Məhkəmə qərarları › İş №2(049)-914/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-914/2025

21.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-914/2025 21.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu ildə Lənkəran rayonu, Şıxəkəran kəndində anadan olmuş atası X1 02 sentyabr 2021-ci ildə Lənkəran rayonu, Şıxəkəran kənd ünvanda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx xxxx 1986-cı ildə Lənkəran rayonu, Şıxəkəran kəqdində anadan olmuş, hal-hazırda ailəsilə birlikdə, yəni anası, uşaqları və həyat yoldaşıyla Lənkəran rayonu, Şıxəkəran kəndində yerləşən evdə yaşayırlar. Məhkəməyə müraciət etməyinə səbəb isə mərhum valideyninin, atası - X1 xx.xx.2021-ci ildə vəfat etməsi və ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi ilə əlaqədardır. Belə ki, mərhum atası X3 xx.xx.1959-cu ildə Lənkəran rayonu, Şıxəkəran kəndində anadan olmuş, onun daimi yaşayış yeri ünvan 1 ünvanda vəfat etmişdir. Onun məzarı ünvan 2 Mərhum atasının, valideyninin qəbir üstü məzarı indi də Lənkəran rayonu, Şıxəkəran kənd qəbiri- stanlığındadır. Atası rəhmətə gedəndən sonra o qanunu bilmədiyinə görə atasının ölümünü VVAADQ orqanlarında vaxtında qeyd etdirə bilməmişdir. O müvafiq sənədləri toplayıb atasının ölümünü qeyd etdirməkdən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lənkəran rayonu, Qeydiyyat Şöbəsi valideynlərinin ölüm tarixləri ilə bağlı arxivi axtarsalar da, bu barədə heç bir qeydiyyat tapılmamış və bu səbəbdən onun da təqdim etdiyi sənədlər qəbul edilməmişdir. Ona görə də, o məcbur olub məhkəməyə müraciət etmişdir. Ölüm faktlarının qeyd olunması ona vərəsəlik məsələlərinin həll edilməsi üçün lazımdır. Məhkəmə iclası zamanı Ərizəçi ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, bir sıra hüquqi sənədlərin əldə olunmasında ölüm haqqında şəhadətnamənin mövcudluğu vacibdir və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə ərizənin surəti göndərilmiş, həmçinin hazırlıq və baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə heç bir rəsmi məlumat vermədən iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, qudası Müqabil 2 sentyabr 2021-ci il tarixində vəfat etmişdir. Mərhumun dəfnində iştirak etmişdir. X4 Lənkəran rayonu, Şıxəkəran kəndində rəhmətə getmiş və həmin kənddə, evinin yaxınlığındakı qəbiristanlıqda dəfn olunub. Mərhumu qohum olandan sonra tanımışdır. 2011-ci ildən etibarən tanışlıqları olmuşduri. Mərhum kəskin alkoqol qəbul etdiyi üçün səhhətində problemlər olmuş və ciyərlərində olan xəstəlikdən əziyyət çəkmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, Müqabil onları qonşuları olmuşdur. O, vəfat etdikdən sonra dəfnində şəxsən iştirak etmişdir. Həyətlərində yas mərasimi keçirilmişdir. Müqabil Lənkəran rayonu, Şıxəkəran kənd qəbiristanlığında dəfn olunmuşdur. Dəfn mərasimində kənd camaatı da iştirak etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışından görünür ki, Lənkəran RMX PHŞ xx.xx.1959-cu il təvəllüdlü X3 3 il öncə beyin insult keçirmiş, vəziyyəti ağırdır. Azərbaycan Respublikası Lənkəran rayonu Xolmili-Şıxakəran bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1959-cu ildə anadan olmuş X3 xx.xx.2021-ci ildə vəfat etmiş Lənkəran royun Şıxakəran kəndində yerləşən Şeyx Zahid qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX PHŞ X2 arayışından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X3 beyinə qansızma diaqnozu ilə xx.xx.2021-ci il tarixdə ev şəraitində vəfat etmiş və onun ölümü barəsində heç bir tibbi arayış verilməmişdir. İş materiallarına əlavə olunmuş X1 qəbirüstü abidəsinin (sinə daşının) foto şəkilindən də görünür ki, o xx.xx.1959-cu il tarixdə doğulmuş, xx.xx.2021-ci il tarixdə dəfn edilmişdir. Məhkəmə hazırlıq iclası zamanı Ərizəçi tərəfindən sübut qismində təqdim olunmuş xx.xx.2025-ci il tarixli AR TƏBİB LRMX PHŞ Lənkəran Şəhər Ailə Sağlamlıq Mərkəzinin arayışından müəyyən olunur ki, Ərizəçi atası X3 xx.xx.2021-ci il tarixdə Lənkəran rayonu, Şıxəkəran kəndində vəfat etmiş, ASM-də dispanser qeydiyyatda olmamış, müraciət etməmiş, bu səbəbdən də ölüm faktı qeyd edilə bilmir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X1 xx.xx.1959-cu il tarixdə ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. Belə ki, AR MPM-in 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1959-cu il tarixdə Lənkəran rayonu, Şıxəkəran kəndində doğulmuş X1 xx.xx.2021-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il tarixdə Lənkəran rayonu, Şıxəkəran kəndində doğulmuş X1 xx.xx.2021-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar