Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3168/2025 29.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13200 manat məbləğində pulun və ödənilmiş 130 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qızı X1 Nurlan Ağadadaş oğlu ilə ailə həyatı qurublar. Onların faktiki nikahından üç azyaşlı övladları var. Onlar bir müddət mehriban yaşasalar da sonradan cavabdehin laqeyd münasibətinə görə aralarında narazlıqlar yaranmışdır. Buna görə də X3 cavadehdən ayrılmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-2563/2023 nömrəli qətnaməsi ilə Cavabdeh uşaqlara görə aliment tutulması barədə qərar verilmişdir. Qızı X1 Nurlan Ağadadaş oğlu ilə bir ailə kimi yaşadıqları zaman onların birlikdə daha yaxşı şəraitdə yaşamaları üçün Lənkəran rayonu Zövlə kəndində yerləşən fərdi yaşayış evinin təmiri məqsədi ilə cavabdehə 12.000 manat pul vermişdir. Evin suvaq işlərinin görülməsi üçün isə 1200 manat pulu cavabdehin qardaşı X4 cavabdehə çatdırmaq üçün vermişdir. Qızı cavabdehdən ayrıldıqdan sonra o, cavabdehə verdiyi 13.200 manat pulun qaytarması barədə dəfələrlə bildirsə də cavabdeh pulu qaytarmaqdan boyun qaçırmışdır. Buna görə də Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət etmişdir. Müraciəti əsasında Lənkəran ŞRPŞ-nin İctimai təhlükəsizlik bölməsində araşdırma aparılmışdır. Araşdırma zamanı cavabdehin izahatı alınmışdır və xx.xx.2025-ci il tarixli izahatında cavabdeh bildirir ki, X6 ilə ailə həyatı qurub və 2 övladları var, evin təmirinə qayınatası 12.000 manat pul xərcləmişdir. Polis şöbəsində Cavabdeh izahatı alınarkən videoçəkilişdən istifadə olunmuşdur. Həmin videoda cavabdeh təmir xərcləri üçün 12.000 manat və onun qardaşı Şəfiyev Mətləb vasitəsi ilə 1200 olmaqla, cəmi 13.200 manat pulun onun tərəfindən verilməsini etiraf edir, əsas sübütlarından biri olan diski məhkəmənin hazırlıq iclasında təqdim edəcəkdir. Cavabdeh pulunu qaytarmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin baxış iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, qızı Aydan ailə quranda Cavabdeh anası Rəna Şəfiyeva onlardan cehiz əvəzinə yeni qurulan ailənin rahat yaşaması üçün onlardan evin təmir edilməsi üçün pul vermələrini xahiş etmişdir. Əri İddiaçı qızının həyat şəraitini yaxşılaşdırmaq üçün onun gəlin köçdüyü evin təmiri üçün Cavabdeh 12000 (on iki min) manat, sement alınması üçün isə sonuncunun qardaşı Mətləb Şəfiyevə 1200 (bir min iki yüz) manat pul vermişdir. 1200 manat pul o, özü Nurlana çatdırılması üçün Mətləbə vermişdir. Ümumilikdə onlar cavabdeh tərəfə təmir xərcləri üçün 2019-2020-ci illər ərzində 13200 manat məbləğində pul vermişlər. Lakin sonra qızının ailə həyatında problemlər yaranmış, qızı Aydan Nurlandan ayrılmışdır. Hazırda iddiaçı tərəf olaraq cavabdehdən 13200 manat pulu və ödənilmiş müvafiq dövlət rüsumunun məbləğini tələb edir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin baxış iclasında Cavabdeh iddia tələbini qəbul etmədi, iddiaya qarşı şifahi etirazında bildirdi ki, iddiaçı tərəf evin təmiri üçün heç bir xərc çəkməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi DVD diskdə olan videogörüntü Lənkəran ŞRPŞ-də çəkilmişdir. Belə ki, İddiaçı ondan sözügedən evin təmir xərcləri ilə bağlı Lənkəran ŞRPŞ-yə şikayət etdiyi üçün o, polis şöbəsinə çağırılmışdır. Polis şöbəsində şöbənin rəis müavini İltifat Yusibov öncədən təklikdə onu qəbul edərək şikayətçilərlə birlikdə onu qəbul edəcəyini, bu zaman onu mobil telefonunun kamerası ilə videoya çəkəcəyini bildirərək şikayətçi İddiaçı ondan evin təmir xərclərini tələb etdikdə şikayətçini sakitləşdirmək üçün ondan keçmiş qayınatasının evin təmir xərcləri ilə bağlı tələbini qəbul etməsini, təmir üçün ona pul verilməsini etiraf etməsini təklif etmişdir. O da İ.Yusibova inanaraq videoçəkiliş zamanı İddiaçı onun üzünə dediklərini qəbul etmiş, verilmiş suallara cavabında evin təmir xərcləri üçün İddiaçı ona maddi köməklik göstərdiyini etiraf etmişdir. Lakin həmin videoçəkilişin onun əleyhinə olacağını bilməmişdir. İ.Yusibova aldanaraq videoçəkiliş zamanı etiraf etmişdir. Polis şöbəsində onun adından verilmiş izahata gəldikdə isə oxuyub-yazması zəif olduğundan ona verilən izahata imza etmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin baxış iclasında Cavabdeh vəkili Vəkil hüquqlarını müdafiə etdiyi cavabdehin etirazında irəli sürdüyü dəlilləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaхtı və yеri barədə lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-2563/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 16 iyun 2023cü il tarixdən başlayaraq tərəflərin faktiki nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay 150 manat olmaqla, 2 uşağa görə ümumilikdə 300 manat məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X7 3 yaşanadək ona qulluğa görə hər ay 50 manat məbləğində alimentin iddiaçı X5 verilməsi qət edilmişdir. Lənkəran ŞRPŞ tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, onun müraciəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** №-li qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia ərizəsinin verilməsinə görə 130 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı Cavabdehlə faktiki ailə münasibətlərində olmuş qızı Aydan Talıbzadə ilə cavabdehin həyat şəraitinin yaxşılaşdırılması üçün onların yaşadıqları evin təmir xərcləri üçün ümumilikdə 13200 manat məbləğində vəsaiti cavabdehə vermişdir. Cavabdeh həmin xüsusatı məhkəmə iclasında təkzib etsə də, iddiaçı tərəfindən təqdim edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən iddiaçının ona və ona çatdırılması üçün qardaşına pul verməsini, maddi köməklik göstərməsini təsdiq etmişdir. Cavabdeh polis şöbəsində bu halı təsdiq etməsini aldadılması ilə izah etsə də, qeyd olunanlarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, formal mülahizələrə söykənən dəlillər irəli sürmüşdür. Cavabdehin həmin dəlilləri iddia tələbinin rədd edilməsi üçün məhkəmə tərəfindən yetərli hesab edilməmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, ər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 13200 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 130 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 13200 (on üç min iki yüz) manat və ödənilmiş dövlət rüsumunun məbləği olan 130 (yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-3168/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3168/2025
29.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver