Məhkəmə qərarları › İş №2(049)-861/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-861/2024

05.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-861/2024 05.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı «mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat alimentin alınıb ona verilməsinə barədə xx.xx.2023-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023-03014 saylı barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2018-ci ildə rəsmi nikaha girməklə ailə qurmuş və birgə yaşadıqları müddətdə xx.xx.2019-cı ildə X2 adlı uşaqları doğulmuşdur. Cavabdehlə ayrıldıqdan sonra Mirseyid uşağa baxmadığından və uşağın xərclərini qarşılmadığından nikahın pozulması və alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmiş və xx.xx.2023-cü il tarixli mediasiya prosesində cavabdehlə MŞL/MT014/2023-03014 saylı barışıq sazişi imzalamışlar. Cavabdeh işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, Maraqlı şəxs uşaqın saxlanılması üçün hər ay 160 manat alimenti ona özü ödəyəcəkdir. Lakin cavabdeh barışıq sazişi imzaladığı vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək cavabdehin saziş bağlanmasına könüllü razılıq verdiyini, lakin sonradan sazişin tələblərini pozaraq dekabrda aliment ödəmədiyini və yalnız yanvar ayında cəmi 160 manat aliment ödədiyini bildirmişdir. Məhkəmədən barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs xx.xx.2023-cü il tarixli mediasiya prosesində bağlanmış barışıq sazişinin şərtləri ilə könüllü razılaşdığını və dekabr ayının aliment borcunu yanvarın 10-dək əvvəlcə 100 manat, ardınca 60 manat olmaqla vaxtından əvvəl ödədiyini bildirdi. Ona görə də məhkəmədən barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aralarında bağlanmış nikahın davam etdirilməsinə razı olmamış, birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvüllüdlü X2 adlı uşaq anası Ərizəçi yanında saxlanımaqla, Maraqlı şəxs uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat aliment pulunu hər ayın 10-da nağd, poçt və ya bank köçürməsi yolu ilə Ərizəçi ödəyəcəyini öhdəsinə götürmüşdür. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər arasında Mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərinə əsasən Ərizəçi və Maraqlı şəxs aralarında bağlanmış nikahın davam etdirilməsinə razı olmamış, birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvüllüdlü X2 adlı uşaq anası Ərizəçi yanında saxlanımış və Maraqlı şəxs uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat aliment pulunu hər ayın 10-da nağd, poçt və ya bank köçürməsi yolu ilə Ərizəçi ödəyəcəyini öhdəsinə götürmüşdür. Mediasiya şurasında xx.xx.2023-cü il tarixdə bağlanmış həmin barışıq sazişinə əsasən dekabr ayından sonra gələn ay yanvar ayı olmuş və borclu dekabr ayının alimentini yanvar ayının 10-dək ödəməyi öhdəsinə götürmüş və onu vaxtından əvvəl icra etmişdir. Belə ki, ərizəçi özü də məhkəmədə verdiyi izahatında maraqlı şəxsin yanvar ayında borclu tərəfindən 160 manat alimenti ödədiyini təsdiq etmişdir. Maraqlı şəxsin dekabr ayı üçün aliment ödəmədiyinə dair ərizəçinin iddiasına münasibət bildirərək məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlandığı tarixdən tərəflər üçün məcburi xarakter daşıdığı üçün borclu tərəfindən aliment ödənişi yanvar ayından başlanmış və o, həmin öhdəliyə tam olaraq riayət etmişdir. Mediasiya haqqında AR qanununun 34.1-ci maddəsinə əsasən Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin qanunun 34.3-cü maddəsində qeyd edilmişdir ki, Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Həmin qanunun 4.5-ci maddəsinə əsasən Barışıq sazişi bu qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qeyd olunan qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, mövcud durumda, barışıq sazişinin şərtləri pozulmadığına görə məhkəmə sözügedən sazişi təsdiq edən qətnamə qəbul edilməsindən imtina etməlidir. Mülki Prosessual Məcəllənin 355-26.1.1-ci maddəsinə görə məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏVİ HİSSƏ: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina olunsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar