Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3591/2024 04.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü haqqında məsələyə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdim: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1938-ci il tarixdə doğulmuş X4 xx.xx.2022-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.6-cı bəndində qeyd edilmişdir ki, ərizədə həmin faktın (yəni, hüquqi əhəmiyyətli faktın) müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi hazırki ərizəsinin məzmununda mərhum atasının bibisi X4 ölüm faktının müəyyən edilməsinin ona vərəsəlik hüquqlarının həyata keçirilməsi məqsədi ilə lazım olduğunu qeyd etmiş, lakin ərizəçinin X4 adına “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müvafiq orqana müraciət etmiş olması və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının 9.2-ci bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, ərizəçi hazırki tələbində X4 ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etsə də, iş materiallarına əlavə edilmiş qəbir daşının fotoşəklində həmin soyad, ad və ata adından kifayət qədər fərqli adlar - Mirəfşan Ağamiryusif qızı, X2 və X1 adları qeyd edilmişdir. Ərizəçi hazırki ərizəsinin ərizəyə əlavə edilmiş sənədlərin siyahısı hissəsində öz tələbinin əsaslarından biri kimi həmin fotoşəkli də qeyd etmiş, lakin bu fotoşəklin hazırki tələbə hansı aidiyyətinin olduğu iş materiallarından müəyyən edilmir. Adları qeyd edilən şəxslərdən X1 hazırki tələbdə qeyd edilən X6 olması faktı qəbul edilərsə də (hərçənd, ata adı tamamilə fərqlidir), qəbir daşından həmin şəxsin, ərizədə qed edildiyi kimi, xx.xx.1938-ci il tarixdə doğulub xx.xx.2022-ci il tarixdə ölməsi deyil, 1936-cı ildə doğulub 2021-ci ildə ölməsi görünür. Qeyd edilən xüsusatlar hazırki ərizənin məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılması üçün əsas olmasa da, ölüm faktının müəyyən edilməsi barədə tələblə yenidən məhkəməyə müraciət ediləcəyi təqdirdə ərizəçiyə həmin ziddiyyətlərin aradan qaldırılması tövsiyə olunur. Qeyd olunan əsaslara görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbləri baxımından hazırki ərizə və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Ərizə geri qaytarıldığına görə ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə qaytarılsın. Qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-3591/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3591/2024
04.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver