Məhkəmə qərarları › İş №2(049)-3415/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3415/2023

21.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3415/2023 21.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, X1 kаtibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: Ərizəçi məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023/MŞL-02167 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2005-ci il tarixli 582 nömrəli nikah Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-1545/2022 nömrəli qətnaməsi ilə pozulmuş, onların birgə nikahından xx.xx.2006-cı il tarixdə doğulmuş X4 və xx.xx.2008-ci il tarixdə doğulmuş X2 nikah pozulduqdan sonra atalarının, yəni hazırki iş üzrə maraqlı şəxsin yanında saxlanılmaları qət edilmişdir. O, həmin vaxt maddi vəziyəti ilə bağlı uşaqların atalarının yanıda qalmalarına razılıq vermişdir. Nikah pozulandan sonra onların xx.xx.2023-cü il tarixdə X5 adlı bir uşağı da doğulmuşdur. Nikahı pozulandan bir müddət sonra Maraqlı şəxs uşaqları ona qaytarmış və hazırda hər üç uşaq onun himayəsində yaşayırlar. O, xx.xx.2023-cü il tarixdə Lənkəran 1 saylı Mediasiya Təşkilatında keçirilən mediasiya prosesi zamanı maraqlı şəxslə qarşılıqlı razılığa gələrək barışıq sazişi imzalamışdır. Həmin barışıq sazişinin şərtlərinə görə maraqlı şəxs sazişi imzaladıqdan sonra xx.xx.2006-ci il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi onun yanında qalmalarına razılıq vermiş, həmçinin, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa görə 100 manat olmaqla, üç uşağa görə cəmi 300 manat aliment ödəyəcəyini öhdəsinə götürmüşdür. Alimentin hesablanması xx.xx.2023-ci ildən başlamaqla, hər ayın 1-də həmin gün ərzində nağd qaydada, köçürülmə yolu ilə, poçt və ya bank vasitəsilə ödənilməli olmuş, lakin barışıq sazişi bağlandıqdan sonra maraqlı şəxs aliment ödənilməsi ilə bağlı öhdəliyini icra etməmişdir və hazırda da icra etmir. Ona görə də o, Lənkəran 1 saylı Mediasiya Təşkilatında hazırki iş üzrə maraqlı şəxslə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023/MŞL-02167 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında öz tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs hazırki tələbə etiraz etmədiyini bildirdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, mediasiya prosesində iddiaçıya aliment ödənilməsi ilə bağlı barışıq sazişinə imza etsə də, maddi imkanı olmadığından barişiq sazişinin şərtlərinə əməl edə bilməmişdir. Hazırda o, uşaqlarının yetkinlik yaşına çatanadək saxlanmaları üçün iddiaçıya hər ay cəmi 300 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli AZ-İ 845758 nömrəli, xx.xx.2008-ci il tarixl AZ-İİ 199464 nömrəli və xx.xx.2023-cü il tarixli AZ-İV 862556 nömrəli doğum haqqında şəhadətnamələrin surətləri, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-1545/2022 nömrəli qətnaməsi, xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023/MŞL-02167 nömrəli barışıq sazişi və həmin tarixli ödəniş qəbzi ilə müəyyən edildi ki, tərəflər xx.xx.2005-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2006-cı il tarixdə X4, xx.xx.2008-ci il tarixdə X6 və xx.xx.2023-ci il tarixdə X5 adlı üç uşaqları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixdə məhkəmə qaydasında pozulmuş, onların birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan X4 və X2 atalarının, yəni hazırki iş üzrə maraqlı şəxsin yanında qalmaları qət edilmişdir. Qətnamə qəbul edilən vaxtda tərəflər arasında alimentlə bağlı mübahisə olmamış, tərəflər arasında nikah pozulduqdan sonra onların birgə münasibətindən xx.xx.2023-cü il tarixdə X5 adlı uşaqları doğulmuşdur. Hazırda uşaqların hər üçü anaları, yəni hazırki iş üzrə ərizəçinin himayəsində yaşayırlar. Tərəflər uşaqların ərizəçinin yanında qalmaları və onların yetkinlik yaşına çatanadək saxlanmalarına görə maraqlı şəxs tərəfindən ərizəçiyə hər ay cəmi 300 manat miqdarında aliment ödəməsinə dair mediasiya prosesində öz aralarında könüllü razılığa gələrək barışıq sazişi bağlamışlar. Barışıq sazişinin şərtlərinə görə alimentin hesablanması xx.xx.2023-ci il tarixdən başlamaqla, hər ayın 1-də həmin gün ərzində nağd qaydada, köçürülmə yolu ilə, poçt və ya bank vasitəsilə ödənilməli olmuş, lakin barışıq sazişi bağlandıqdan sonra maraqlı şəxs bu öhdəliyini icra etməmişdir. Hazırda ərizəçi maraqlı şəxsin barışıq sazişi üzrə müəyyən edilmiş öhdəliyini yerinə yetirmədiyini və uşaqların saxlanması üçün ona ödəməli olduğu alimenti ödəmədiyini, qeyd olunan barışıq sazişi üzrə maraqlı şəxsin aliment borcu yarandığını bildirərək onunla aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Ərizəçi öz tələbinin əsası kimi maraqlı şəxslə aralarında bağlanmış barışıq sazişinə istinad edir. Hazırda maraqlı şəxs də tələbə etiraz etməyərək uşaqlarının saxlanmaları üçün ərizəçiyə hər ay 300 manat miqdarında aliment ödəməyə razı olduğunu bildirir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki iş üzrə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulan hallar mövcud deyildir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki tələb üzrə məhkəmə alimentin miqdarı ilə bağlı məsələni deyil, barışıq sazişinin bağlanması zamanı qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını yoxlayır və bunun nəticəsi olaraq barışıq sazişinin təsdiq edilib-edilməməsi məsələsinə hüquqi qiymət verir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində nəzərdə tutulan hallar mövcud deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir. Maraqlı şəxs barışıq sazişinin könüllü icrasından imtina etdiyinə görə həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023/MŞL-02167 nömrəli barışıq sazişinin şərtlərindən görünür ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində alimentin xx.xx.2023-cü il tarixdən başlayaraq tutulması qərara alınmış və hər iki tərəf həmin barışıq sazişinin şərtlərini qəbul edərək sazişi imzalamışlar. Qeyd olunan barışıq sazişi üzrə indiyədək hər hansı məbləğdə aliment ödənilmədiyini də hər iki tərəf təsdiq edir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, tərəflərin birgə nikahda olduqları müddətdə doğulmuş yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün alimentin tutulması ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, barışıq sazişinin şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlər xüsusi icraat qaydasında baxılan işlərə aid olduğundan həmin işlərə görə ərizənin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, hazırki tələb üzrə ərizənin verilməsinə görə ödənilməli olan 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinin məzmununa görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırki iş üzrə tələb barışıq sazişinin təsdiq edilməsi ilə əlaqdar olmasına baxmayaraq, təsdiq edilən saziş şəxsin saxlanılması üçün alimentin alınması ilə əlaqədar olduğundan məhkəmə qərara gəlir ki, hazırki qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icraya yönəldilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsinn. Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat - cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2006-cı il tarixdə doğulmuş X4, xx.xx.2008-ci il tarixdə doğulmuş X6 və xx.xx.2023-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Ərizəçi ödənilməsinə dair Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023/MŞL-02167 nömrəli barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilsin. Maraqlı şəxs 100 manat miqdarında dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icraya yönəldilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar