Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1028/2025 22.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyaları tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cаvаbdеh Cavabdeh оğlundаn cehiz və qızıl-zinət əşyalarının alınıb ona verilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, Cavabdeh ilə 2014-cü ilin aprel ayında el adəti ilə toy edib evlənmişdir. Ər-arvad kimi yaşadıqları dövrdə 2 nəfər uşaqları olmuşdur. Hal-hazırda cavabdehlə olan nikaları məhkəmə qaydasında ləğv edilmişdir. Bu barədə 08 yanvar 2018-ci ildə nikahın pozulması haqqında şəhadətnamə almışdır. O, iki uşağı ilə bir yerdə yaşayır. Cavabdehin evindən döyülüb zorla qovulmuşdur. Buna baxmayaraq, ona atası, anası və yaxınları tərəfindən verilən cehiz və hədiyyələri cavabdehin evində qalmışdır. Ona görə də Cavabdeh reket zəncir 10 qram (Rus istehsalı) 583 əyyarlı -1000 manat, tros zəncir briliyant qaşlı bilərziklə 7 qram -1500 manat, komplekt (brilyant) Sırğa-üzük dəsti - 1200 manat, qızıl üzüklər 6 ədəd hər biri 18 qram 583 əyyar -1800 manat, nişan üzüyü (briliyant qaşlı) 5 qram -800 manat dəyərində qızıl-zinyət əşyalarını, paltar yuyan LG markalı -500 manat, qaz peçi -400 manat, çıl-çıraq 3 ədəd -150 manat, qarnizlər 7 ədəd - 100 manat, pərdələr 7 ədəd 4 metrlik -400 manat, divar saatı 1 ədəd -50 manat, taxt döşəyi 1 ədəd -100 manat, xalça 1 ədəd -200 manat, televizor LG 1 ədəd -550 manat, televizor altlığı 1 ədəd -200 manat, yorğan 1 ədəd -50 manat, ədyallar 2 ədəd 35x35 -70 manat, yorğan üzü 4 ədəd 25x4 -100 manat, əl üz dəsmalları 6 ədəd 6x10 -60 manat, skaterlər 2 ədəd 2x40 -80 manat, top serviz 1 ədəd -50 manat, buludlar 5 ədəd -10 manat, qaşıqlar 12 ədəd -10 manat, padnoslar-nikel 2 ədəd -40 manat, elektrik termosu 1 ədəd - 70 manat, fincan naboru 6 ədəd -30 manat, stəkan 12 ədəd -12 manat, nəlbəki 12 ədəd - 12 manat, elektrik peçi 1 ədəd -50 manat, rakaviz 1 ədəd -100 manat, tava 2 ədəd -30 manat, nikel kastrul 1 ədəd -200 manat, 3 mərtəbəli qaşıq bıçaq dəsti 1 ədəd -100 manat dəyərində cehiz əşyalarını tələb edir. Cavabdeh göstərilən cehiz və hədiyyə şəklində ona verilmiş əmlaklarını ona könüllü qaydada vermək istəmir. Odur ki, məhkəməyə müraciət edərək, həmin əmlakların və 121 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o, sonuncu dəfə 2015-ci ilin oktyabr ayında evdən çıxıb getmişdir. Getməsinə səbəb qaynanası və baldızının onu döyməsi olmuşdur. Onlarla münasibətləri yaxşı olmamışdır, tez-tez mübahisələri olmuşdur. O, cavabdehlə 2010-cu ildə faktiki nikaha girmişdir. Nikah yaşına çatmadığından onlar nikahlarını sonra rəsmiləşdirmişlər. Qızıl-zinət əşyaları həmişə özündə olmuşdur, öz otağında mücrüdə saxlamışdır. Onun qızılları evdə yaşadığı müddət ərzində hər hansı şəxs özbaşına götürməmişdir. 2015-ci ildə dava-dalaş olduğundan atasına zəng edərək, onu çağırmış və onunla birlikdə atası evinə getmişdir. Gedərkən özü ilə heç nə götürməmişdir. Bir neçə gün keçdikdən sonra iddiaçı ona məxsus cehiz əşyalarının bir hissəsini Elman ona göndərmişdir. Əşyalar onun ad günündə, yəni noyabr ayının 7-də göndərilmişdir. Həmin vaxt onun yataq mebeli, mətbəx mebeli və bəzi qabqacaqları olmuşdur. Lakin, qızılları və iddia tələbində göstərdiyi digər əşyaları ona qaytarmamışdır. O, evdən gedərkən Cavabdeh evdə olmamışdır. Həmin vaxt Elman təsərrüfatla əlaqədar olaraq “dərə” deyilən yerdə olmuşdur. O, evdən getdikdən sonra qaynanası və baldızı tərəfindən döyülməsi barədə polisə şikayət etmişdir. Sözü gedən qızıl-zinət əşyaları onun toy mərasimində, cehiz əmlakları isə qızının ad günündə qeydə alınmış videgörüntüdə görünür. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iddiaçı izahatında bildirmişdir ki, əvvəllər əmlaklarını tələb etməməyinin səbəbi kimi atasının sağlığında həmin əşyaları tələb etməyə icazə verməməsi, həmçinin Cavabdeh ona hədə-qorxu gəlməsi olmuşdur. Atası 2024-cü ildə öldükdən sonra qeyd edilən tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmdə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Cavabdeh onun qardaşıdır. İddiaçı daha əvvəl hələ evli olduğu müddətdə 2012-ci ilin iyun ayının 29-da azyaşlı uşağı da ataraq evdən çıxıb getmişdir. Onun evdən getməsi barədə onların ailəsi və Aynurun atası polisə müraciət etmişlər. 10 gün sonra o, tapılmış və evə gətirilmişdir. Deyilənə görə guya o, rəfiqəsinin yanına gedibmiş. 1 il sonra yəni 2013-cü ilin iyul ayında yenidən o, evdən getmişdir. Gedərkən qızılları və pulları evdən götürüb aparmışdır. Bu məlumatları o, mərhum anasından eşitmişdir, çünki o, həmin vaxt tələbə olmuşdur. İddiaçının iddia ərizəsində tələb etdiyi qızıl zinət əşyalarına münasibətdə qeyd edir ki, həmin əşyalar brilliant olmamış, Aynur üçün bir ədəd orta naziklikdə sep, bir ədəd komplekt sırğa-üzük və bir ədəd nişan üzüyü alınmışdır. Qalan qızıllar olmamışdır. Hansı ki həmin qızılları Aynur 2012-ci ildə evdən çıxıb gedərkən özü ilə aparmış və qayıtdıqda da qızılları gətirməmişdir. 2013-cü ildə də evə qayıdanda qızıllar olmamışdır. Həmçinin, onun gətirdiyi cehizlər az miqdarda olmuş, evin digər əşyaların bəzilərini Elman evlənməmişdən əvvəl, bəzilərini də evləndikdən sonra almışdır. Aynurun sonuncu dəfə birdəfəlik evdən getməsi ilə əlaqədar olaraq bildirmişdir ki, 25 oktyabr 2025-ci il tarixdə o, anası və vəfat edən bacısı ilə birlikdə evdə olduqları zaman Elman həmin vaxt təsərrüfatla əlaqədar “dərə” deyilən ərazidə olmuş, Aynur isə onlarla birlikdə evdə olmuşdur. Vəfat edən bacısı saat 3-4 radələrində telefonun adapterini götürmək üçün Aynurun qaldığı ikinci mərtəbəyə çıxmışdır. Həmin vaxt orada həmkəndliləri olan Elvin adlı şəxsin qayışını bağladığını və ayaqqabılarını geyindiyini görmüşdür. O, Elvinlə tutuşmuş və Elvin də evdən çıxıb qaçmışdır. Həmin vaxt o, bacısının səsinə oyanmış və ikinci mərtəbəyə çıxmağa gedərkən bir nəfərin qaçıb getdiyini görmüşdür. Bundan sonra o, yuxarı çıxmış və bacısı ona demişdir ki, gələn Elvin idi. Bundan sonra onlara aydın olmuşdur ki, Elvin görüşmək üçün Aynurun yanına gəlmişdir. Evdə söz-söhbət olduğundan Aynurun atası elə həmin vaxt gəlib Aynuru özü ilə götürüb aparmışdır. Həmin vaxt Elmanın olduğu yerdə mobil telefon yaxşı işləmədiyindən onunla əlaqə saxlaya bilməmişlər. Lakin, səhəri gün Elman evə gəldikdən sonra hadisədən xəbərdar olmuşdur. Daha sonra isə noyabr ayının 7-də Aynurun ad günündə onlar Aynura aid olan cehiz əmlakları maşına yığaraq onun atası evinə göndərmişlər. Onun heç bir əşyası evdə qalmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin vəsatət və ərizələrlə məhkəməyə müraciətlər etmişdir. Cavabdehin etirazı: Cavabdeh xx.xx.2025-ci il tarixdə elektron qaydada məhkəməyə ərizə ilə müraciət edərək ərizəsində göstərmişdir ki, iddiaçı X11 tərəfindən iddia ərizəsində onların ailə qurduqları tarixi düzgün göstərməmişdir. Onlar iddiaçının dediyi kimi 2014-cü ildə deyil, 2010-cu ildə faktiki ailə qurmuş və xx.xx.2011-ci ildə X9 adında övladları anadan olmuşdur. İddiaçının faktiki nikaha girdikləri tarixi düzgün göstərməməsinin səbəbi onun 29 iyun 2012-ci ildə evdən çıxıb başqa şəxslə getməsi və yerinin məlum olmaması olmuşdur. İddiaçı gedərkən qızıl-zinət əşyalarını və 3500 manat məbləğində pulu evdən aparmışdır. Onun həmin tarixdə itkin düşməsi ilə bağlı tərəfindən və iddiaçının atalığı tərəfindən polis orqanına müraciət edilmişdir. Təxminən 20 gün sonra onu polislər tapıb atalığının evinə gətirmişdir. Bundan 1 il sonra barışıq olmuş və o evə gəlmişdir. O, evə gəldiyi zaman qızılzinət əşyaları və 3500 manat pul üzərində olmamışdır. Ona verilmiş və evdən qaçdığı zaman apararaq qaytarmadığı qızıl-zinət əşyaları 1 ədəd qızıl üzük və bir cüt qızıl sırğa dəsti ümumi 5 qram, 583 əyyar, 1 ədəd nişan üzüyü 3 qram 583 əyyar və 1 ədəd qızıl zəncir 6 qram, 583 əyar olmuşdur və 2012-ci il tarixdə evdən başqa şəxslə qaçdığı zaman apararaq qaytarmamışdır. İddiada göstərilən ev əşyaları ilə bağlı bildirir ki, 2010-cu ilin iyun 14-də toy olmuşdur və onun gətirdiyi cehiz əşyaları kamera ilə çəkilmişdir və həmin video çəkiliş iddiaçıdadır. İdiaçı cehiz gətirdiyi əşyalarını düzgün göstərməmişdir. Onun gətirdiyi cehiz əşyaları 1 ədəd termo, 1ədəd şifoner, 1 ədəd taxt, taxtın yanında 2 ədəd tumba və 1 ədəd çilçıraq gətirmişdir. O, evdə olduğu zaman evə digər ev əşyaları almışdır. xx.xx.2015-ci il tarixdə onu xəyanət etdiyi zaman başqa şəxslə tutmuşlar, atalığına zəng etmişlər, o, gəlib qızlığını aparmışdır. xx.xx.2015-ci ildə ona aid olan və əli dəyən heç bir əşyanın evlərində olaması üçün cehiz gətirdiyi əşyaları və sonradan aldıqları əşyaları X1 yük maşını ilə atalığının evinə göndərmişlər. Həmin əşyaların qablaşdırılmasına və maşına yüklənməsinə X7, X4, X12, X3 etmişdir. Bununla da iddiaçının onda heç bir qızıl-zinət və ev əşyası qalmamışdır. Bu səbəbdən ayrıldıqları 10 il müddətində həmin əşyaları ondan tələb etməmişdir. Hal-hazırda idda verməsinin səbəbi ondan əlavə pul qoparmaqdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş edir. Bundan başqa digər ərizəsində göstərmişdir ki, İddiaçı ilə ailə münasibətləri xx.xx.2015-ci il tarixdə kəsilmişdir, həmin tarixdə atalığı onu evinə aparmışdır. Əmlak tələbinə dair mövcud iddia 10 ilə yaxın müddət keçdikdən sonra vermişdir və bununla da iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Göstərilənlərə əsasən iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin, vəsatətlə müraciət edərək, İddiaçı cehiz gətirdiyi əşyaları iddiaçının atalığının evinə maşını ilə aparmış Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayan X2, X7, X4, X12 və X8 şahid qismində dindirilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, işdə iştirak edən şəxslərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şəbəsində 01 may 2023-cü il tarixdə nikah bağlanmış, bu barədə 384 saylı qeyd var və nikah bağlandıqdan sonra ərə (arvada) İslamov (a) soyadı verilmişdir. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah qeydi 08 yanvar 2018-ci il tarixdə ləğv edilmişdir. İddiaçı sorğusuna cavab olaraq tələb olunan qızıl-zinyət əşyalarının indiki orta bazar qiymətlərinə uyğun təxmini dəyərləndirilməsinə dair mütəxəssis Abdullazadə Yaşar tərəfindən verilmiş rəydən görünür ki, 10 qаmlıq 583 əyyаrlı 1ədəd Sep kordinal 900 mаnаt, 2 qrаmlıq 583 əyyаrlı 1 ədəd Bilərzik 180 mаnаt, 5 qrаmlıq 583 əyаrlı 1 ədəd Sep tros 450 mаnаt, 10 qrаmlıq 583 əyyаrlı Komplekt (briliyant qaşlı ) (üzük -1cüt sırğa) 1200 mаnаt, 3 qrаmlıq 583 əyyаrlı 1 ədəd üzük 270 mаnаt, 2 qrаmlıq 583 əyyаrlı 1 ədəd üzük sadə 180 mаnаt dəyərində, 2.5 qrаmlıq 583 əyyаrlı 1 ədəd üzük qaşlı 240 mаnаt, 2 qrаmlıq 583 əyyаrlı 1 ədəd üzük 180 mаnаt, 4 qrаmlıq 583 əyyаrlı 1 ədəd üzük Pxalava 350 mаnаt, 3.5 qrаmlıq 583 əyyаrlı 1 ədəd üzük qaşlı 300 mаnаt, 5 qrаmlıq 583 əyyаrlı 1 ədəd üzük nişan (brilyant qaşlı) 750 mаnаt dəyərində, cəmi 5000 manat dəyərində qiymətləndirilmişdir. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı mеdiаsiyа sessiyasının keçirilməsi üçün 50 mаnаt, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumunа görə 70 manat pul ödəmişdir. Məhkəmə iclasında toy mərasimini əks etdirən videogörüntülərin yükləndiyi CD diskə və fotoşəkillərə baxış keçirilmiş, baxış zamanı müxtəlif şəxslər tərəfindən gəlinlik paltarını geyinmiş İddiaçı boynuna seplər və əl barmaqlarına üzüklərin taxıldığı müşahidə edilmişdir. Eyni zamanda İddiaçı qızının 1 yaşı ilə əlaqədar keçirilmiş ad günü tədbirinin görüntülərinin olduğu CD diskə baxış keçirilərkən, İddiaçı Elman Abıyevlə birlikdə yaşadığı evin qonaq otağında olan əşyaları göstərərək tələb etdiyi əşyaların bəzilərini göstərmişdir. Əsaslandırıcı hissə: İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçıya toy mərasimi zamanı qızıl-zinət əşyaları hədiyyə verilmiş və o, cavabdehin evinə gələrkən cehiz əşyaları gətirmişdir. Lakin, tələb edilən qızılların və cehiz əşyalarının bir qisminin ümumiyyətlə mövcud olmaması ilə bağlı cavabdeh etirazını bildirmiş, eyni zamanda ümumiyyətlə qızılların və cehiz əşyalarının onda olmadığını, iddiaçının özündə olduğunu göstərərək iddianı qəbul etməmişdir. Məhkəmə birgə nikah dövründə ər-arvada hədiyyə verilmiş əmlakların hüquqi rejimini tənzimləyən aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə qeyd edir ki iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.
1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;
3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Bu cür iddia tələbi ilə bağlı olaraq nəzərə alınmalıdır ki, müvafiq iddianı sübutetmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi əşyaların cavabdehin mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı qızıl-zinət və cehiz əşyalarının mövcud olmasını, qızılları evdən çıxarkən özü ilə aparmadığını, həmin qızılların və cehiz əmlaklarının alınaraq ona verilməsini iddia etdiyindən sübutetmə yükünə uyğun olaraq həmin tələbi də sübut etmək iddiaçının vəzifəsi hesab edilməlidir. Cavabdeh iddia edilən qızılların və cehiz əşyalarının bəzilərinin mövcud olduğunu etiraf etdiyindən iddiaçı cavabdehin etirafı hissəsində qızılların və cehiz əşyalarını mövcud olması hissəsində sübut etmək vəzifəsindən azad olmuş, lakin cavabdehin etirazı olaraq qəbul etmədiyi qızıl və cehiz əşyalarının mövcud olduğunu sübut etmək vəzifəsi cavabdehə keçmişdir. Həmin hissədə məhkəmə qeyd edir ki, cavabdeh tələb etdiyi cehiz əşyalarının hələ də cavabdehin yaşadığı evdə oduğunu təsdiqi üçün məhkəməyə təqdim etdiyi ad günü tədbirinin görünülərini əks etdirən video materiala baxılarkən orada görünən bəzi əşyaların ona məxsus olduğunu bildirsə də, həmin görüntülərdə olan əşyaların məhz iddiaçıya məxsus olması qənaətinə gəlmək mümkün deyildir. İddiaçı həmin göstərilən əşyaların cavabdeh tərəfindən evlənməmişdən əvvəl və yaxud evləndikdən sonra alınmadığını təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmin əşyaların mövcudluğu hələ həmin əşyaların məhz iddiaçını tərəfindən alınması nəticəsinə gəlinməsinə imkan vermir. Qızıllarla bağlı isə məhkəmə qeyd edir ki, toy mərasimi zamanı çəkilmiş videogörüntülərdən aydın olur ki, həqiqətən də iddiaçının tələb etdiyi sayda qızıllar ona hədiyyə edilmişdir. Məhkəmə iddia tələbinə qiymət verərək göstərir ki, işə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, iddiaçı 25 oktyabr 2015-ci il tarixə evdən getdiyi vaxt cavabdeh evdə olmamış, cavabdehin anası və bacıları ilə aralarında yaranmış mübahisə ilə əlaqədar olaraq atasına zəng edərək yaşadığı evə çağırmış, atası ilə birlikdə evdən çıxmışdır. Evdən çıxdıqdan sonra qızıl-zinət və cehiz əşyaları tələbi ilə bağlı cavabdehə müraciət etməmiş, eyni zamanda bununla bağlı məhkəmədə iddia qaldırmamışdır. Yalnız Təxminən 10 ilə yaxın müddət keçdikdən sonra iddiaçı qızıl-zinyət əşyaları və cehiz əşyaları tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda müəyyən edilir ki, xx.xx.2015-ci il tarixdə iddiaçıya məxsus cehiz əşyaları yük avtomobili ilə iddiaçının yaşadığı ünvana göndərilmişdir. İddiaçı bu halı özü də təsdiq etmiş, lakin həmin vaxt cehiz əşyalarının tam şəkildə ona göndərilmədiyini bildirmişdir. İddiaçı yaranmış ciddi narazılıqlar səbəbindən, yəni küskün şəkildə evdən getdikdən sonra bahalı hesab edilən qızıl-zinyət əşyalarının uzun müddət keçdikdən sonra tələb etməyə başlamışdır. Əksinə yaranmış vəziyyətə uyğun olaraq ərinə və onun yaxın qohumlarına qarşı acıqlı formada olan iddiaçı bu tələbi daha tez irəli sürməli idi və yaxud sürə bilərdi. Həmçinin iddiaçı izahatında daim olaraq qızılları öz yataq otağında mücrü qabının içərisində saxladığını, evdə yaşayan heç kəsin evdən çıxıb getdiyi vaxtadək onun qızılını götürmədiyini qeyd etmişdir. Həmçinin, bir neçə dəfə cavabdehlə aralarında yaranmış mübahisə ilə əlaqədar evdən çıxaraq atasıgilə getdiyini etiraf etmişdir. Göründüyü kimi, iddiaçının evdən bir neçə dəfə çıxaraq atasıgilə getməsi və qızılların isə yalnız özünün sahibliyində olmasına əsasən onun həmin qızılları özü ilə aparması istisna olunmur. Bütün bu hallar da iddiaçının tələbinin və tələbinə uyğun olaraq səsləndirdiyi ifadələrin, yəni cavabdehin qızılları və cehiz əşyalarını özündə saxlayaraq ona verməməsi ilə bağlı bildirdiklərinin həqiqətə uyğun olmaması fikrini məhkəmədə formalaşdırır. Göründüyü kimi, iddiaçının tələb etdiyi qızıl-zinət və cehiz əşyaları ilə bağlı sübutetmə yükü iddiaçının üzərində olmuş və bununla bağlı da onun tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə şahid qismində dindirilmiş X5 cavabdehin doğma bacısı olduğundan onun xeyrinə izahat verməsi ehtimalını da nəzərə alaraq hesab edir ki, şahidin İddiaçı sonuncu dəfə 25 oktyabr 2025-ci il tarixdə evdən çıxıb getmə şəraiti və vaxtı ilə bağlı göstərdikləri iddiaçının özü tərəfindən də qəbul edildiyindən həmin hissədə onun bildirdiklərini həqiqətə uyğun məlumatlar kimi qəbul edilməlidir. Məhkəmə cavabdehin iddiaçının 3 illik iddia müddətini keçirməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsi ilə bağlı ərizəsinə münasibət bildərərək qeyd edir ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. İddia tələbindən də göründüyü kimi iddiaçının tələbi birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi deyil, özünə məxsus əşyaların tələb edilməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Məhkəmə hesab edir ki, qeyd edilən iddia tələbinə 10 illik iddia müddəti aid edilməlidir. Belə olan halda iddiaçı iddia müddətini keçirməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən iddia tələbinə 3 illik iddia müddətinin tətbiq edilməklə rədd edilməsi ilə bağlı cavabdehin etirazını əsaslı hesab etmir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Daha sonra həmin Qəraqda qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır.
Nəticə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 238, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və mediasiya xərcinə görə ödənilmiş pul vəsaiti İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Coşqun Abdullayev