Məhkəmə qərarları › İş №2(049)-639/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-639/2025

16.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-639/2025 16.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasov Fərid Şahüseyn oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixdə mediasiya prosesində MSİ7MT014/2024-01329 saylı barışıq sazişinin təsdiq edilməsi və xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat alimentin ilkin mediyasiya üçün ödədiyi 160 manat dövlət rüsumu və məhkəmə üçün ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs aliment tələbi ilə bağlı mediasiyaya müraciət etmişdir. Maraqlı şəxs ilə aralarında xx.xx.2024-cü il tarixdə mediasiya prosesində MŞL/MT014/2024-01329 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə Maraqlı şəxs ilə faktiki nikahlarından xx.xx.2019-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 400 manat aliment pulun ikinci tərəf Ərizəçi ödəyəcəyini öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi həmin barışıq sazişin şərtlərini pozub əməl etmir, yəni aliment ödəməkdən yayınır. Odur ki. Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixdə mediasiya prosesində MŞL/MT014/2024-01329 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında ərizənin dəlillərini müdafiə edib, ərizəyə uyğun məzmunlu izahat verərək, maraqlı şəxsin barışıq sazişinə əməl etmədiyini bildirərək ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizə ilə məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞL/MT014/2024-01329 saylı barışıq sazişindən görünür ki, Maraqlı şəxs 2019-cu il tarixdə faktiki olaraq olaraq ailə həyatı qurmuşlar. Faktiki nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X1 xx.xx.2021-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Tərəflər aralarında narazlıqlar yarandığı üçün ayrılmışlar və ayrı-ayrı ünvanlarda yaşayırlar. Birinci tərəf “Sabit məbləğdə aliment tələbi” ilə Mediasiyaya müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə həmin mübahisə mediasiya sessiyası keçirilmişdir. Proses zamanı tərəflər uşaqların ananın yanında saxlanılmasına razılaşdılar. xx.xx.2019-cu il təvəllüdlü X1 xx.xx.2021-ci il təvəllüdlü X4 anaları Ərizəçi yanında saxlanılır. Tərəflər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 200 manat, iki uşağa cəmi 400 manat məbləğində aliment ödənilməsini müəyyən etmişlər. Alimenti ikinci tərəf Maraqlı şəxs 2024-cü ilin oktyabr ayından başlayaraq gələn hər növbəti ayda 400 manat məbləğində aliment nağd, poçt və ya köçürməsi yolu ilə birinci tərəf Ərizəçi ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə tərəfləri dinləyib, işin hallarına dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişi mövcud olan şətlərə əsasən qismən təmin edilməlidir. Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsaslar yoxdur. Həmçinin qeyd etmək lazımdır ki, ərizəçi dövlət rüsumu ilə yanaşı mediasiya xərcinin də maraqlı şəxsdən tutulub ona verilməsini xahiş etmişdir. Ərizə bu hissədə qismən təmin olunmalı, ödənilmiş dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü ildə mediasiya prosesində bağlanılmış, Ərizəçi ilə Maraqlı şəxs faktiki nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 xx.xx.2021-ci il təvəllüdlü X2 Ərizəçi yanında saxlanılması, ikinci tərəf Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, hər ay iki uşağa görə cəmi 400 (dörd yüz) manat məbləğində alimentin 2024-cü ilin oktyabr ayından başlayaraq gələn hər növbəti ayda 400 manat məbləğində aliment nağd, poçt və ya köçürməsi yolu ilə birinci tərəf Ərizəçi ödəməsi barədə xx.xx.2024-cü il tarixli, MŞL/MT014/2024-01329 saylı barışıq sazişi təsdiq edilsin. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği olan 100 manat məbləğində pul Maraqlı şəxs tutularaq Ərizəçi verilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar