Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-944/2025 28.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ : X4 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katbi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyan olan 4790 manat və ödənilmiş 67.90 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi “BMW 530” minik markalı, 77 СО 911 dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonu ərazisində hərəkətdə olarkən Cavabdeh məxsus heyvanın yolda nəzarətsiz olmasına görə anidən yola çıxması nəticəsində heyvanla avtomobil toqquşmuş və avtomobilə maddi ziyan dəymişdir. Avtomobil "xxxx" şirkətinə məxsus olmuş və yol vərəqəsi əsasında idarə etmişdir. O, avtomobili şirkətdən götürərək idarə etdiyi üçün şirkət qarşısında maddi ziyana görə məsuliyəti daşıyır və onun da vurulmuş zərəri reqres qaydada cavabdehdən tələb etmək hüququ vardır. Belə ki, cavabdeh Lənkəran RPŞ-nin dövlət yol polis bölməsinin xx.xx.2025-ci il tarixli protokoluna əsasən inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi cavabdehin heyvanları nəzarətsiz buraxması nəticəsində baş vermiş və onun sahibliyində olan avtomobilə maddi ziyan dəymişdir. Dəymiş ziyanın məbləği ümumilikdə 4790 manat hesablanmışdır. Cavabdeh dəymiş ziyanı ödəmədiyi üçün məcbur qalıb məhkəməyə müraciət etmişdir. Həmçinin, qeyd edir ki, tələbini təsdiq edən sübutlar xx.xx.2025-ci il tarixli protokol, sxem, dəymiş zərərlə bağlı rəy, izahatlar, avtomobilin sənədləri iddia ərizəsiə əlavə olunmuşdur. Həmin sübutlardan görünür ki, iddiaçının yol-nəqliyat hadisəsi nəticəsində təqsirli olması və ona maddi ziyan vurması sübuta yetirilmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında iddiasını müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq məhkəmə tərəfindən özünün əsl iddiaçı ilə əvəz olunması təklifini qəbul etməmişdir. Məhkəmə baxışı iclasında o, məhkəməyə “BMW 530” minik markalı, 77 СО 911 dövlət qeydiyyat nişanlı avtomobillin icarəyə götürülməsi haqqında onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli 7117 nömrəli müqavilənin əslini təqdim etmişdir. Verilən sualları cavablandıraraq bldirmidir ki, bundan əvvəl baş tutmuş məhkəmə hazırlıq iclaslarında onunla şirkət arasında belə bir müqavlənin bağlandığı barədə məhkəməyə məlumat vermiş, icarə müqaviləsi onda olmamış, o, həmin müqaviləni imzaladıqdan sonra həmin müqavilə şirkətdə olmuş, iddia ərizəsini vəkili tərtib etmiş, onu oxumadan imzalamış, vəkil ondan icarə müqaviləsini istəməmiş, istəsəydi, təqdim edərdi, DYP bölməsinin əməkdaşları onu saxlayanda, sonunculara yol vərəqəsi ilə sürücülük vəsiqəsini təqdim etmiş, icarə müqaviləsi avtomobili icarəyə götürdüyü gün bağlanmış, həmin icarə müqaviləsində yalnız avtomobili icarəyə götürdüyü gün qeyd edilmiş, icarə müqaviləsinin qüvvədə olma müddəti göstərilməmiş, onun bitmə müddəti avtomobili qaytardığı gün hesab olunmuş, xx.xx.2025-ci il tarixdə avtomobili icarəyə götürmüş, yolnəqliyyat hadisəsi isə xx.xx.2025-ci il tarixdə baş vermiş, həmin gün avtomobili şirkərtə qaytarılmış, buna görə də xx.xx.2025-ci il tarixli icarə müqaviləsi gündə 120 ödəmək, cəmi isə 360 manat ödəmək şərti ilə 03 gün müddətə bağlanmış, gündəlik ödənişi şirkətə kart vasitəsilə həyata keçirmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyib göstərmişdir ki, əksinə iddiaçı ona maddi ziyan vurmuşdur. Buna görə də iddiaçıya “bir qəpik” də ödəyən deyildir. İddiaçı digər bir “BMW” avtomobil ilə sürət yarışması keçirmiş, avtomobili 60-70 km.saatda idarə etməli olduğu halda, 120 km. saatda idarə etmiş, buna görə də avtomobilinə göstərdiyi məbləğdə ziyan dəymişdir. Barəsində tərtib edilmiş inzibati protokoldan xəbəri yoxdur, o, həmin hadisə ilə bağlı hər-hansı bir izahat verməmişdir. Məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində 3-cü şəxs "xxxx" MMC-yə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. TƏDQİQ OLUNMUŞ SÜBUTLAR : Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 77 СО 911 dövlət qeydiyyat nişanlı «BMW 530” minik markalı avtonəqliyyat X1 mülkiyyətindədir. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, X2 mülkiyyətçisi olduğu 77 СО 911 dövlət qeydiyyat nişanlı «BMW 530” minik markalı avtonəqliyyatı etibarnamə əsasında idarə etmək üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2030-cu il tarixədək "xxxx" MMC-nə vermişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli “Yol Vərəqəsi”nin surətindən görünür ki, 77 СО 911 dövlət qeydiyyat nişanlı «BMW 530” minik markalı avtomobil xx.xx.2025-ci il tarix, sasat 20:10-dək Azərbaycan Respublikası ərazisində gündüz və gecə, həmşinin bazar və bayram günlərində idarə olunması üçün İddiaçı verilmişdir. xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta protokolundan görünür ki, cavabdeh inzibati xəta törətdiyi üçün barəsində İXM-in 338.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati protokol tərtib edilmişdir. "xxxx"MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən və «BMW 530” minik markalı 77 СО 911 dövlət qeydiyyat nişanlı avtomaşının qəzadan sonrakı fotoşəkillərindən görünür ki, İddiaçı “Yol Vərəqəsi” əsasında idarə etdiyi və yol nəqliyyat qəzasına uğramış «BMW 530” minik markalı 77 СО 911 dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın miqdarı ümumilikdə 4790 manat məbləğində müəyyən edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, İddiaçı hazırki iddianı qaldırmağa sübyektiv hüququ olmamışdır. O, nə «BMW 530” minik markalı 77 СО 911 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir, nə də ki, həmin avtomobili notarius tərəfindən təsdiqlənmiş etibarnamə əsasında idarə etmişdir. O, şirkət tərəfindən verilmiş “Yol Vərəqəsi”nə əsasən sürücü funksiyasını yerinə yetirmişdir. Bu hal öz əksini “Yol Vərədəsi”nin elə özündə də tapmışdır. Belə ki, "xxxx" MMC-nin İddiaçı verilmiş xx.xx.2025-ci il tarixli “Yol Vərəqəsi”nin sol yuxarı küncündə qeyd edilmişdir: “Sürət həddi 120 km/h keçilərsə cərimə 100 AZN, avtomobil digər şəxsə verilərsə cərimə 500 AZN, avtomobillə avtoxuliqanlıq hərəkətləri etmək cərimə 1000 AZN”. Yəni “Yol Vərəqəsi”nin özündən də göründüyü kimi, iddiaçıya şirkətin ona verdiyi tapşırıq əsasında müəyyən edilmiş qaydaları pozmamaq şərti ilə avtomobil qısa bir müddətdə idarə etməyə verilmişdir. O, həmin qaydaları pozduğu halda şirkət tərəfindən müəyyən məbləğdə cərimə olunacaqdır. Yəni həmin cərimə şirkətin xeyrinə ödəniləcəkdir. Lakin o, avtomobilin mülkiyyətçisi olsaydı və ya onu etibarnamə əsasında idarə etsəydi, onda o, qaydaları pozmağa görə cəriməni şirkətə deyil, dövlətə ödəyəcəkdi. Bu hal bir daha ona dəlalət edir ki, yol vərəqəsi şəhərlərarası, şəhərdaxili və şəhərətrafı yük və ya şəhərlərarası və şəhərətrafı sərnişindaşıma ilə məşğul olan hüquqi şəxsin və ya fərdi sahibkar statuslu fiziki şəxsin adından həmin şəxsin nəqliyyat vasitəsini idarə edən sürücüyə verdiyi sənəddir. Yol vərəqəsi sürücünün müəyyən zaman ərzində müəyyən vəzifələri (tapşırıqları) icra etmək üçün nəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən sənəddir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarınau yğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır... Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.... Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi 02 sentyabr 2000-ci ildə vəfat etmiş A.Mövsumovun vərəsəsi kimi onunla nikahda olmuş Z.Həsənovanın iddiasının təmin olunmasına dair 30 noyabr 2006-cı il tarixdə qətnamə çıxardıqda, sonuncunun MM-in 1243.2-cü maddəsinə müvafiq olaraq mirası qəbul etməsini, yəni subyektiv hüququnun birinci elementinə malik olub-olmamasını müəyyən etməmişdir. M.Bağırov isə iddia edir ki, Z.Həsənova ilə A.Mövsumov arasında bağlanmış nikah ləğv edilmişdir. Belə ki, əvvəlki MM-in 24 və 26-cı, qüvvədə olan MM-in 49.1-ci maddələrinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsi ilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası nizamnamə ilə müəyyənləşdirilir. "xxxx" MTK-nın, yəni hüquqi şəxsin Nizamnaməsinin 51 və 55-ci bəndlərinə əsasən isə kooperativin ali orqanı ümumi yığıncaqdır. Yığıncaqlararası dövrdə idarəçiliyi kooperativin idarə heyəti keçirir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən və nizamnaməyə müvafiq olaraq kooperativin fəaliyyətinə görə məsuliyyəti heç bir halda M.Bağırov daşımır, ona görə ki, konkret olaraq bu işdə iddia tələbi hüquqi şəxsin vəzifələrinə aiddir və idarə heyətinin sədri kimi fiziki şəxs M.Bağırovla bağlı deyildir.” İddaçı avtomobili şirkətdən götürərək idarə etdiyi üçün şirkət qarşısında maddi ziyana görə məsuliyətin daşıdığını və onun da vurulmuş zərəri reqres qaydada cavabdehdən tələb etmək hüququnun olması barədə iddia ərizəsində göstərdiyinə məhkəmə qiymət verərək qeyd edir ki, məhkəmə bu fikirlərlə razılaşmır. Belə ki, avtomobilin mülkiyyətçisinin bilavasitə cavabdehə qarşı hazırki tələblə bağlı iddia qaldırmağa sübyektiv hüququ olub və hazırda da vardır. Digər tərəfdən avtomobili idarə edən iddiaçı özü yol nəqliyyat hadisəsi törətsəydi, onda dəymiş ziyanla bağlı zərəçəkmiş şəxsə pulu şirkət ödəyəcəkdi. Məhz bundan sonra şirkətin zərəçəkmiuş şəxsə ödədiyi pulun reqres qaydasında iddiaçıdan tələb etmək hüququ yaranacaqdır. Yəni şirkətin özünün öz işçisinə qarşı reqres hüququ yaranacaqdı. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı məhkəməyə iki fotoşəkil təqdim edərək məhkəmə hazırlıq iclasında bildirmişdir ki, o, avtomobilə dəymiş ziyanla bağlı özü şirkətə pul ödəmişdir. Bundan fərqli olaraq məhkəmə baxışı iclasında isə bildirmişdir ki, ödədiyi həmin pullar icarə haqqı olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, şirkətin direktoru X3r. Lakin fotoşəkillərdən görünür ki, naməlum şəxs tərəfindən El.... R.... və EM.... ZE.... adlı alıcıların hesabına müvafiq olaraq 820 və 995 manat olmaqla, ümumilikdə 1815 manat pul köçürülmüşdür. İddiçı pulları köçürən şəxsin özünün, alan şəxslərin isə şirkəti direktoru və ya şirkətin məsul vəzifəlıi şəxsin olmasını təqsiqləyən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən isə məhkəmə baxışı iclasında bildirmişdir ki, həmin ödədiyi pullar icarə haqqıdır. Lakin, iddiaçının təqdim etdiyi icarə müqaviləsində icarə haqqının 3 gün üçün cəmi 360 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda qeyd olunmuş normaların mənasından göründüyü kimi, təqsirli, hüquqa zidd əməl törədən şəxs, mülki hüquq məsuliyyəti daşıyır. Hazırki iddia üzrə mülki hüquq məsuliyyəti isə cavabdeh daşıyır. Çünki onun təqsirli əməli İXP ******* saylı inzibati xəta protokolla sübuta yetirilir. Lakin iddiaçı özü hüquqa zidd və ya təqsirli əmələ yol verməmişdir. Belə olan halda onun şirkət qarşısında hər hansı bir mülki məsuliyyəti yaranmamış və o, şirkət qarşısında cavabdeh qismində iştirak edə bilməz. Şirkət avtomobilinə dəymiş ziyanı buna cavabdeh olan şəxsdən tələb etmək hüququna malikdir. Məhkəmə iddiaçının məhkəmə hazırlıq iclasında deyil, məhkəmə baxışı iclasında təqdim etdiyi “BMW 530” minik markalı, 77 СО 911 dövlət qeydiyyat nişanlı avtomobillin icarəyə götürülməsi haqqında onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli 7117 nömrəli müqaviləsi ilə bağlı qeyd edir ki, iddiaçı ilk əvvəl MPM-nin 154.2.5-ci maddəsinin tələblərinə uyğun olaraq istinad etdiyi icarə müqaviləsini sübutların siyahısında göstərməmişdir. Bundan əlavə o, iddia ərizəsində yuxarıda qeyd olunmuş avtomobili icarə müqaviləsi əsasında deyil, yol vərəqəsi əsasında idarə etdiyini göstərmişdir. Bundan da əlavə məhkəmə MPM-nin 167.1.2-ci maddəsinə əsasən ona məhkəmə hazırlıq iclasında iş üçün əhəmiyyətli olan digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edtmişdir. Lakin, xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddiaçı bildirmişdir ki, onun məhkəməyə təqdim edəcəyi digər sübutları qalmamışdır və işi məhkəmə baxışına çıxarılmasını xahiş edir. İddiaçı icarə müqaviləsini məhkəmə hazırlıq iclası yekunlaşanadək deyil, məhkəmə baxışı iclasında təqdim etdiyindən, məhkəmə iddiaçı tərəfindən belə bir sübutun təqdim edilməməsi kimi qəbul edir. Məhkəmə hesab edir ki, hakim işə işdə olan mövcud materiallar əsasında baxılmalıdır. Belə ki, MPM-nin 184.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Həmin Məcəllənin 184.3-cüq maddəsinə sasən isə hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçının məhkəməyə təqdim etdiyi icarə müqaviləsindən görünür ki, həmin müqavilə xx.xx.2025-ci il tarixdə bağlanmışdır. İddia ərizəsi isə məhkəməyə bundan sonra, xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Bu hal isə onu deməyə əsas veriri ki, icarə müqaviləsi ilə bağlı əsaslar məhkəmə baxışı gedişində deyil, məhkəmə baxışı təyin edilənədək mövcud olmuş, lakin iddiaçı həmin əsasla bağlı sübutunu məhkəmə hazırlıq islası yekunlaşanadək təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin icarə müqaviləsinin tədqiqi üçün hüquqi əsaslar yoxdur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının 77 СО 911 dövlət qeydiyyat nişanlı «BMW 530” minik markalı avtomobilə dəymiş ziyanla bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə ona əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsini təklif etmiş, iddiaçı həmin təklifi qəbul etməmiş, buna görə də məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxaraq hesab edir ki, iddiaçının iddiası təmin edilməməlidir. Belə ki, MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən isə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ : Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı iddia verməyə sübyektiv hüququ olmadığından onun Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-944/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-944/2025
28.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver