlərinin verdiyi məlumatlar əsasında müvafiq qeydiyyat aparmışdır. Qeydə alma hər ilin yanvar ayında aparılır. Hazırki iş üzrə tərəflər münaqişəli ailə olduqlarından təsərrüfatbaşına kitabda onlra aid məlumatlar qeyd ediləndə daha diqqətli davranmışlar. İddiaçı məxsus mal-qaranın, qoyun-quzunun miqdarı barədə məlumatı oğlu Səxavət Kərəmov, Seyarn Kərəmova məxsus mal-qaranın, qoyunquzunun miqdarı barədə məlumatı isə Seyran özü vermişdir. Sonuncu qeydə alma zamanı Cavabdeh təsərrüfatında 59, İddiaçı təsərrüfatında 71 baş qoyun-quzu qeydiyyata alınmışdır. Tərəflərin təsərrüfatında daha çox və ya daha az qoyunquzunun olması barədə hər hansı məlumatı yoxdur. Cavabdeh təsərrüfatında daha çox qoyun-quzunun olması ona yalnız indi məlum olmuşdur. Həmin heyvanların şəxsən Cavabdeh və ya digər şəxsə məxsus olması barədə də hər hansı məlumatı yoxdur. Siyahıya alınma təsərrüfatın başçısından məlumatların əldə olunması və təsərrüfata baxış keçirilməsi yolu ilə həyata keçirilir. O özü iddiaçının və cavabdehin son illərədək faktiki olaraq birgə yaşadıqları təsərrüfatda olarkən həyətdə 2 tövlə olduğunu görmüşdür. Həmin tövlələr keçmişdə inşa edilmiş köhnə tövlələr olmaqla, eni və uzunluğu, təxminən, 4-5 metr ölçülərdə olan tövlələrdir. Həmin tövlələrə faktiki olaraq kimin sahiblik etdiyini bilmir. İddiaçı ilə cavabdeh arasında qoyun-quzu və ya mal-qara ilə bağlı mübahisə olması, mal-qoyunun oğurlanması barədə nümayəndəliyə hər hansı şifahi və ya yazılı şikayət də daxil olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən və xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı 1934-cü ildə anadan olmuşdur və hazırda Lənkəran rayonu Kərgəlan kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filial tərəfindən verilmiş və iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışda Lənkəran rayonu Kərgəlan kəndində X6 xx.xx.1998-ci ildə vəfat etdiyi, onun adına olan təsərrüfatda 1996-1997-ci illərdə 4 baş, 1998-2000-ci illərdə 5 baş iribuynuzlu, 2000-ci ildə 10 baş xırdabuynuzlu heyvan olduğu qeyd edilmişdir. Həmin illərə aid təsərrüfatbaşına kitabın müvafiq səhifəsinin təsdiq edilmiş surətindən də X6 təsərrüfatında olan heyvanların sayının arayışda qeyd olunduğuna uyğun olması müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filial tərəfindən verilmiş və iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışda Lənkəran rayonu Kərgəlan kəndində Camalova (Kərəmova) Zeynəb Baba qızının adına olan təsərrüfatda 2011-ci ildə 5 baş iribuynuzlu, 27 baş xırdabuynuzlu heyvan olduğu qeyd edilmişdir. Həmin illərə aid təsərrüfatbaşına kitabın müvafiq səhifəsinin təsdiq edilmiş surətindən də Camalova (Kərəmova) Zeynəb Baba qızının təsərrüfatında olan heyvanların sayının arayışda qeyd olunduğuna uyğun olması müəyyən edilir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filial tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş və cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş arxiv çıxarışından görünür ki, hazırki iş üzrə Cavabdeh 1991-ci ilin fevral ayında atası X6 təsərrüfatından ayrılaraq müstəqil təsərrüfat hesab edilmişdir. İş materiallarına əlavə edilmiş, Lənkəran rayonu Kəgəlan inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş və cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışda Lənkəran rayonu Kərgəlan kəndində Cavabdeh adına olan təsərrüfatda 2021-2025-ci illərə aid təsərrüfat kitabına əsasən xx.xx.2024-cü il tarixə 2 baş iribuynuzlu, 59 baş xırdabuynuzlu heyvan olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Lənkəran rayonu Kəgəlan inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş və cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışda Lənkəran rayonu Kərgəlan kəndində İddiaçı adına olan təsərrüfatda 2021-2025-ci illərə aid təsərrüfat kitabına əsasən xx.xx.2024-cü il tarixə 3 baş iribuynuzlu, 71 baş xırdabuynuzlu heyvan olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 156 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı cavabdehdən 100 baş qoyun-quzu və 2 baş inək və ya həmin əmlakların dəyəri olaraq 12.000 manat pul, həmçinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 156 manat dövlət rüsumunun alınaraq ona verilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsasları olaraq özü tərəfindən məhkəməyə təqdim edilmiş şahidlərin ifadələrinə, icra nümayəndəlyi və arxiv tərəfindən verilən arayışlara istinad etməklə 2020-ci ilədək cavabdehlə birgə təsərrüfatda işləyərək qoyun-quzu və malqara saxladığını, həmin təsərrüfatdan özünə 1/3 hissə pay düşdüyünü, lakin cavabdehin ona düşən payı vermədiyini bildirməklə öz payının alınıb verilməsini istəyir. Cavabdeh iddia tələbini qəbul etmir, onun hazırki təsərrüfatında iddiaçıya məxsus hər hansı sayda qoyun-quzu və ya mal-qara olmadığını, hazırda özünün saxladığı qoyun-quzunun bir hissəsinin özünə, digər hissəsinin isə qohumu Əbilağa Bilişova məxsus olduğunu bildirərək hazırki iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq icra nümayəndəlyi və arxiv tərəfindən verilən arayışlara, həmçinin, özü tərəfindən məhkəməyə təqdim edilmiş şahidin ifadəsinə istinad edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehin anası olmaqla, təxminən 3-4 ildir ki, ondan ayrı yaşayır. Cavabdeh 1991-ci ilin fevral ayından iddiaçının olduğu təsərrüfatdan rəsmi qeydiyyat sənədlərinə uyğun olaraq ayrılmış və həmin vaxtdan müstəqil təsərrüfatın başçısıdır. Ancaq tərəflər son 3-4 ilədək faktiki olaraq eyni təsərrüfatda yaşamışlar. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılmış qeydiyyat üzrə məlumatlara əsasən hazırda iddiaçının adına olan təsərrüfatda 3 baş iribuynuzlu və 71 baş xırdabuynuzlu, cavabdehin adına olan təsərrüfatda 2 baş iribuynuzlu, 59 baş xırdabuynuzlu heyvan olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. İddiaçı iddia ərizəsinə 2020-ci ilədək cavabdehlə birgə təsərrüfatda işləyərək qoyunquzu və mal-qara saxladığını, onların təsərrüfatında 300 baş qoyun və 6 baş inək olduğunu bildirsə də, onların birgə təsərrüfatında həmin sayda heyvanların mövcud olmasını təsdiq edə biləcək hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Bununla da iddiaçı iddia tələbinin əsasını, eləcə də, cavabdehin həmin iddia tələbinə görə məsuliyyət daşıdığını sübut edə bilməmişdir. Əksinə, iş materialları ilə cavabdehin 1991-ci ilin fevral ayından iddiaçının olduğu təsərrüfatdan rəsmi qeydiyyat sənədlərinə uyğun olaraq ayrılması və həmin vaxtdan müstəqil təsərrüfatda olması müəyyən edilmişdir. Cavabdehin ayrı təsərrüfatda qeydiyyatda olmasına baxmayaraq 2020-ci ilədək faktiki olaraq iddiaçı ilə bir təsərrüfatda yaşamış olsa belə, onların ortaq olaraq heyvandarlıq təsərrüfatı idarə etmələri, həmin təsərrüfatın sahibliyində iddia tələbində qeyd edilən sayda qoyun-quzu və mal-qaranın olması, heyvanların haradan və hansı vəsait hesabına əldə olunması, təsərrüfatın hansı resurslar hesabına inkişaf etdirilməsi və hazırki həcmi (heyvanların sayı və növü) ilə əlaqədar məhkəməyə əsaslı və mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçının iddia etdiyi kimi, hələ 1998-ci ildə 147 baş qoyun-quzunun olması faktı doğru qəbul edilərsə, həmin sayda və ya ona yaxın miqdarda qoyun-quzunun təsərrüfatbaşına kitabda iddiaçının təsərrüfatında son dövrlərə qədər qeyd edilməməsi, həmin sayda qoyun-quzunun bəhərindən (hər il ərzindəki say artımı) hansı təyinatı üzrə istifadə edilməsi və ya həmin qoyun-quzuların bəhərinin hər hansı səbəbdən tələf olması barədə suallara məntiqli cavab verilməməsi, iddiaçı tərəfin şahidlərinin bəzisinin bacıları ərə gedərkən həmin qoyun-quzulardan istifadə edilməsinə cavabdehin imkan vermədiyi, bəzisinin isə həmin vaxtda 5-6 baş qoyun-quzu istifadə edildiyi kimi ziddiyyətli və qeyri-müəyyən ifadələr verməsi iddiaçının iddia tələbinin əsaslarını şübhə altına alır. İddia tələbində qeyd edilən sayda qoyun-quzu və mal-qaranın cavabdehin qeyd etdiyi və iddiaçı tərəfin də inkar etmədiyi ölçülərə malik saxlanc yerlərində (tövlədə) saxlanmış olması və hazırda 90 yaşı olan iddiaçının da son illərədək həmin heyvanlara şəxsən qulluq etməsi ağlabatan deyildir və inandırıcı görünmür. Bununla belə, təsərrüfatda müəyyən sayda heyvanlar olduğu halda da, iddiaçının həmin əmlaklara hansı nisbətdə aidiyyətinin olması, onun həmin əmlaklara sahiblik, istifadə və sərəncam hüquqlarının həddi iş materiallarından müəyyən edilmədiyi kimi, məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. İddiaçının dəlilləri cavabdehin izahatında qeyd etdiyi xüsusatlarla, onun vəsatəti ilə iş üzrə şahid qismində dindirilmiş şahidin ifadəsi ilə, habelə, iddiaçı tərəfin özünün qeyri-müəyyən, ziddiyyətli izahatı ilə təkzib edildiyindən və işin faktiki hallarına uyğun olmadığından məhkəmə həmin dəlillərə tənqidi yanaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin dəlillərinə işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş mövcud sübutlarla əlaqəli şəkildə qiymət verərək qeyd edir ki, iddiaçının dəlilləri sübuta yetirilmədiyinə və işin faktiki halları ilə təkzib edildiyinə görə cavabdeh hazırki iddia tələbinə görə iddiaçının qarşısında hər hansı maddi məsuliyyət daşımır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələbinə əsasən qərara gəlir ki, iddiaçının hazırki iddia tələbinin əsası kimi istinad etdiyi hallar məhkəmə iclasında sübuta yetirilmədiyindən və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyündən iddia tələbinin cavabdehdən 100 baş qoyun-quzu və 2 baş inək, həmin əmlaklar olmadıqda isə onların dəyəri olan 12.000 manat pul tələbinə dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin əmlak (qoyun-quzu, mal-qara) və ya onun dəyəri tələbinə dair hissəsi təmin edilmədiyindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 156 manat dövlət rüsumu məbləği də iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh qarşı 100 baş qoyun-quzu və 2 baş inək, həmin əmlaklar olmadıqda isə onların dəyəri olan 12.000 manat pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 156 manat dövlət rüsumu məbləği İddiaçı aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-2238/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2238/2024
17.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver