Məhkəmə qərarları › İş №2(049)-3397/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3397/2024

26.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3397/2024 26.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixdə mediasiya prosesində MŞL/MTO14/2024-01086 saylı barışıq sazişinin təsdiq edilməsi və xx.xx.2009-cu il tarixdə anadan olmuş X3, xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 70 manat olmaqla, hər ay üç uşağa görə cəmi 210 manat aliment pulunun ikinci tərəf Ərizəçi ödəyəcəyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə nikahları 18 iyun 2010-ci il tarixdə Lənkəran şəhər İHB-nın Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi nümayəndəliyində rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Cavabdehlə birgə yaşadıqları dövrdə 30 iyul 2009-cu il təvəllüdlü Nəcəfov Ruslan, 07 avqust 2012-ci il təvəllüdlü Nəcəfova Səbinə və 09 noyabr 2013-cü il təvəllüdlü Nəcəfov Mehdi adlı üç uşaqları olmuşdur. Əvvəllər mehriban olsalar da, sonradan aralarında narazılıqlar yaranmış və ayrılmalı olmuşlar. Maraqlı şəxs uşaqların saxlanmasına köməklik etmədiyindən bununla bağlı Mediasiya şurasına müraciət etmişdir. Maraqlı şəxs ilə 30 iyul 2024-cü ildə mediasiya prosesində MŞL/MT014/2024-01086 saylı barışıq sazişi imzlamışlar. Barışıq sazişinə görə birgə nikahlarından anadan olmuş yuxarıda adı çəkilən uşaqlar onun yanında saxlanılmalı və Maraqlı şəxs həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 70 manat alimenti ona ödəməli, alimentin köçürülməsi hər ayın 30-da nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödənilməli idi. Lakin Maraqlı şəxs barışıq sazişini cari ilin iyul ayının 30-da imzalamasına baxmayaraq həmin sazişin şərtlərinə əməl etməmişdir. Odur ki, Maraqlı şəxs ilə 30 iyul 2024-cü ildə mediasiya prosesində bağladıqları MŞL/MT014/2024-01086 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında ərizənin dəlillərini müdafiə edib, ərizəyə uyğun məzmunlu izahat verərək, maraqlı şəxsin barışıq sazişinə əməl etmədiyini bildirərək ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞL/MT014/2024-01086 saylı barışıq sazişindən görünür ki, Maraqlı şəxs xx.xx.2009-cu il tarixdə doğulmuş X3, xx.xx.2012-ci il tarixdə doğulmuş X2, xx.xx.2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 70 manat olmaqla, hər ay üç uşağa görə cəmi 210 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyini öhdəsinə götürmüşdür. Alimenti ikinci tərəf Maraqlı şəxs 2024-cü ilin avqust ayının 25-dən başlamaqla, hər ayın 25-də gün ərzində nağd, poçt və ya bank köçürülməsi yolu vasitəsi ilə birinci tərəf Ərizəçi ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə tərəfləri dinləyib, işin hallarına dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsasla yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında 30 iyul 2024-cü ildə mediasiya prosesində bağlanılmış, ikinci tərəf Maraqlı şəxs birgə nikahlarından olan uşaqları 30 iyul 2009-cu il təvəllüdlü X3, 07 avqust 2012-ci il təvəllüdlü X2 və 09 noyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 70 manat olmaqla, hər ay üç uşağa görə cəmi 210 manat alimentin birinci tərəf Ərizəçi ödəməsi barədə xx.xx.2024-cü il tarixli, MŞL/MT014/2024-01086 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar