Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2818/2024 06.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X2, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü haqqında məsələyə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdim: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1982-ci il tarixdə Lənkəran rayonu Biləsər kəndində doğulmuş X1 xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-1789/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələblərinə əsasən ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardadda iddia ərizəsinin qaytarılmasının əsası olaraq qeyd edilmişdir ki, iddia ərizəsinin qanunvericilikdə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmiş, həmçinin, zəruri sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Həmin əsaslarla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, eyni zamanda, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. İddiaçı məhkəmənin həmin qərardadında qeyd olunanlara əməl etməyərək xx.xx.2024-cü il tarixdə yenidən eyni məzmunlu iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, hazırki ərizə və ona əlavə edilmiş sənədlər də geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.1-ci bəndində qeyd edilmişdir ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. X1 ölümünün Azərbaycan Respublikasının müvafiq qeydiyyat orqanında qeydiyyata alınması üçün “ölüm haqqında tibbi şəhadətnamə” mütləq şəkildə tələb olunduğu halda, ərizəçinin həmin sənədi əldə etmək məqsədi ilə müvafiq tibb müəssisəsinə müraciət edibetmədiyi iş materiallarından müəyyən edilmir. Eyni zamanda, ərizəçi hazırki ərizəsinin məzmununda X1 ölümü faktının müəyyən edilməsinin ona vərəsəlik hüquqlarının həyata keçirilməsi məqsədi ilə lazım olduğunu qeyd etmişdir. Belə olan halda, ərizəçinin vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən verilmiş ölüm haqqında şəhadətnamə əsasında müvafiq notariat orqanına müraciət etməsinə hansı maneələrin olduğu, ümumiyyətlə, onun notariat orqanına müraciət edib-etmədiyi, etdiyi halda, ona vərəsəlik şəhadətnaməsi verilməsindən imtina olunmasının səbəbi hazırki ərizə və ona əlavə edilmiş sənədlərdən müəyyən edilmir. Bununla da, ərizəçinin hazırki tələbdə qeyd etdiyi fakt məhkəmədən kənar müəyyən edilə bildiyindən (hazırki işdə isə artıq müəyyən edildiyindən) ərizəçinin həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsinin mümkünlüyü də istisna edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının 9.2-ci bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən əsaslara görə hazırki vəziyyətdə ərizənin icraata qəbul olunaraq mahiyyəti üzrə baxılması mümkün deyildir. Ona görə də hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbləri baxımından hazırki ərizə və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəçiyə təkrarən izah edilir ki, qərardadın təsviri hissəsində göstərilən həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Ərizə qaytarıldığına görə ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə qaytarılsın. Qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-2818/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2818/2024
06.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver