Məhkəmə qərarları › İş №2(049)-3106/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3106/2025

11.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3106/2025 11.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclas katibi katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, ərizəçi X1 və Maraqlı şəxs iştirakları ilə, Maraqlı şəxs cəlb edilməklə ərizəçi X1 «barışıq sazişinin təsdiq edilməsi» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında. açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X3 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs Nürəddin oğlu ilə xx.xx.2025-ci il tarixde mediasiya prosesində MŞL/MT014/2025- 00714 saylı barışıq sazişinin təsdiq edilməsi və xx.xx.2014-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2025-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat olmaqla cəmi 2 uşaq üçün 160 manat dövlət rüsumunu və məhkəmə üçün ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs Nürəddin oğluna aliment tələbi ilə bağlı mediasiyaya müraciət etmiş. Maraqlı şəxs Nürəddin oğlu ilə aralarında xx.xx.2025-ci il tarixdə mediasiya prosesində MŞL/MT014/2025-00714 saylı barışıq sazişi imzalanmış, barışıq sazişinə görə Maraqlı şəxs Nürəddin oğlu ilə faktiki nikahlarından xx.xx.2014-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2025-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat olmaqla cəmi 2 uşaq üçün 160 manat aliment pulun ikinci tərəf Ərizəçi ödəyəcəyini öhdəlik götürmüşdur. Lakin Maraqlı şəxs Nürəddin oğlu barışıq sazişi imzaladıqları vaxtdan ödəməli olduğu 01 iyun 2025-ci il tarixdən bu günə kimi həmin barışıq sazişin şərtlərini pozub əməl etmir, yəni aliment ödəməkdən yayınır. Odur ki, Maraqlı şəxs Nürəddin oğlu ilə xx.xx.2025-ci il tarixdə mediasiya prosesində MŞL/MT014/2025-00714 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi X3 ərizəsinə uyğun izahat verərək Rövşən Mahmudzadə ilə nikahlarının pozulduğunu, aralarında barışıq sazişi olduğunu, lakin R.Mahmudzadənin öz öhdəliyini yerinə yetirmədiyini bildirib sazişin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs bildirmişdir ki, ərizəçi onun keçmiş həyat yoldaşıdır. Mediasiya təşkilatında barışıq sazişini könüllü şəkildə öz iradəsi ilə bağlamışdır. Barışıq sazişinin təsdiq edilməsinə hər hansı etirazı yoxdur. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1305/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında 28 dekabr 2012-ci il tarixdə Lənkəran Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış 988 №-li nikah qeydi pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X2 iddiaçı Ərizəçi yanında qalmaları müəyyən edilmiş və iddiaçı cavabdehdən aliment tələb etməmişdir. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs və X5 arasında bağlanmış nikaha Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsilə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə Cəlilabad şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. X3 ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞL/MT014/2025-00714 nömrəli barışıq sazişindən görünür ki, Maraqlı şəxs birgə nigah dövründə anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2025-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 80 manat olmaqla cəmi 2 uşaq üçün 160 manat aliment pulunu Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür. Alimentin hesablanılması 2025-ci ilin iyun ayının 1-dən başlamaqla hər ayın 30-da nağd, poçt və ya bank köçürməsi yolu ilə birinci tərəfə ödəyəcəyini öhdəsinə götürür. Məhkəmə ərizənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsasla yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin olunsun. X3 ilə Maraqlı şəxs birgə nigahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2025-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment ödəməsi barədə X3 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞL/MT014/2025-00714 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar