Məhkəmə qərarları › İş №2(049)-3766/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3766/2023

05.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3766/2023 05.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X2 - Ərizəçi hüquqi faktın müəyyən edilməsinə tələbinə dair ərizəsinə 05 oktyabr 2023-cü il tarixində Lənkəran şəhərində baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1968-ci il tarixdə anadan olmuş atası X1 xx.xx.2010-cu il tarixdə Lənkəarn rayonu, Kərgəlan kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Ərizəçi isə öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını iddia ərizəsində göstərməmişdir. Belə ki, o, ya ərizəsində məhkəməyə təqdim edəcəyi sübutlarının olmadığını göstərməli, ya da ki, ərizəsinin əsaslandırıcı hissəsində (içərisində) göstərməlidir ki, “mən tələbimi aşağıdakı sübutlarla sübuta yetirirəm: (məsələn)

1. Filan qəbzlə, filan şəhadətnamə ilə;

2. Filan aktla və s.

3. Məhkəməyə dəvət edəcəyim filan şahidlə və s.” Onu da qeyd edim ki, ərizəçi iddia ərizəsində ona qoşulmalı olan sənədlərin siyahısını da göstərməmişdir. Halbuki, MPM-nin 149.2.5-ci maddəsinə əsasən iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Ərizəçi ərizəsini nəzərdən keçirərək onu da müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsi ilə müəyyən olunmuş qaydalara riayət edilmədən verilmişdir. Belə ki, MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi ərizəsində Qeydiyyat orqanına müraciət etdiyini və ona oradan ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etdiyini təsdiqləyən sənədi ərizəsinə əlavə etsə də, atasının ölümü ilə bağlı tibbi sənədin (şəhadətnamənin) alınması üçün müvafiq ambulator tibb müəssisəsinə müraciət etməsini, onun ölümü haqqında tibbi şəhadətnaməni ala bilməməsini təsdiq edən sübutlarını ərizəsinə əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası xx.xx.2019-cu il tarixli Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Ərizəçi atasının hansı şəraitdə (təbii ölüm, yol qəzası və ya təbii fəlakət və s. nəticəsində) ölməsini də göstərməmişdir. Qeyd edim ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi Bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildikdə hakimi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Hesab edirəm ki, ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını, ərizəsinə əlavə etdiyi sənədlərin siyahısını göstərmədiyindən, eləcə də atasının ölüm faktının müəyyən edilməsi məqsədilə ona lazım olan (tibbi şəhadətnaməni) sənədi ala bilməməsini təsdiq edən sübutları ərizəsinə əlavə etmədiyindən bu hal ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilməməsi kimi qəbul edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalı və ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Ərizəsi qaytarıldığına görə onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM :

Ərizəçi hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər qərardad qanuni qüvvəsini aldıqdan sonra geri qaytarılsın. Ərizəçi izah olunsun ki, bu qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsın. Qərardadan rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər.

X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar