Məhkəmə qərarları › İş №2(049)-87/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-87/2023

14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-87/2023 14.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, iddiaçı «Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Qaz İxrac İdarəsi»nin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı «Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Qaz İxrac İdarəsi» nin Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasının pozulması» tələbinə dair mülki işə Lənkəran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac İdarəsi» Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasının pozulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsi Astara Magistral X1 istismarında olan 1020/1220 mm diametrli "xxxx" yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən Lənkəran rayonu, Separadi kəndi ərazisində magistral qaz kəmərindən 6 metr aralıda (uzunluğu 8.6 metr, eni 7.6 metr, hündürlüyü 0.7 metr) və 16 metr aralı (uzunluğu 50 metr, eni 12 metr, hündürlüyü 2.9 metr) məsafədə inşa olunmuş qanunsuz tikililərin cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülməsi, mühafizə zonasının əvvəlki vəziyyətinə gətirilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lənkəran rayonunun Separadi kənd sakini Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın tələblərini pozaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin X2 kəmərlərinin balans və stismarında olan magistral qaz kəmərinin 57-ci km-liyində (Lənkəran rayonunun Separadi kəndi ərazisində) kəmərin mühafizə zonasında, kəmərdən 6 metr aralıda (uzunluğu 8,6 metr, eni 7,6 metr, hündürlüyü 0,7 metr) və 16 metr aralıda (uzunluğu 50 metr, eni 12 metr, hündürlüyü 2,9 metr) qanunsuz tikililər inşa etməklə magistral qaz kəmərinin mühafizə zonasım pozmuşdur. Magistral qaz kəmərlərinin mühafizə zonalarında inşa edilmiş tikililərlə əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinə və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə məlumat verilmiş, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Bundan əlavə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh tərəfindən, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, “Qaz İxrac İdarəsi” Astara Magistral X1 istismarında olan 1020/1220 mm diametrli "xxxx" yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən Lənkəran rayonu, Separadi kəndi ərazisində magistral qaz kəmərindən 6 metr aralıda (uzunluğu 8.6 metr, eni 7 6 metr, hündürlüyü 0.7 metr) və 16 metr aralı (uzunluğu 50 metr, eni 12 metr, hündürlüyü 2.9 metr) məsafədə inşa olunmuş qanunsuz tikililərin cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülməsi, mühafizə zonasının əvvəlki vəziyyətinə gətirilməsi, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 sayı Lənkəran Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95,00 (doxsan beş) manat pulun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Qaz İxrac İdarəsi»nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirdi ki, məhkəmə tərəfindən təyin edilmiş müvafiq ekspertiza tədqiqatının nəticəsi olaraq, Cavabdeh tərəfindən Lənkəran rayonu, Separadi kəndində inşa edilən tikililərin – ferma tikilisinin və yaşayış evinin Astara- Qazıməmməd yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşməsi öz təsdiqini tapmışdır. Cavabdeh həmin ferma tikilisində xırda buynuzlu heyvanların təsərrüfatı ilə məşğul olur, qeyd olunan evdən isə həmin təsərrüfata nəzarət edən şəxs istifadə edir. Qeyd olununların nəzərə alınaraq, iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6844 nömrəli rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3- 21-3-43/2-2390/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Separadi kəndində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş tikililərdən birinin (ferma tikilisinin) "xxxx" yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 18 metr məsafədə, digər tikilinin (yaşayış evinin) isə "xxxx" yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 19 metr məsafədə yerləşməsi müəyyən olunmuşdur. ("xxxx" yüksək təzyiqli magistral yeraltı qaz kəmərinin orta oxu Dövlət Neft Şirkəti “Qaz İxrac İdarəsi”nin nümayəndəsi tərəfindən xüsusi cihaz vasitəsilə müəyyən edilmişdir). İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 2390/2023 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh tərəfindən Lənkəran rayonu, Separadi kəndində inşa edilən tikililərin onun xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşməsi müəyyən edilmişdir. Eyni zamanda ferma tikilisinin bir hissəsinin və yaşayış evinin isə bütövlüklə Astara-Qaıməmməd yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşməsi müəyyən olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Hazırda iddia ərizəsi üzrə yaranmış mübahisənin kommersiya məhkəməsinə aid olmasını nəzərə alaraq diqqətin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarına yönəldilməsini zəruri hesab edirəm. Belə ki, həmin Qərarın 12-ci bəndində qeyd olunur ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Sözügedən Qərarın 20-ci bəndində göstərilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Eyni zamanda həmin Qərarın 22-ci bəndində göstərilir ki, bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. MPM-nin müvafiq maddələrinin, eləcə də qeyd olunan Qərarının müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Eləcə də həmin Qanunun sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatından bəhs edən 10-cu maddəsinin İ və İİ hissələrinin məzmunundan görünür ki, hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Belə ki, “Elektron Məhkəmə” informasiya sistemində “vergi məlumatları” bölməsinə edilmiş sorğuların cavabından görünür ki, həm iddiaçı «Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Qaz İxrac İdarəsi», həm də Cavabdeh vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınmışlar. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı mübahisənin predmetini təşkil edən tələb və tərəflər arasında olan hüquq münasibətlərinin xarakterindən aydın olur ki, hüquq üzrə münasibətlər sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı mübahisənin predmetini təşkil edən tələbin və tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi işin kommersiya məhkəməsində baxılmasına imkan verir. Göründüyü kimi, hazırki mübahisə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olduğundan və yuxarıda qeyd olunan Qərara, habelə sadalanan hüquq normalarına əsasən kommersiya məhkəməsində baxılmalı olduğundan mülki işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qanunamüvafiqdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-nin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) aid olduğundan və qanunvericiliyin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri tərəfindən baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-nin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. MPM-nin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. MPM-nin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26, 31-32, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Qaz İxrac İdarəsi» nin Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasının pozulması» tələbinə tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar