Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-116/2025 31.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı, Cavabdeh, həmçinin MirCavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və MirCavabdeh2 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: Mərhum əri X5 ilə xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahdan övladı olmamışdır. X8 uzun sürən xəstəlikdən sonra xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mərhum əri Pərviz Abdullayevlə birgə nikahda olarkən alğı-satqı müqaviləsi əsasında onun adına BMW 530 minik markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobili almışlar. Pərviz Abdullayev vəfat etdikdən sonra onun valideyinləri onu yola vermədiklərindən evi tərk etmək məcburiyyətində qalmışdır. Mərhumun 40 mərasimini keçirdikdən sonra onlarda olan cehiz əmlaklarını götürmüşdür. Lakin cavabdehlər avtomobili götürməyə imkan verməmişlər. O, Masallı Rayon Məhkəməsinə miras əmlakın qəbul edilməsi tələbi barədə iddia qaldırmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-1109/2024 saylı qətnaməsinə əsasən iddia tələbi tam şəkildə təmin edilmiş və avtomobilə qanun üzrə vərəsə kimi tanınmışdır. Həmçinin sözügedən qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Masallı regional Asan Xidmət mərkəzində yerləşən Notariat ofisinə göndərilmişdir. O, Notariat ofisində olmuş və ona qanun üzrə vərəsəlik şəhadətnaməsi və mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Qətnaməyə əsasən mülkiyyətinə verilmiş avtomobili cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində öz adına sənədləşdirə bilmir. Yəni avtomobil cavabdehlərin evindədir və cavabdehlər avtomobili ona vermirlər. Avtomobil onda olmadığından DİN-in 5 saylı X6 sənədləşmə işlərini apara bilmir. Bu barədə cavabdehlərdən dəfələrlə xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının tələbi: Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli 2(050)- 1109/2024 saylı qətnaməsinə əsasən onun mülkiyyətinə verilmiş BMW 530 minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər Cavabdeh1 və X1 qanunsuz sahibliklərindən geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh, həmçinin MirCavabdeh2 nümayəndəsi Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, mərhum oğlundan qalmış avtomobilin cavabdehə verilməsinə razı olmadıqlarını, avtomobilin hazırda onlara məxsus evin həyətində saxlandığını bildirmiş və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2024-cü il tarixli Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı Lənkəran RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AD965758 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WBANA710X0B601217 və buraxılış ili 2003-cü il olan BMW 530 minik markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobildən ibarətdir. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı BMW 530 minik markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsindən ibarətdir. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçıdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Lənkəran RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AD965758 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WBANA710X0B601217 və buraxılış ili 2003-cü il olan BMW 530 minik markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobildən ibarətdir. əmlakın ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-1109/2024 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş AD N 965758 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göstərilən xx.xx.2023-cü il tarixdə ölmüş X2 miras qalmış ** SV *** dövlət qeydiyyat nömrəli, BMW 530 minik markalı avtomobil vərəsə İddiaçı tərəfindən faktiki qəbul edilmiş hesab edilmiş və o həmin miras əmlaka qanun üzrə vərəsə kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2024-cü il İddiaçı ünvanlanmış məktubundan görünür ki, BMW 530 minik markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilin adına qeydiyyata alınması məqsədilə müayinədən keçirilməsi, axtarışda olub-olmamasının yoxlanılması və digər prosedur qaydalarının yerinə yetirilməsi üçün adı çəkilən nəqliyyat vasitəsinin baxışa təqdim edilməsinin və şəxsən onun Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə gəlməyinin vacibliyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-1109/2024 saylı qətnaməsinə əsasən AD N 965758 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göstərilən xx.xx.2023-cü il tarixdə ölmüş X2 miras qalmış ** SV *** dövlət qeydiyyat nömrəli, BMW 530 minik markalı avtomobil vərəsə İddiaçı tərəfindən faktiki qəbul edilmiş hesab edilmiş və o həmin miras əmlaka qanun üzrə vərəsə kimi tanınmış və qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Hazırda iddiaçı qanunsuz sahiblikdə olan avtomobilin cavabdehlərdən alınıb ona verilməsini tələb edir. Məhkəmə iclasında Cavabdeh1 avtomobilin ona məxsus evin həyətində olduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. Avtomobil üzrə İddiaçı qanun üzrə vərəsə kimi tanınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli 2(050)-1109/2024 saylı qətnaməsinə əsasən İddiaçı mülkiyyətinə verilmiş BMW 530 minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlər Cavabdeh1 və X1 qanunsuz sahibliklərindən geri alınmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli 2(050)- 1109/2024 saylı qətnaməsinə əsasən İddiaçı mülkiyyətinə verilmiş BMW 530 minik markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlər Cavabdeh1 və X1 qanunsuz sahibliklərindən geri alınsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-116/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-116/2025
31.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver