Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4547/2025 23.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bir ədəd iribuynuzlu heyvanın və ya onun dəyərinin ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayonu Haftoni qəsəbə sakini Cavabdeh qanunsuz olaraq öz evində saxladığı, ona məxsus olan bir ədəd inəyin və ya onun dəyərinin ondan alınıb qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1989-cu ildə Lənkəran rayonun Havzava kəndində doğulmuşdur və anadangəlmə İ qrup əlildir. İki uşaq anasıdır, böyük oğlu da anadangəlmə əlildir. Həyat yoldaşı işləmir, ailədə iki nəfər İ qrup əlil olduğu üçün onların xidmətçisi kimi təyin olunub. Ailəni dolandırmaq, onları süd məhsulları ilə təmin etmək məqsədi ilə çətinliklə də olsa kənddə iribuynuzlu heyvan (inək) saxlayır. 24 oktyabr 2025-ci il tarixdə ona məxsus iribuynuzlu açıq-qırmızı rəngli 7- 8 yaşlı inəyi meşədə itmişdir. O, və həyat yoldaşı heyvanın axtarışına düşmüşlər. Ailə üzvlərilə bütün meşəni və ətraf kəndləri gəzib axtarsalar da, bir həftə ərzində heyvanı tapa bilməmişlər. Sonra kəndin icra nümayəndəsi ona xəbər vermişdir ki, Haftoni qəsəbə sakini Cavabdeh adlı şəxs meşədən bir heyvan öz evinə aparıb. Həmin şəxsin də dediyinə görə guya onun da heyvanı meşədə itib və onu tapıb öz evinə aparıb. Cavabdeh əvvəl polis işçisi olmuşdur və hazırda pensiya alır. O, yoldaşı Bayramov İlqar ilə Cavabdeh həyətinə getmişlər və inəyi onlara göstərməsini istəmişlər. Cavabdeh isə inəyi onlara göstərmək istəməmiş və polis şöbəsinə zəng vuracağını dedikdən sonra onu təhqir edib nalayiq söyüşlər söyməyə başlamışdır. O, təkidlə inəyi görmək istədiyini demiş, çətinliklə də olsa inəyə baxmış və baxdığı inəyin onun olduğunu bilmişdir. İnəyə yaxınlaşanda ona həmişə “Naz” etməklə dediyi xoş sözləri demiş, heyvan da ona tərəf yaxınlaşaraq başını həmişəki kimi qolunun üstünə qoyub başını onun qoluna sürtmüşdür. Heyvan sanki onunla danışmışdır. Cavabdeh öz həyətində onun üstünə hücüm çəkib onu döymək istəmiş, sonra da öldürməklə hədələmişdir. Həmin vaxt polis əməkdaşları gəlib onu həyətdən çıxarıb polis şöbəsinə aparmışlar ki, guya izahat alacaqlar. Polis əməkdaşları cavabdeh köhnə polis işçisi olduğu üçün onu müdafiə etmişlər və polis şöbəsində izahat belə almamışlar. Cavabdeh dediyinə görə heyvanın 9 yaşı vardır. Ancaq dəqiq və doğru bilir ki, onun heyvanının 7-8 yaşı vardır. Buna görə də iki nəfər baytar həkim və Haftoni qəsəbə icra nümayəndəsi ilə birlikdə heyvanın yaşını müəyyən etmək üçün ona baxmağa getmişlər. Həkimlər də heyvana baxanda onun 7-8 yaşı olduğu məlum olmuşdur. Həmin vaxt cavabdeh həkimin üstünə hücüm çəkərək heyvanın 7-8 yaşı olduğunu dediyi üçün onu təhqir etmiş və ona nalayiq sözlər demişdir. Hazırda onun heyvanına hər il peyvənd vuran baytar həkimi də təsdiq edir ki, o, hər il həmin heyvana və heyvanın balalarına peyvənd vurmuşdur. Ona məxsus olan həmin inək onu və səsini tanıyır. Uzaqdan onu çağıranda yanına gəlir və o qədər öyrəşib ki, həyətdə hara gedirsə onunla gedir. Həttda evdən kənd mağazasına ərzaq almağa gedəndə, həmin heyvan da onunla gedir. Ona görə də onun inəyini kənd camaatının çoxu tanıyır. Cavabdeh əvvəl də heyvan oğurluğu ilə məşğul olmuşdur. Dəfələrlə meşədən başqa şəxslərə məxsus atları oğurlayıb satmışdır. Şəxsən onun babasına məxsus atları da oğurlamış və o vaxt ona sübut olunmuşdur. Onu heyvan oğrusu kimi də tanıyırlar. Bunu kənd sakinləri də təsdiq edirlər. Ona məxsus olan heyvanın qanunsuz olaraq cavabdehin evində olması barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin işə sahə müvəkkili baxmış və araşdırmışdır. O, məhkəməyə təqdim etmək üçün ondan qərarın verilməsini xahiş etmiş, lakin bildirilmişdir ki, məhkəmə sorğu verərsə qərar veriləcəkdir. Odur ki, həmin qərarı almaq üçün polis şöbəsinə sorğu verilməsini xahiş edir. Cavabdeh evində qanunsuz saxlanılan öz inəyini tələb etməsinə baxmayaraq onun inəyini qaytarmır və hətda onu təhqir edir. O, da məcbur olub bir baş iribuynuzlu heyvanını cavabdehdən tələb etmək üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında iddia ərizəsində qeyd olunan məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək tələbi qəbul etmədiyini bildirdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 35 il daxili işlər orqanlarında işləmişdir, Qarabağ veteranıdır. 2022-ci ilin oktyabr ayında bir baş iribuynuzlu inəyi meşədə itmiş, onu təxminən üç aya qədər meşədə axtarmış, tapa bilməmiş və fikirləşmişdir ki, yəqin onu canavar yeyib. Aradan üç il keçəndən sonra 24 oktyabr 2025-ci il, saat 13-14 radələrində inəyin çəpərinin yanında qaldığını görüb dərhal yoldaşını çağırmış və inəyin (adı da nazlıdır) gəldiyini ona demiş, sonra da həmin inəyi həyətinə salıb bağlamışdır. Təxminən 5-6 gün inəyini kimin oğurlaması ilə soraqlaşmış və ona məlum olmuşdur ki, inəyini meşədən oğurlayan Havzava kəndində yaşayan iddiaçının həyat yoldaşı X3r. 01 noyabr 2025-ci il tarixində səhər təxminən 10:00 radələrində evdən çıxıb Havzava kənd icra nümayəndəliyinə getmiş və həmin kəndin icra nümayəndəsi Qurban adlı şəxsə demişdir ki, onun inəyini 2022-ci ilin oktyabr ayında İltifatın oğlu İlqar oğurlayıb və inək özü evə gəlib. Qurban da inəyin şəklini ona göndərməsini istəmiş və o da inəyin şəklini Qurbana göndərmiş, bir neçə dəqiqədən sonra da Qurbana zəng edib inəyi 7 il bundan qabaq Mədo kəndində aldığını demişdir. Təxminən 2-3 saatdan sonra İlqar və Nüşabə onun evinə gəlib hədə-qorxu gəlib kreditə pul götürüb inək aldıqlarını demişlər. İlqar isə hmin vaxt deyirdi ki, onun inəyinin balasıdır. xx.xx.2025-ci il tarixində inəyi evə gələn kimi o kənd icra nümayəndəsinə və rayon polis şöbəsinə telefonla zəng edib bu barədə onlara demişdir. Polis şöbəsində bu barədə ərizəsi də var. Həmin heyvanı 3 il bundan qabaq İlqar meşədən oğurlayıb, heyvanın 2 ədəd balası İlqarın evindədir. Nüşabənin barəsində yazdıqları hamı yalandır, ona böhtan atır və onun haqqında yazdıqları yaşına uyğun deyil. Onun inəyi orta boyludur. Buynuzları güdədir, rəngi quru yarpaq rəngində, sarımtıldır. Sol buynuzunu İlqar dibdən qırıb ki, o, inəyini tanımasın. Təxminən inəyin 11- 12 yaşı var. İnəyin onun evində 5 balası, İlqarın evində isə 2 balası olmuşdur. Onun şahidləri də var. Məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını və tələbin təmin edilməməsini xahiş edir. İddiaçının vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilən X4 verdiyi ifadəsində bildirdi ki, iddiaçı onunla qonşuluqda yerləşən kənddə yaşayır və o, iddiaçının evində usta kimi işləmişdir. Usta işlədiyi vaxtlarda onun həyətində 1 baş, 3 baş iribuynuzlu heyvan, yəni inək saxladığını görmüşdür. Həmçinin həmin vaxtlarda iddiaçının həyat yoldaşı inəklərdən 1 başının itdiyini də demişdir. İddiaçının vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilən X6 verdiyi ifadəsində bildirdi ki, iddiaçı onun həmkəndlisidir. Onun həyat yoldaşını avtomobil idarə edərkən yolda görüb götürmüş və həmin vaxt onların bir baş inəklərinin itməsini bilmişdir. Bundan başqa iddiaçının oğlu ilə bir neçə gün itdiyi inəyini yaxın kəndlərdə axtardığını da görmüşdür. O, iddiaçının itən inəyini əvvəllər yolda bir neçə dəfə görmüşdür və həmin inəyin qırmızımtıl rəngdə olduğunu bilir. Cavabdehin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilən X7 verdiyi ifadəsində bildirdi ki, o, cavabdehin qonşusudur. Onun itən inəyinin anasını 20 il olar o, cavabdehə satmışdır. Bir neçə il əvvəl Sərrafın bir baş inəyinin itdiyini ondan eşitmişdir, sonra da tapıldığını eşitdim. Həmi inəyin 9-10 yaşı olar. Cavabdehin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilən X5 verdiyi ifadəsində bildirdi ki, cavabdehlə onun evi arasında təxminən 200 metr məsafə var. O, Sərrafın bir baş inəyinin tapıldığını eşitmişdir, onun itməsindən də məlumatı olmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İHB-nın Havzava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Lənkəran rayon Havzava kənd inzibati ərazi dairəsində yaşayan X2 verdiyi məlumata əsasən onun 1 baş iribuynuzlu heyvanı (inək) itmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İHB-nın Havzava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Lənkəran rayon Havzava kənd inzibati ərazi dairəsində qeydiyyatda olmaqla orada yaşayan X2 ailə üzvləri: arvadı-İddiaçı, oğulları- bayramzadə Süleyman İlqar oğlu və X1 ibarətdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixdə verilmiş 197594 nömrəli vəsiqədən görünür ki, İddiaçı İ qrup əlildir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər rayon polis şöbəsinin xx.xx.2026-cı il tarixli məktubu və ona əlavə olunan materialın surətindən müəyyən olunur ki, İddiaçı və Cavabdeh qarşılıqlı müraciətləri əsasında araşdırma aparılmış, cinayət xarakterli əmələ və inzibati xəta hadisəsi olmadığından araşdırma dayandırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə araşdırması zamanı tərəflərin izahatı, şahidlərin ifadəsi, həmçinin, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, xx.xx.2025-ci il tarixdə İddiaçı məxsus olan 1 baş inək itmiş, iddiaçı itən inəyinin axtarışına çıxmış, axtarışının nəticəsində müəyyən etmişdir ki, onun itən inəyi Cavabdeh Lənkəran rayonu Haftonu qəsəbəsində yerləşən həyətində bağlanmışdır. İddiaçı cavabdehdən inəyini tələb etdikdə cavabdeh ona həmin inəyin 2022-ci ildə onun özünün itən inəyi olduğunu, xx.xx.2025-ci il tarixdə evə özünün gəlib çıxdığını və o da həmin inəyin onun olduğunu bildiyi üçün həyətində bağladığını bildirmişdir. Tərəflər arasında bu barədə mübahisə baş vermiş, onlar polis şöbəsinə qarşılıqlı müraciətlər etmişlər və izahatları alınmışdır. Qeyd olunanlar polis şöbəsində aparılan araşdırma materialında da öz əksini tapır. Cavabdeh iddiaçıya məxsus bir baş inəyi qaytarmadığına görə iddiaçı hazırki iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh izahatından müəyyən edilmişdir ki, 24 oktyabr 2025-ci il, saat 13-14 radələrində bir baş iri buynuzlu inək onun yaşadığı ünvana gəlmişdir və həmin inəyin hazırda ondadır. Həmin inəyin üç il bundan əvvəl meşədə itmiş inəyi olduğunu bildirmişdir. Lakin cavabdeh 3 il əvvəl inəyinin itməsi ilə əlaqadar hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda işin faktiki hallarından cavabdehin izahatında qeyd etdiyi inəyin İddiaçı 24 oktyabr 2025-ci il tarixdə itdiyi inəyinin olması halına uyğun olması müəyyən edilir. Həmçinin cavabdehin izahatında qeyd etdiyi 3 il əvvəl meşədə itdiyi inəyinin 24 oktyabr 2025-ci il tarixdə onun yaşadığı ünvana gəlməsi inandırıcı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan əsaslara görə və məhkəmənin müəyyən etdiyi hallara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh bir baş iribuynuzlu inək alınaraq İddiaçı verilməlidir. İddia oredmeti olan bir baş iribuynuzlu inəyin dəyərinin müəyyən edilməsi ilə əlaqədar iddiaçı tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilmədiyindən iddia tələbi “iribuynuzlu heyvanın dəyərinin ödənilməsi” hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normalarının tələbinə görə məhkəmə qərara gəlir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənlməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh bir baş iribuynuzlu inək, həmçinin iddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi “iribuynuzlu heyvanın dəyərinin ödənilməsi” hissəsində təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzrə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-4547/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4547/2025
23.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver