Məhkəmə qərarları › İş №2(050)-1002/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1002/2023

23.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1002/2023 23.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2r oğluna və Cavabdeh3 qarşı qızıl-zinət əşyalarının tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ümumi dəyəri 2100 (iki min bir yüz) manat olan srikon qızıl dəstinin (bir ədəd kolyeli qızıl zəncir, bir ədəd qızıl qolbağ, bir cüt qızıl sırğa, bir ədəd srikon qaşlı qızıl üzük (cəmi 17.82 qram çəkidə), dəyəri 120 (bir yüz iyirmi) manat olan bir ədəd qızıl nişan üzüyünün, dəyəri 250 ( iki yüz əlli) manat olan bir ədəd qızıl üzüyün, dəyəri 140 (bir yüz qırx) manat olan bir ədəd qızıl qolbağın və ya onların ümumi dəyəri olan 2610 (iki min altı yüz on) manat pulun və dövlət rüsumu üçün ödənilmiş 55 (əlli beş) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə həmkəndlisi Cavabdeh3 ilə el adəti üzrə toy edib, qaynatası Cavabdeh2 məxsus evə gəlin köçərək ailə həyatı qurmuşdur. Ailə həyatlarının ilk iki həftəsi normal keçsə də, sonradan həyat yoldaşı və digər ailə üzvləri tərəfindən ona qarşı olan normal münasibəti dəyşilmiş, tənqid və təhqirə çevrilmişdir. Birgə yaşadıqlarının ilk ayı olmamış həyat yoldaşı evi tərk edərək Bakı şəhərinə getmişdir. Ərinin gedişindən sonra qaynatası, qaynanası və baldızı tərəfindən müntəzam davam etdirilən və günü-gündən ciddi surətdə pisləşən qeyri insani rəftar onun əsəblərinə və psixi vəziyyətinə son dərəcə pis təsir etdiyindən özünü öldürmək həddinə çatdırmışdır. O, qarşılaşdığı zülmə və ona qarşı nümayiş etdirilən münasibətə baxmayaraq, dərdini böldüyü yaxınlarının nəsihəti və məsləhəti ilə ailənin dağılmaması naminə dözümlülük göstərərək ailənin qorunması üçün çalışmışdır. Lakin, cavabdehin ona göstərdiyi dözülməz münasibət onun səhhətinin korlanmasına, nəticə etibarilə xəstələnməyinə səbəb olmuş və xəstəliyi ilə bağlı yaşadığı evdəki insanlardan hər hansı biri tərəfindən ona ən elementar insani və ya tibbi yardım göstərilməmişdir. Daha şiddətli təhqir və təzyiqlərə məruz qalmağı onu xx.xx.2022-ci il tarixdə məcburən gəlin köçdüyü evi tərk etməyinə səbəb olmuşdur. O, evi tərk edərkən cavabdehin ona göstərdiyi mənəvipsixoloji və fiziki təsirlərin nəticəsində özüylə heç bir əmlak və qızıl-zinyət əşyası götürməyi belə ağlına gətirməmiş, sadəcə quru canını xilas etmək üçün işgəncə yerini çarəsizcə tərk etmişdir. Atası evinə getdikdən sonra müalicə almağa başlamış və sağlamlığını tamda olmasa bərpa etmişdir. Ötən müddət ərzində isə qarşı tərəf onunla qətiyyən maralanmamış, onunla və ya valideyinləri ilə hər-hansı bir ünsiyyət qurmamışdır. O, baş verənlərə və ona qarşı göstərilmiş qeyri-insani rəftara görə cavabdehlə bütün qohumluq əlaqələrinin kəsilməsinə qərar vermişdir. O, Cavabdeh3 ilə faktiki nikah münasibətinə girərkən cavabdeh tərəfindən ona hədiyyə edilmiş hal-hazırda cavabdehlərdə qalan ona məxsus qızıl-zinyət əşyalarının və ya onların ümumi dəyərinin cavbadehlərdən alınaraq ona verilməsi barədə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. İddiaçının nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, onlar məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş; X1 tərəfindən təsdiqlənmiş 16 yanvar 2023-cü il tarixli, MŞL-01679 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X2 ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh3 isə məlumatlandırılmasına baxmayaraq mediasiya sesiyasında iştirak etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilini dinləyib, işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu normadan göründüyü kimi, qızıl-zinət əşyalarının qaytarılması üçün göstərilən 3 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehin sahibliyində olması. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, iddiaçı ona məxsus iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının evdən çıxarkən özü ilə götürmədiyini, həmin qızılların cavabdehlərə məxsus evdə qaldığını qeyd etmişdir. Hazırki vəziyyətdə sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçı qeyd etdiklərini sübut etməlidir. Həmçinin, qeyd olunan maddi hüquq normasının mənasına görə göstərilən tələbin qanuni və əsaslı olması üçün şəxsin tələb etdiyi əmlakların onun mülkiyyətində olduğu və hal-hazırda özgəsinin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyalarının cavabdehlərdə qaldığını göstərsə də, məhkəmə iclasında həmin qızıl-zinət əşyalarının cavabdehlərdə olması sübuta yetirilməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2r oğluna və Cavabdeh3 qarşı qızılzinət əşyalarının tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəmə müraciət edilərkən 55 (əlli beş) manat dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2r oğluna və Cavabdeh3 qarşı qızılzinət əşyalarının tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar